KÜÇƏ DƏBİ: Nyu York Moda Həftəsi

 

 
 
9-16 fevral aralığında baş tutan Nyu York Moda Həftəsi dünyanın ən önəmli dizaynerlərinin kolleksiyalarını bizlərə tanış etdi. Moda həftələrinin şübhəsiz ki, ən gözəl tərəfi küçələrdə bir-birindən diqqət çəkici, ilham verən, növbəti mövsümlərin trendlərini təyin edəcək kombinləri izləyə bilməmizdir.

Soyuq və qarlı Nyu York küçələrində fotoqrafların obyektivlərinə tuş gələn rəngarəng kombinlər şəhərin kəskin havasını bir az da olsa isidib. Podiumda nümayiş olunan kolleksiyalar göz qamaşdırsa da, moda dünyasının tanınmışları və dəbsevərlər də öz küçə stilləri ilə həmişəki kimi diqqətdən yayınmayıblar. Küçədəki geyimlərdə istifadə olunmuş canlı rəng çalarlarından tutmuş aksessuarların uyğunluğuna qədər hər kiçik detal nəzərə çarpacaq qədər göz oxşayır. Xüsusən qırmızı, çəhrayı, mavi və narıncı tonlar önə çıxan rənglərdən olmuşdur. Qarlı küçələrin bəyazlığı ilə yarışan ağappaq və yazın gəlişini xatırladan yaşıl, qəhvəyi tonlardakı kombinlər, iri ölçülü üst geyim, şalvar və çəkmələr fəslin ahənginə və şəhərin dəbdəbəsinə uyğun olaraq bir-birini tamamlamışdır.

Makiyajda minimallıq, aksessuarlarda isə klassika tərəfdarları daha çox üstünlük təşkil edir. Nyu York moda həftəsində diqqət çəkən nüanslardan biri də orijinallıqda güzəştə getməyən şəhər sakinlərinin şəhərin boz küçələrini rəngə boyayan al-əlvan və əsasən qısa kəsilmiş saçlarıdır

Küçədə istifadə olunan brendlər, hazırlanan kombinlər çox zaman yeni moda axınlarının başlanğıcı olur. İlham ala biləcəyiniz Nyu York moda həftəsinə qatılmış bir-birindən fərqli dəbsevərləri sizlərə təqdim edirik.
 
 
Hazırladı: Nərgiz Vəliyeva
 
 































 
 

Şərhlər

Menyu