Notes De Asli bloqu | “Mənim Payım” kitabı. Qadınların həyatına başqa pəncərədən baxaq.


 

Kitabları nəyə görə seçirsiniz? Üz qapaqlarına, müəllifinə, yoxsa mövzusuna görə?
Mənim bu dəfə haqqında yazacağım kitabı üz qapağına görə seçmək mümkün deyil. Çünki dizaynını sevmədim və düşünürəm ki, daha uğurlu üz qapağı ola bilərdi. Müəllifdən isə ilk oxuduğum əsər idi. Geriyə qalır mövzusu. Təkcə İran qadınlarının əzablı həyat hekayəsi yox, min bir çətinliklərdən keçən və sonda hələ də ayaqda qalıb mübarizəyə davam edən bütün qadınların talelərindən bəhs edən kitablar mənə həmişə maraqlı olub. Artıq əvvəlki cümləmdən də aydın olduğu kimi bu dəfə haqqında danışacağım Pərinuş Səninin (Parinoush Saniee) “Mənim payım” (The Book Of Fate) əsəri İran qadınlarının həyatını qələmə alan bir kitabdır.

Düşünürəm ki, bu kitabı ən gec oxuyanlardan biriyəm. Çünki mən artıq bu kitabı oxuduğum müddətdə istər universitetdə, istər liftdə kitabımı görənlər “aa mən də oxumuşam, çox yaxşı kitabdır” deyirdilər. Hələ üstəlik əsər barədə “spoiler” verməklərindən də qorxduğumu xüsusi vurğulamalıyam. 😀
Kitabımız bir vaxtlar qadağan olunmuş əsərlər siyahısında olub. Təbii ki, bunun kitabın üz qapağında qeyd edilməsi də oxucu cəlb etmək üçün ayrıca marketinq taktikasıdır.

İndi isə gələk kitab barədə düşüncələrimə. Kitab haqqında bir cümlə olaraq deyə bilərəm ki, kitab iranda doğulub böyüyən və oxuyaraq daha müstəqil olmağa, yaşadığı mühitdən uzaqlaşmağa çalışan qızın – Məsumənin həyat hekayəsidir. Kitabın bir üstün cəhəti olaraq qeyd edim ki, müəllif əsərdə sadəcə müəyyən hadisələri, məişət problemlərini bəhs etməklə kifayətlənməyib. İranda hər dövrün hakimiyyət rejimi, yaranmış siyasi qruplar, xalq arasında formalaşan siyasi fikir və dinə münasibətləri də oxucuya çatdırılıb. Düşünürəm ki, bu da biz oxucuların əsəri başa düşməsinə, xüsusən də Məsumənin hansı şəraitə rəğmən bu addımları atdığını az da olsa anlamasına kömək edir.

İran həyatı dedikdə çadralı qadınlar, kişilərin hökmranlıq etdiyi ailələr, dinin insanların, xüsusən də qadınların həyatını necə ələ keçirməyi ağla gələn ilk düşüncələrdir. Əsər boyu Məsumənin kiçik yaşlarından nənə olacağı yaşa qədər – bütün bunlar fonda səslənən musiqi kimi oxucunu müşayiət edir. Oxuduqca bəzən özümü həmin hüquqları önəmsənməyən, fikirlərinə əhəmiyyət verilməyən qadınların yerinə qoymağa çalışdım və başa düşdüm ki, düşüncəsi belə insanı narahat edir. Halbuki, başda Məsumə olmaqla, anası, bacısı və səsləri boğulmuş, hüquqları, seçimləri əllərindən alınmış digər bütün İran qadınları bizim heç vaxt başa düşə bilməyəcəyimiz bir həyatı yaşamağa məcbur edilmiş qadınlardır. Onların həyata gətirilməsinin utanc sayıldığı ailələrdə böyümələri və həyatlarının sonuna qədər layiq olmadıqları halda öz ailələri, ətrafları və qonum-qonşuları üçün özlərini yaxşı həyat yaşamaqdan məhrum etmələri, öz seçimlərini, istəklərini bir kənara qoyub onların düşüncələrini rəhbər tutaraq hərəkət etmələri kitabı oxuduqca insanı sarsıdan şeylərin hələ bir hissəsidir. Hələ kitabı oxuduqca fikri alınmadan, yalnız toy günü masada əyləşəndə üzünü gördüyü kişi ilə evləndirilən Məsumənin qəlbində əsl  məhəbbətinə qarşı sevgisinin bitmədiyini, onu qəlbindən, düşüncələrindən silib atmadığını görəndə və üstəlik bütün buna rəğmən gəncliyini ata-ana fikrinə görə qurban verən və yaşlandığında da övladlarının tənqidinə üzündən fədakarlıq edib xoşbəxt olmağı özünə çox görən bu qadının həyatını oxuduqda gözlərinizin dolmağına, içdən içə onun halına yanmağınıza mane ola bilməyəcəksiniz.
 


 

Əsəri oxuyan zaman avtobioqrafik əsər olduğunu xatırlayıb Məsumənin, yəni Pərinuş Səninin həyatı haqqında bir az internetdə axtarış etdim və ən çox necə göründüyü maraqlı olduğu üçün şəkillərinə baxdım. Baxdım və fikirləşdim ki, bu qadın o balaca Məsumədirmi? Yəni bir insanın uşaqlıqdan 50-60 yaşına qədərki yaşadığı əsas hadisələri, keçirdiyi hissləri oxuyub hiss edirsiniz və bir növ onunla birgə bu yaşa gəlib çatırsınız. Sonda isə, o insanın həyatda necə biri olduğunu görmək, realda tanımaq istəyi yaranır. Əslində bilmədən kitab boyu həmsöhbət olursunuz , bir şeylər paylaşırsınız. Kitab oxumağı bir o qədər də əvəzedilməz edən bu hiss deyilmi?! 🙂

Sonda, mən Məsumədən çox şey öyrəndiyimi deyə bilərəm. Kitabın çox yerində qadın olaraq onun xarakterinə heyran oldum, hətta qibtə etdim. Hər şeyə rəğmən mübarizə aparan, dözümlü, səbrli və ən əsası oxumaq, təhsil almaq eşqi bitməyən Mənsumə mənim gözümdə elə bir yerə qalxdı ki… Amma sonu mənim üçün elə də ürəkaçan olmadı. Çünki 18-19-cu illərdə yaşamış Cenni Herhartla 20-ci əsrdəki Məsumənin elə bir fərqi yox idi. Düzdü, əslində İranla Avropa mədəniyyətini, düşüncə tərzini müqayisə etmirəm. Demək istədiyim odur ki, qadın hər zaman öz fədəkarlıqları ilə qadındır. Fərqi yoxdur bu İran qadınıdır, yoxsa başqa bir ölkənin.

“Mənim payım” oxuyub zövq alacağınız, sizə çox şey qatacağını düşündüyüm kitabdır.  Əgər az da olsa öz olduğunuz şəraitdən fərqli mühitə, qadınların həyatına başqa bir pəncərədən baxmaq istəyirsinizsə, oxuyun bu kitabı!

Hər kəsə xoş mütaliələr diləyilə.
 
 
Hazırladı: Əsli Musayeva
www.notesdeasli.wordpress.com
Facebook: notesdeasli
Instagram: @notesdeasli

 

Şərhlər

Menyu