Pavlova desert. Bulud kimi bəyaz və yüngül.


 

Pavlova tortu
– bəyaz desert və ya nimçələrdəki üzəri giləmeyvələrlə bəzədilmiş kiçik buludlar..

Yeni Zellandiya və Avstraliyada məşhur olan Pavlovanı tort şəklində və ya daha kiçik formalarda hazırlamaq mümkündür.
Desert məhşur balerina Anna Pavlovanın şərəfinə belə adlandırılmışdır. Şef aşbaz bu deserti balerinanın ad günü üçün hazırlayır və deserti təqdim edərkən: “Anna Pavlova kimi havalıdır” deyir. Həqiqətən də bu desert çox yüngül və havalıdır.
Anna Pavlova 1926-cı ildə Yeni Zellandiya və Avstraliyada çoxlu qastrollarda olurdu. Həmin vaxtlar bir çox brendlər (konfet, ətir, geyim və s.) öz adlarını məşhur balerinanın şərəfinə Pavlova qoyurdular.
Bu desertin dadına gəlincə isə Pavlova heç kimi laqeyd qoymayacaq. Yüngül və ləzzətli – əsl yaz desertidir.
 

Lazım olan ərzaqlar:
– 1 çay qaşığı ağ üzüm sirkəsi
– 10 qr vanilli şəkər
– 4 ədəd yumurtanın ağı
– 180 qr şəkər tozu ( 1 stəkandan 1 barmaq aşağı)
– 3 çay qaşığı qarğıdalı nişastası
– yarım çay qaşığı limon suyu
 
Krem üçün:
– 1 xörək qaşığı şəkər kirşanı
– 250 ml yağlı qaymaq (35 %li)
– qarışıq giləmeyvələr

Hazırlanması:
Əvvəlcə yumurtaların ağını sarısından ayırın.
Şəkər tozundan 3 çay qaşığı ayırıb qarğıdalı nişastası ilə qarışdırın. Yumurta ağlarını kombaynın yumurta çırpmaq üçün olan başlığı ilə beze halına gətirin.
Əvvəlcə orta sürətdə yumurta ağlarına limon suyu əlavə edib çalın, bir qədər ağarmağa başladıqda az-az şəkər tozu və vanili əlavə edib qarışdırın. Yumurta ağları bərkiyib pik həddə çatanda mikseri söndürün. Qabı üzü aşağı tutduqda beze yerə tökülməməlidir. Sonra bezeyə nişasta-şəkər tozu qarışımını və sirkəni əlavə edib qaşıq ilə ehtiyatla yenidən qarışdırın. Soba listinə kalka kağızı yerləşdirib bezeni dairəvi və kənarları bir qədər hündür formaya gətirib sobaya qoyun. 100 dərəcəli sobada 1-2 saat bezeni tam quruyana qədər bişirin.
Krem üçün soyuq qaymağı kombaynın qabına töküb bərkiyənə qədər orta sürətlə qarışdırın və  üzərinə şəkər kirşanı əlavə edin.
Sonra bezelərin üzərinə bol krem çəkib yuyulub qurudulmuş giləmeyvələrdən düzün. Sevdiyiniz müxtəlif giləmeyvələrdən istifadə edə bilərsiniz.
Nuş olsun!

 

Hazırladı/ Foto: Müjgan Həsənli
 
 






 
 

Şərhlər

Menyu