Rena Osmanın bloqu | Yeni səyahət vərdişləri. Kompakt çamadan yığmağın sirləri.


 

Səyahət etməkdə sevmədiyim və bacarmadığım bircə şey var, o da çamadan yığmaq. Prosesin saatlarla yox, günlərlə davam etdiyini desəm, heç də şişirtmiş olmaram. İş orasındadır, mənə həmişə elə gəlir ki, bütün şkafı, hətta evi çamadana boşaltmasam yola çıxa bilmərəm.

Hər dəfəsində də artıq çəkiyə görə əlavə ödəniş etmək və götürdüyüm əşyaların yarısını istifadə etməmək belə vərdişimi tərgitməyə kömək olmurdu. Bu haqda oxuduğum saysız məqalələr, izlədiyim videolar belə vəziyyəti dəyişmirdi. Ta ki, məhdud ölçülü və çəkili baqajı olan bilet alana kimi. Xoş gəldin krizis!:)
Məhz bu zaman, kompakt çamadan yığmağın sirlərinə yiyələndim.
Sən demə, hər şey düşündüyümdən daha asan imiş!

 
 

#1

Bir həftə əvvəldən aparacağınız şeylərin siyahısını tutun. Bu zaman həm heçnəyi yaddan çıxarmayacaqsınız, həm çatışmayanları almağa vaxt olacaq və ən əsası hər əlinizə keçəni çamadana atmayacaqsınız. Axı o, zibil qabı deyil, çamadandır:)

 


#2

 

Hazırda bütün otellərdə otaqlar şampun, duş geli və sair gigiyenik vasitələrlə təchiz olunur. Lakin buna baxmayaraq, bəzi adamlar yalnız öz məhsullarından istifadə etməyə üstünlük verirlər. Belə olan təqdirdə, istifadə edəcəklərinizin səfərdə olacağınız müddətə bəs edəcək qədərini balaca borucuqlara töküb götürün. Bitirdikdən sonra isə onları geri gətirmək şərt deyil;)
 

 

#3

Bütün şəkillərdə fərqli geyimdə olmaq üçün hər köynəyə uyğun şalvar, hər şalvara uyğun ayaqqabı, hər ayaqqabıya uyğun çanta, hər çantaya uyğun bijuteriya (siyahı sonsuzdur) götürmək lazım deyilmiş. Ələlxusus da, planlarınızın başında şoppinq etmək durursa. Məsələn, mən son iki səfərimdə cəmi iki dəst geyim götürdüm və bütün şəkillərimdə yeni geyimlərimdə poza verdim.

#4

Gedəcəyiniz yerdə də dükan, aptek, market var. Eşitdiyimə görə özləri ilə yola hətta ərzaq məhsulları götürən insanlar da var. İstiqamətiniz Somali və ya Efiopiya deyilsə, getdiyiniz ölkədən ala biləcəklərinizi özünüzə yük etməyə dəyməz.
 

 

#5

Son model smartfonların demək olar ki, hamısı ilə keyfiyyətli şəkillər çəkmək mümkündür. Bundan başqa, son illərdə satışda məhz telefonla şəkil çəkərkən istifadə etmək üçün müxtəlif linzalar və sair vasitələrə rast gəlmək olur. Buna görə əgər siz professional fotoqraf deyilsiniz və səfərinizin məqsədi çəkilişlər deyilsə, ağır çəkili fotoaparat götürməyə ehtiyac yoxdur.

#6

Bir çoxları səfərin müddətindən asılı olmayaraq yola kitab götürməyi vərdiş ediblər. Məsələn, mən yarımçıq qalmış kitabı yolda oxuyub bitirməyi adət etmişəm. Lakin dövr yüksək texnologiya dövrüdür və sağ olsun smartfonlar və elektron kitablar.. Yola çıxmamışdan öncə istədiyiniz kitabı telefona və ya planşetə yükləməklə həm səfər boyu sevimli xobbinizdən uzaq qalmırsınız, həm də baqajınızın çəkisini artırmamış olursunuz.

Mənim özfəaliyyətim hələlik bundan ibarətdir. Bir əl çantası ilə uçmağı öyrənənə qədər öz üzərimdə işləyəcəm! 🙂
 
 
Hazırladı: Rəna Osman
 
 
http://renaosman.com/
Instagram: @renaosman
 
 

 
 

Şərhlər

Menyu