Dolce Gram Bloqu | Blanmanje deserti – əsl sevgi kimi zərif

 

 
 
Bəziləriniz Sevgililər Günü hədiyyələrini seçib, alıb, planlarını belə qurub. Siz isə hələ də onu necə xoşbəxt edəcəyinizi bilmirsiniz?
Sevdiyiniz üçün ən gözəl hədiyyə ona özünüzün sevgi ilə bişirəcəyiniz yeməklərdir. İçinə sevginizi, duyğularınızı qatdığınız, saatlarla onun üçün çalışıb hazırlayacağınız bir desertə, inanın ki, yox deyən tapılmaz.

Bu səbəbdən, Sevgililər Gününü zərif fransız deserti “blanmanje” ilə qeyd etməyi təklif edirəm. Fransızcadan tərcümədə blank (blanc) – ağ, manjer(manger) – yeyirəm deməkdir.

Mahiyyətcə blanmanje süddən hazırlanan jeledir. Əslində, orijinal reseptə riayət etməli olsaq, onda bu deserti badəm südü ilə hazırlamalıyıq. Ancaq müasir dövrdə blanmanjeni süd, qaymaq, kofe və hətta meyvə ilə də hazırlayıb təqdim edirlər.

Blanmanje olduqca yüngül və zərif bir desertdir. Əsl sevgi kimi… Odur ki, sevgiliniz üçün məhz bu deserti hazılamağı təklif edirəm. 🙂
 
 
Lazım olan ərzaqlar:
– 1 yemək qaşığı + 1 çay qaşığı jelatin
– 500 ml qaymaq ( yağlılığı 15-20% )
– vanilin
– 4 yemək qaşığı şəkər tozu
 
 
Hazırlanması:
Soyuq qaymağı dərin bir qabın içinə tökün, jelatini əlavə edin. Yaxşıca qarışdırın və 10 dəqiqə saxlayın ki, jelatin şişsin.

Vaxt tamam olduqda şəkər tozunu əlavə edin və qaymağı zəif odun üzərinə qoyun. Davamlı qarışdıraraq qaymağın qaynar hala gəlməsini gözləyin. Qaymaq isindikcə jelatin tam əriyəcəkdir.

Bir vacib məqamı nəzərinizə çatdırmaq istəyirəm – qaymağı əsla qaynatmaq olmaz, əks təqdirdə jelatin öz xususiyyətlərini itirəcək və desertiniz alınmayacaq!

Ən sonda vanilin əlavə edin və qaynar qaymağı ocaqdan götürün. Əvvəlcədən hazırlanmış qablara tökün, biraz ilıqlaşmasını gözləyin və sonra üstünə streç çəkib soyuducuda 2 saat saxlayın.

Vaxt tamam olduqda bərkimiş jeleni qablardan çıxarın. Mən silikon qablardan istifadə etdiyim üçün çıxarmaqda heç bir problem olmadı. Əgər siz şüşə və ya başqa qabdan istifadə edəcəksinizsə, onda qabı 1-2 saniyə qaynar suya salın və sonra tərs çevirərək jeleni asanlıqla çıxarın.

Hazır blanmanje desertini müxtəlif giləmeyvələr və vanilli pudinq ilə təqdim edə bilərsiniz.
 
 
Hazırladı: Mehriban Məmmədova
https://mydolcekitchen.blogspot.com 
Instagram: @dolce_gram
 
 



 
 

Şərhlər

Menyu