Dəbdən düşməyən zolaqları bu mövsümdə yenidən qarşıla

 

 
 

Zolaqlı geyimlər illərdir dəbdən düşməyən zamansız printlərdəndir.
Bu geyimlər daim xanımların qarderobunda olması gərəkən komponentlərdəndir desək, yəqin ki, yanılmarıq.
Hətta onları daima ehtiyacımız olan qara libaslarla da eyniləşdirə bilərik.
Zolaqlı geyimlər həmçinin çox funksiyalıdır. Həm praktik, həm də şıq görünə bilmə xüsusiyyətləri vardır. Bu geyimləri sadə, günlük kombinlərinizdə rahatlıqla istifadə edə biləcəyimiz kimi, onlarla zərif, şıq və qadınsı bir obraz da yarada bilərik.

Zolaqların qarderobumuzun ən çox sevilən və olmazsa olmaz printlərindən biri olmasının təməl səbəbi isə asan və müxtəlif formalarda kombinlənə bilmələridir. Hər hansı uzunluqdakı ətəkləri, cinsləri zolaqlı bluzalarla kombinləmək gündəlik istifadə üçün ən klassik və sevilən seçimdir.

 

Lakin zolaqlı geyimləri elementarlıqdan uzaq müxtəlif yollarla kombinləmək və orijinal obrazlara bürünmək də mümkündür. Bu zaman ortaya müasir və dəbli görüntüsü ilə moda tendensiyalarına uyğunlaşan günlük luklar çıxacaq.

 

MÜXTƏLİF ÖLÇÜLÜ ZOLAQLAR.

Geniş və dar zolaqların eyni kombində istifadəsi fərqli obrazlara bürünməyi sevən modabaz xanımların sevəcəyi görünüş yarada bilər. Xüsusən də dar zolaqlı “oversize” sviterlər və geniş zolaqlı zərif materiallı şalvarlarla bir arada geyinsəniz, moda tendensiyalarını yaxından izlədiyinizi bəlli edəcəksiniz.

 

 
 

ZOLAQLI HARMONİYA.

Zolaqları digər naxışlar və printlərlə tamamlamağa tərəddüd etməyin. Məsələn, çiçək elementləri ilə bütünləşmiş bir üst hissə və zolaqlı şalvarınızla eleqant tərz yaradın. Bu zaman elementarlıqdan yana olmaq gərək deyildir. Müstəsna bir zolaq seçin və onu maraqlı bir üst hissə ilə tamamlayın. Seçəcəyiniz şaquli zolaqlı şalvarlar həmçinin boyunuzun da vizual olaraq daha hündür görünməsinə səbəb olacaq.
Daima uğurlu kombinasiya olan sadə ağ-qara zolaqları da müxtəlif rənglərlə və rəngli zolaqlarla qovuşdura bilərsiniz. Geniş rəngli zolaqlar ağ və qaranın kombinasiyası ilə ən doğru seçim olacaq.
 
Zolaqları həmçinin fərqli tərzlərdə kombinləmək mümkündür. Məsələn, oxşar zolaqlı ətək, şort və “top”-ları kombinləyib monoxrom tərzə ən şıq nümunələr qazandırın. Ağ-qara yenə burada ən eleqant seçimdir. Burada ətək, şalvar və üst hissələr bir-birini tamamlayacaq və kostyum effekti yaradacaq.

 

 
 

KLASSİKA.

Parlaq və zəngin kombinasiyalara klassik zolaqları əlavə edərək həm eleqantlığı, həm də dəbdəbəni bir arada ifadə etməyə çalışa bilərik. Zolaqlı klassik pencəklər və ya jiletlər istənilən imicə dinamika qatır. Bu tərzdəki geyimlər eleqant və şıq tərzə sahib insanların seçimidir.

 

Tipik və elementar zolaqları unudun və parlaq, rəngarəng, qeyri-adı olanları yoxlamağa çəkinməyin.
Bir-birindən fərqli zolaqları geyinmənin ən eleqant yollarını tətbiq etməklə müxtəlif moda yeniliklərini, ən son trendləri öz üzərinizdə əks edəcəksiniz.

 
 

Hazırladı: Nailə İskəndərova
 
 





  












 
 

Şərhlər

Menyu