Dolce Gram Bloqu | Mərakeş Sayağı Portağallı Qırmızı Çuğundur Salatı


 
 
Mərakeş mətbəxi deyəndə yəqin ki, bir çoxlarının ağlına yağlı, yüksək kalorili yeməklər, həddən ziyadə şəkərli, ballı şirniyyatlar gəlir. Mən də bu yaxın zamanlaradək belə düşünürdüm. Təsadüfən bir mərakeşli bloqerin yemək saytında bu portağallı çuğundurlu salatı görəndə mənə çox marağlı gəldi. Sən demə, bu cür meyvəli tərəvəzli salatlar Mərakeşdə ənənəvi olaraq ət yeməklərindən əvvəl süfrəyə təqdim olunur.

Mən isə bu salatı axşam ayrıca bir yemək kimi yeyirəm, həm az kalorili, həm də eyni zamanda doyumlu olur. Bəzən çox ac olanda salatın üzərinə biraz xırdalanmış qoz ləpəsi əlavə edirəm.
 
 
Lazım olan ərzaqlar:

– 1 çuğundur başı
– 1 portağal
– 1 limon
– 0,5 çay qaşığı bal
– 4 yemək qaşığı zeytun yağı
– duz və qara bibər

 

Hazırlanma qaydası:

Əvvəlcə çuğunduru bişirmək lazımdır. Bişirmə vaxtını çox qaçırmayın, həddən artıq yumuşalmasın. Bişən çuğunduru sudan çıxarın və qırağda tam soyumasını gözləyin, sonra qabığını soyub incə halqalarla kəsin.

Portağalın həm sarı, həm alt ağ qabığını soyun. Çuğundur kimi incə halqalara kəsin. İçindəki çəyirdəkləri mütləq təmizləyin.

İndi isə sousu hazırlamaq lazımdır. Əvvəldən lazım olan ərzaqları əlinizin altında hazır qoysanız demək olar ki, 3-4 dəqiqəyə sousu hazırlamaq olar. Limonun qabığını sürtkəcin ən xırda gözündən keçirin. Çalışın qabığın ağ qisminə toxunmayasınız, sousa acılıq verə bilər. Təxminən 1 çay qaşığı qədər limon qabığı lazımdır.

Kiçik bir qabın içinə zeytun yağını tökün, 5 yemək qaşığı limon suyu sıxın, limon qabığını, duz və təzə çəkilmiş qara istiotu əlavə edib qarışdırın. Sous hazırdır, ancaq siz sousun dadına baxın, öz damaq zövqünüzə görə duzunu, turşuluğunu tənzimləyin.

Portağal və çuğundur dilimlərini təqdim edəcəyiniz qaba səliqəli şəkildə düzün, üstündən sousu gəzdirin və süfrəyə təqdim edin.

Bəzi məqamları diqqətinizə çatdırmaq istəyirəm. Mən bu salata özümdən xırdalanmış qoz ləpəsi əlavə edirəm, mənə görə qoz ilə bu salatın dadı tamamlanmış olur. Ancaq bu mənim öz əlavəmdir, orijinal reseptdə qoz yoxdur.

İkinci diqqətinizə çatdırmaq istədiyim məqam –  bu salat üçün nisbətən daha turşməzə portağal götürün. Bəzən aldığımız portağal turş çıxır, yeyiləsi olmur, həmin o portağalları bu salatda istifadə etmək olar. Turşməzə portağalın şirin çuğundur ilə ahəngi çox gözəl olur.
 
 

Hazırladı: Mehriban Məmmədova
https://mydolcekitchen.blogspot.com 
Instagram: @dolce_gram


 
 




 
 

Şərhlər

Menyu