İstedadlı fotoqraf Ruslan Nəbiyevin obyektivindəki qadınlar


 
 

Bu gün ölkəmizdə gerçək foto sənətkarları arasındakı yüzlərlə yeni ismin yarandığı və beləcə rəngarəng fotoqrafiya üslublarının sərgiləndiyi bir dövrdə yaşayırıq. Hər gün qarşımıza çıxan minlərlə obrazı fotolarla tarixə həkk edən sənətkarları görürük. Lakin onları yollarının ən başında kəşf edib, fəlsəfə və düşüncələrini həmin müddət boyunca izləmək önəmlidir.

Azərbaycanın istedadlı fotoqrafı Ruslan Nəbiyevin ismi çoxlarına tanışdır. Onun qadın gözəlliyini bizlərə inanılmaz obrazlarda təqdim edən portfoliosu fərqli jurnallarda dərc olunmuş, məşhur simaların iri plakatlarında sərgilənmişdir. Təcrübəli yerli fotoqrafımız studiya və açıq havada biri-birindən unudulmaz portretləri ilə fərqli fotoqrafiya texnikalarını təcrübədən keçirir, işlərində daim yeni bucaqlar və trendləri əks etdirməyə çalışır.

Estetik zövq və texniki bacarıq tələb edən peşənin sahibi olan Ruslana bizi maraqlandıran sualları verməklə bu istedadlı insanın arxasında necə bir şəxsiyyətin durduğunu bir qədər də yaxından tanımaq imkanımız yarandı.

 
 

 
 
– Fotoqrafiyaya Siz necə gəldiniz?
– Öncələr fotoqrafiyaya həvəskar kimi başlamışdım, ətrafımda demək olar ki, nə görürdümsə onu da çəkməyə çalışırdım. Hətta bir dəfə bir reportaj da çəkmişdim ki, məndən onu pul verib aldıqlarında isə anladım ki, mən bu hobbim ilə pul da qazana bilərəm.
 
– Niyə fotoqraf olmağa qərar verdiniz, ilham anınız nə idi?
– Fotoqraflığı həyat tərzinə çevirmək kimi bir fikrim yox idi. Həmişə düşünürdüm ki, foto ilə həvəskar olaraq məşğul olacam və bu belə də qalacaq. Lakin daha sonra bir sifariş aldım və onu həyata keçirmək üçün qərara gəldim ki, fotostudiya açım. Daha sonra isə hər bir işi atıb yalnız fotoqrafiya ilə, ən çox sevdiyim hobbim ilə məşğul olmağa başladım.

– Bu işin mütəxəssisinə çevrilmək üçün təhsil şərtdirmi?
– Fikirləşirəm ki, hər bir işdə olduğu kimi fotoqrafiyada da təhsil önəmlidir. Ali təhsil olmasa belə, yeni informasiya axtarışında kitablar və müxtəlif master-klasslarda iştirak mütləqdir.

 
 

 
 

– Əslində bu işin bazar tərəfi də var. Sadəcə sənət üçün çəksəydiniz bu hansı üslub olardı?
– İndi cəkdiyim fotoların 90%-i məhz mənim çəkmək istədiyim tərzdədir. Ümumiyyətlə, həmişə çalışıram ki, marağıma zidd və tərzim olmayan çəkilişlərdən imtina edim.

– Dünyada nümunə götürdüyünüz və işlərini sevdiyiniz fotoqraf varmı?
– Bəli, əlbəttə var. Rankin, Patrick Demarchelier, An Le, Nino Munoz, Gavin O’Neill, Giampaolo Sgura. Mən həmişə bu insanların işlərinə baxıram və çalışıram ki, daima yeni bir şeylər öyrənim onlardan.

– Fotogenik olmaq deyə bir şey varmı, yoxsa bu fotoqrafın peşəkarlığıdır?
– Məncə fotogenik olmaq deyə bir şey yoxdur. Sadəcə insan yaraşıqlıdırsa o, şəkildə də gözəl görünəcək. O ki qaldı fotoda həmin insan nə qədər fərqli və gözəl görünəcək, o artıq fotoqrafdan asılıdır.

 
 


 
 
– İşlərinizi izlədikdə, xüsusilə qadın portretlərində obrazları daha ifadəli olanları gördük. Dünya ulduzlarından fotosunu çəkmək istədiyiniz qadın siması kimdir?
– Bəli, qadın gözəlliyini göstərmək məni daha çox cəlb edir. Dünya ulduzlarından isə həm fotomodellər, həm müğənnilər, həm də kino ulduzlarını çəkmək istərdim. Məsələn, Cesika Alba, Adriana Lima, Şarliz Teron, Cenifer Lopez, İrina Şeyk, Naomi Kempbel və s.
 
– Məhşur fotoqraf Stiv Makkörinin bir foto üçün təkcə müşahidə məqsədilə 75 dəfə Hindistana getdiyi deyilir. Sizin bir anı tuta bilməniz üçün etdiyiniz ən böyük çılğınlığınız nə olub?
– Stiv Makkörini misal gətirdiniz, lap utandım. Əslində, mənim çəkdiyim və işlədiyim fotoqrafiya tamamən başqa bir istiqamətdədir. Mənə elə gəlir ki, bu səbəbdən məndə bu cür çətinliklər olmayib. Hələ ki rastlaşmamışam, lakin hələ hər şey qarşıdadır.. kim bilir. (gülür)

 – Fotoqraflar üçün deyirlər – “Göz, beyin, ürək və düzgün işıq”. Ruslan Nəbiyev bu siyahıya başqa nə əlavə edərdi?
– Göz, beyin, ürək və düzgün işıq – bunlar hamısı mütləqdir. Lakin hər şeydən öncə fotoqrafın zövqüdür.

– Son olaraq bu sənəti seçən insanlara məsləhətiniz?
– Məsləhətim odur ki, heç vaxt yerlərində dayanmasınlar. Bu sənəti seçiblərsə, onun incəliklərinədək öyrənsinlər.
 
 
Hazırladı: Sevinc İsrayılova

 
 






 
 

Şərhlər

Menyu