“Saturday Menu” bloqu | Yarı İstanbullu, yarı Balkanlı Trileçe

a1
 
 

İl 2014. Bir desert bomba kimi İstanbul kafe və restoranlarına, oradan isə bizim süfrələrə düşdü. Trileçe – bol südlü, üstü karamelli yupyumşaq keksdir.

Trileçe ilə mən də təxminən o zamanlarda tanış oldum. Bir neçə dəfə fərqli məkanlarda, fərqli insanlarla yedik və hər kəs Balkan ölkələrindən gəldiyini söyləyirdi. Bir zamanlar ispan dili öyrənməyə çalışdığım və yarım qoyduğum üçün trileçe mənə tanış gəlirdi, amma təzə-təzə tam anlaya bilməmişdim. Zaman keçdikcə “leçe”nin süd olduğunu xatırladım və “Balkanlardan gələn desertin adı niyə ispanca olsun?” deyə düşündüm. İşin keks və yemək tərəfi bir yana, bir anda bu qədər məşhurlaşması məni şoka salırdı. İxtisasım marketinq olduğu üçün bu uğuru və eyni zamanda desertin mənşəyini daha detallı araşdırmağım lazım gəldi.

İlk addımda Latın Amerikası deserti olduğunu öyrəndim. Mənası da 3 süd deməkmiş, çünki keksi islatmaq üçün 3 süddən – qatılaşdırılmış süd, ingilis dilində “evaporated” dedikləri (suyu buxarlandırılmış, amma qatılaşdırılmış süddəki kimi şəkər qatılmamış süd) və normal inək südü istifadə olunur. Türkiyədə isə bir az fərqlidir. Deyilənə görə, onlar trileçe-də keçi, camış və inək südündən istifadə edirlər.

İndi isə ən maraqlı qismi – dünyanın Latın Amerikası mənşəli deyə bildiyi, yalnızca bizim bölgələrin Balkan ölkəsi mənşəli olduğunu yəqin etdiyi bu resept həqiqətən də Orta Avropadan gəlirmiş. Nestle şirkəti 2-ci Dünya Müharibəsindən sonra Latın Amerikası bazarında qatılaşdırılmış süd satmağa başlayır və qutulara fərqli reseptlər yazır və o zaman bu resept Meksikada məşhurlaşaraq digər ölkələrə yayılır.

Bir sözlə, trileçe elə belə keks deyil, dünya səyahətinə çıxmış, bu səyahətdən üzüağ və başıyuxarı dönmüş desertdir. Uğurunun səbəbini isə çoxlarının ağız dadına uyması və eyni zamanda ticariləşdirilməsinin rahatlığıdır deyə təxmin edirəm. Bu keksi böyük qablarda bişirib sonradan servis eləmək çox rahatdır. Buna görə də kafe və restoranların bir çoxu trileçeni menyusuna rahatlıqla daxil edir və bir qədər israrla müştərilərinə təklif edirlər.
 

a2
 

Dulçe de leçeli trileçe
Donna Hay jurnalının aprel/may 2015-ci il sayından adaptasiya olunmuşdur.

Bu resept təxminən 22-23 sm diametrində olan qab üçün nəzərdə tutulmuşdur.

• 180 qr. kərə yağı (otaq temperaturunda)
• 1 st. şəkər tozu
• 1 ç.q. vanil ekstraktı (əgər yoxdursa, 1 paket şəkərli vanilin istifadə edə bilərsiniz)
• 5 yumurta (otaq temperaturunda)
• 1½ st. un
• 1½ ç.q. qabartma tozu
• ¼ ç.q. duz
• 1½ st. süd
• 1 st. kefir
• 1½ st. (375 ml) qaymaq (minimum 33% yağlılıq dərəcəsində olması vacibdir)
• 2 x. q. şəkər pudrası
• ¾ st. Dulçe de leçe (Bişmiş qatılaşdırılmış süd, hal-hazırda marketlərdə hazır şəkildə satılır. Hazır şəkildə tapa bilmədiyiniz halda, qatılaşdırılmış süddən hazırlamaq mümkündür və ya əvəzinə karamel sos istifadə edə bilərsiniz)
 

a3
 
 
Hazırlanma qaydası:
1. Sobanızı 160Cº qızdırın.
2. Bir qabda unu, qabartma tozunu və duzu bir-birinə qarışdırın.
3. Yağa şəkər tozunu və vanil ekstraktını əlavə edib, təxminən 6-7 dəqiqə mikserlə çalın, sonra bir-bir yumurtaları əlavə edin, hər yumurtadan sonra bir-neçə dəqiqə mikserlə qarışdırın.
4. Unlu qarışımı hissə-hissə yumurtalı qarışıma əlavə edin, bu mərhələdə mikser istifadə eləmək qətiyyən olmaz, çox ehmalca qarışdırın.
5. Qabınızı yağlayın və keks xəmirini onun içinə töküb, sobaya bişməyə qoyun. Təxminən 45-50 dəqiqə sonra diş çöpü ilə yoxlayın, diş çöpü keksin içindən təmiz çıxarsa artıq bişmişdir. Qabından çıxartmadan soyumağa qoyun.
6. Bir qabda südü, kefiri və ¼st. dulçe de leçeni qarışdırın.
7. Keks tamam soyuduqdan sonra üzərinə südlü qarışımı tökün. Südlü qarışımın rahat yayılması üçün çəngəllə keksi müxtəlif yerlərdən deşə bilərsiniz. Keksi soyuducuya qoyun ki, südü canına çəkməsi üçün 2-3 saat soyuducuda qalsın.
8. Servis etməyə az müddət qaldıqda kremi hazırlamağa başlayın. Qaymağı (slivki) dərin qaba tökün, üzərinə pudra şəkərini əlavə edib mikserlə çalın. Krem şəklini alıb bərkiməlidir, dadına baxın, şirinliyi sizin üçün azdırsa, biraz daha artıq pudra şəkəri qata bilərsiniz. Amma üzərinə dulçe de leçe töküləcəyindən çox şirin olması məsləhət deyil. Qaymağın soyuq olması yaxşı krem alınması üçün vacibdir, hətta içində krem hazırlayacağınız qabı da bir-neçə dəqiqəlik soyuducuya qoyun.
9. Alınan kremi keksin üzərinə çəkin, üzərinə də yerdə qalan dulçe de leçeni yumrular şəklində damladın, sonra nazik uclu bıçaq və ya hər hansı bir çubuqla dulçe de leçeli yumruları krem boyunca yayın. Şəkildəki kimi ebru üslubunda naxışlar əldə edəcəksiniz. Artıq trileçe-niz hazırdır.
 
 

Saxlanma şəraiti və müddəti:
Bir gün müddətində ağzıqapalı şəkildə saxlanılmalıdır.

Dulçe de leçeli trileçeniz nuş olsun!

 
 
Hazırladı: Aygün İslamzadə
www.saturdaymenu.com
www.facebook.com/saturdaymenu

 
 
 

Şərhlər

Menyu