EKSKLÜZİV: Kristian Keş gənc və təcrübəli dizaynerləri CPM Moscow dəb sərgisinə dəvət edir.

bab_9446

 

30-dan çox ölkənin iştirakı ilə ildə 2 dəfə keçirilən moda sərgisi CPM Moscow (COLLECTİON PREMİERE MOSCOW) ismi Zuleykha oxucularına artıq tanışdır. Ötən aylarda sərginin ölkəmiz üzrə rəsmi partnyoru olan Zuleykha jurnalı tədbirdə iştirak edərək, 3 gün davam edən şou haqda təfərrüatı ilə yazmışdı. Təşkilatın layihə rəhbəri, şounu öz körpə balası tək sevən və hər il xüsusi tərtibatının qayğısına qalan Kristian Keş jurnalımıza moda sərgilərinin dizayner və markalara faydaları və yeni imkanları haqda danışdı.

 
 
– Artıq neçə ildir ki, bu işlə məşğul olursunuz? Ümumiyyətlə bu sahəyə necə düşdünüz?

–  Xatırlayıram ki, çalışdığım ilk sərgi təşkilatında təlim keçdikdən dərhal sonra mənə çox məsuliyyətli öhdəliklər tapşırıldığı üçün geniş iş təcrübəsi toplamağa başladım. Bu bir kompüter sərgisi idi. Bir müddət Kölndə kişi moda şoularını təşkil edirdim. Son 13 il isə artıq İGEDO şirkətinin əməkdaşı olaraq CPM Moskva dəb sərgilərini təşkil edirəm. 
 

– Bizə bir az iki əsrin kəsişməsində mövcud olan şirkətinizdən danışın.

– İGEDO şirkəti 1949-cu ildən etibarən ilk olaraq Düsseldorfda, ardınca isə Çin, Böyük Britaniya, Türkiyə kimi bir sıra digər ölkələrdə  moda yarmarkaları təşkil edirdi. 2003-cü ildən etibarən isə biz həmçinin Rusiya bazarına girdik və bütün yeni əməkdaşlıqlara açıldıq.
 

– İGEDO-da karyeranıza necə başladınız? Və burada çalışmağın ən həyəcanverici hissəsi nə idi?

– İlk olaraq mən İGEDO-da kiçik bir seqment olan CPD Sport ilə başladım. Bu seqment iri Düsseldorf CPD-yə aid idi. Vaxtaşırı məndən CPM-ə keçmək istəyimlə maraqlanırdılar. Nəhayət, tədbirə 3 ay qalmış mənə bu öhdəliyi həvalə etdilər. Bir sözlə, bu neçə ildə danışmaqla bitməyən həm gülməli, bir o qədər də qeyri-standart hallar və əhvalatlar yaşamışıq.. (gülür)
 

– Moskva bazarını moda sahəsi üçün necə dəyərləndirirsiniz? Onun müsbət tərəfləri? 

– Əvvəla, Moskva həqiqətən insanları və adət- ənənəsi ilə böyük bir şəhərdir. Burada bu sahədə uğurlu olmaq üçün özünü ifadə edə bilmək və modanı sevmək vacibdir. Avropa və bütün dünya artıq Rusiya kimi bir ölkədə moda sahəsinə olan potensialı anlayır. 
 

– Moda sərgiləri və podium şouları arasındakı fərq nədir?

– Moda şousu ilə moda sərgiləri arasında böyük fərqlər var. Yarmarkalarda öz kolleksiyaları ilə bayerlərin sifarişlərinə açıq olan markalar kolleksiyalarını yalnız asılqanda nümayiş etdirərək satmağa çalışır. Lakin etiraf etmək lazımdır ki, modellər tərəfindən geyinilərək podiumda nümayiş etdirilən kolleksiya daha çox satış qabiliyyətinə malikdir. Bu səbəbdən biz bir sıra müştərilərimizə bu növ təkliflər də təqdim edirik.
 
 
sia_6681

 
 
– Moda sərgisinə kimlər qatılmalıdır? İştirakçıların gənc,  yaxud da təcrübəli dizayner olması vacibdirmi?

– Bir çox gənc dizaynerlər hələ tanınmamaqdadır və onlar yüksək tanınma səviyyəsinə gəlməsi üçün inadkarcasına çalışmalıdırlar. Lakin hətta məşhur brendlər belə bayerlərə və sərgilərdə izləyicilərinə olan diqqəti unutmamalıdırlar. Əlbəttə, onların bütün maraqları öz kolleksiyalarını satmaqdır. Sərgidə siz hər şeyi əldə edə bilərsiniz. Buna görə də, öz biznesinizi tərifləmək üçün bu sənayedə ticari şoudan yaxşı vasitə yoxdur.
 

– Moda yarmarkalarının faydaları nələrdir?

– 4 gün boyunca sərginin iştirakçı markaları buyerlər və medianın diqqətini qazanmalıdır. Yeni müştəri tapmaq burada önəmli rol oynayır. Bu sərgilər bayerlərlə görüş, bir sıra kampaniyalar və dizaynerlərlə əlaqə yaratmaq üçün böyük platformadır.
 

– Bəs nədən CPM? Markalara tədbirlərinizdə daim iştirak etmək üçün nələr təklif edirsiniz?

– Bir sıra beynəlxalq təşkilatların Şərqi Avropada şourumları mövcud deyil və buna görə yerli bayerlərlə əlaqə yaratmaqda çətinlikləri var. Bu səbəbdən CPM öz üzvlərinə bu yeni imkan və qapıları açır. 
 

– Moskvadakı tədbirə hansı ölkələr qatılır?

– Ümumiyyətlə 33 ölkədən söhbət gedir. İspaniya, Türkiyə, Kolumbiya, Hindistan, Finlandiya, Çin, İndoneziya, İtaliya, Avstriya, habelə Böyük Britaniya, Amerikanın və digərlərinin qatıldığı CPM dəb sərgisi onun beynəlxalq tədbir olduğunu sübut edir.  
 

– CPM dəb sərgilərində podium və sərgi masalarından başqa nə baş verir?

– İştirakçılar üçün ödənişsiz olan 2 gün davam edən seminarlar təşkil edirik, 40-a yaxın podiumu izləmə imkanı yaradırıq, eləcə də, bu sahədə yeni vakansiyalar haqda məlumat toplamaq imkanı yaradırıq. Rusiyada nümayəndəsi olmayan təşkilatlara isə internet üzərindən işləri icra etmək imkanı verilir. 
 

– Bu mövsümdə yeni olan nələr idi?

– Açığını desəm sərgidə yeni fəaliyyətə başlamış istiqamət olan “Handmade in Russia” (“Rusiyada əl işləri”) böyük maraq doğurmağa davam edir. Burada dizaynerlər unikal əl işləri təqdim etməklə yerli brendlərini təbliğ edir.
 
 
img_5541

 
 
– Növbəti mövsümə planlarınız və gözləntilərinizi bilmək maraqlı olardı.

– Təbii ki, biz iştirakçı sayını artırmaqla genişlənməyi planlayırıq. Digər hədəfimiz mümkün qədər daha çox yeni brendin iştirakını cəlb etməkdir. 
 

– Sizin sonuncu Bakı təəssüratları ilə maraqlanmaya bilməzdik.

– Bizim üçün bu səfər yerli dizaynerlərlə tanış olub yerli bazardakı vəziyyəti öyrənmək üçün vacib idi. Bu ölkədən iştirakçıların CPM tədbirlərinə qatılmağını çox istərdik. İnanırıq ki, yerli bazarda potensialı yüksək olan dizaynerləriniz az deyil. Onların sərgilərdə mütəmadi iştirakı bu sahədə qazanacaqları uğur üçün önəmlidir. 
 

– Azərbaycan dizaynerlərinə tövsiyyələriniz nələr olardı?

– Sizin ölkənizdə biz bir sıra maraqlı və kreativ dizaynerlərlə tanış olduq. Lakin onların daha uğurlu olmaları üçün beynəlxalq platformaya açılmalarını arzulayardım. Yeri gəlmişkən, CPM da buna yaxşı mənada təsir göstərə bilərdi. Çünki bu məhz elə bir tədbirdir ki, bayerlər və beynəlxalq media iştirak edir. 
 

– Bizim yerli dizaynerlərə CPM tədbirlərindən ən çox qazanacaqları nə ola bilər?

– Sözsüz ki, bizimlə moda sahəsinə böyük addım atmaq mümkündür. Yeni müştəri və vacib biznes əlaqələri qurmaq imkanı bizim tədbirin ən üstün cəhətlərindəndir. 
 
 

Hazırladı: Aydan Məmmədli 

 

 

 

 

Şərhlər

Menyu