Selcan Abbas: “Yelkən mənim üçün gələcək məqsədlərimdə var olan anlayış və sevgidir”

_dsc3143
 
 
 
Azərbaycan qadınları cəmiyyətin müxtəlif sahələrində olduğu kimi, idman sahəsində də öz bacarıqlarını sübut etməyə davam edirlər. Yenicə qurulmuş Yelkənli İdman Federasiyası daim xanımlara öz dəstəyini əsirgəmir.
Zuleykha jurnalı Azərbaycanımızın fəxri, ölkəmizdə ilk dəfə keçirilən Optimist sinfi üzrə “Federasiya Kuboku 2016” yarışında 1-ci yerin sahibi, yelkənli idman sahəsi üzrə dövlətimizi təmsil edən qadın idmançı Selcan Abbasla bu idman növündəki uğuru, bacarıqları haqqında xoş söhbət etmək imkanı əldə etdi. Yaşının az olmasına baxmayaraq, göstərdiyi şücaət və qələbə əzmi ilə hər kəsin diqqətini cəlb edən Selcan birincilik təəssüratlarını səmimiyyətlə paylaşdı.

 
 
 
– Seçdiyiniz elit  idman növü Azərbaycanda yeni qurulmuşdur. Bəs siz bu yığma komandaya necə qoşuldunuz?
 
– Mən özüm idman həvəskarıyam. Lakin, uzun müdət qərarsız idim. Daha doğrusu, özümü kəşf edə biləcəyim idman növü ilə məşğul olmaq istəyirdim. Elə alındı ki, çox təsadüfi şəkildə, ilk dəfə olaraq Yelkənli İdman Federasiyasının fəaliyyəti ilə tanış oldum və onların təşkil edəcəyi yay məktəbində iştirak üçün qeydiyyatdan keçdim. Heç düşünməzdim ki, bir gün yelkən sadəcə məşğul olduğum idman növü deyil, həyatımın önəmli hissəsinə çevriləcək. Artıq, yelkən mənim üçün gələcək məqsədlərimdə var olan anlayış və sevgidir. Artıq yelkən bir hobbi olaraq başlanmışdırsa, indi mənim üçün həyat tərzidir.

 
– Bu idman növünü seçdikdə ailənizin buna hər hansı etirazı oldumu?
 
–  Ailəm mənim ən böyük dəstəkçimdir. Tam əksinə, onlar məni bu idman növünə daha da həvəsləndirdi. Onların mənə inamı, dəstəyi və mənimlə bağlı olan böyük gözləntiləri ilə bu idman növünə daha da bağlandım. Onları uğurlarımla sevindirə bilmək heyrətamiz bir hisdir.
 
– Yelkənli idman növü üzrə Azərbaycanı təmsil edən ilk qadın idmançısınız. Kişilərin əhatəsində olmağınız sizin qələbə əzminizdə inamsızlıq hissi yaradırmı?
 
– Qeyd etdiyiniz kimi, qadın olmaq və xüsusi ilə də ilk olmaq fəqrli hiss, məsuliyyət və daha çox rəqabətin yaranmasına səbəb olur. Çətindir. Lakin, qadın olduğum üçün deyil. Çətin olan eyni anda 500-ə yaxın yelkənin eyni əzmkarlıqla rəqabət aparması və qələbəyə doğru üzməsidir. Yarış zamanı say, cins, yaş fərq etmir mənə. Çünki, hər yarışa özümə inanaraq yelkən açıram. Hər zaman deyirəm ki, qələbə özünə əmin olanda deyil, özünə inanandadır. Qələbələrimi inamımla qazanmışam.
 
 
3-2
 
 
– Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etdiniz. Kiçik yaşınızda bu məsuliyyəti daşımaq çətindirmi?
 
– İlk olaraq üzərimdə çox böyük məsuliyyət var idi. Mən yalnız  ilk dəfə Azərbaycan adından iştirak edən, ilk qadın yelkənçi olmaq məsuliyyətini deyil, ölkəmizin bu idmandakı inkişafına tövhə vermək məsuliyyətini də üzərimdə daşıyırdım.  İlk iştirak uğurlu olarsa, idman inkişaf edəcək, uğursuz olarsa ilk dəfədən sulara qərq olma ehtimalı ilə yarışdım. Bir sözlə, bu böyük məsuliyyəti dərk edərək yarışırdım.
 
– Dəniz, dalğalar, soyuq hava şəraiti və s.  Bu idman növünün ağır şəraitlərinə adaptasiya olarkən çətinlikləriniz olubmu?
 
– Bu sual gündəlik həyatımda ən çox eşitdiklərimdəndir. Kənardan baxdıqda, hamıda belə bir təəssürat oyanır ki, “qışın bu soyuğunda suda üzmək mümkünsüzdür”. Amma önəmli bir məqam var. Biz dənizdə üzmürük, biz dənizin üzərində yelkən açırıq. Bədənimiz faktiki olaraq, su ilə təmasda olmur. Bundan əlavə yayda günəş şüalarına qarşı, qışda isə soyuq və külək keçirməyən xüsusi formalarla yelkən açırıq. Hətta, qışda yelkəni idarə etmənin ayrıca bir ləzzəti var.  Küləyə gəldikdə isə, yelkən üçün ən önəmli iki ünsürdən biri də küləkdir.
 
– Bu idman növü ilə məşğul olmağınızla həyat tərzinizdə nə kimi dəyişikliklər baş verdi?
 
– Bu idman növünə başladıqdan sonra həyatımda bir çox dəyişiklər baş verdi. Təsəvvür edin, ucu-bucağı görünməyən su hövzəsində tək, küləyin nəfəsini hiss edib, zəkanı işlədərək sükanı idarə etmək kimi gücə sahib oldum.  İlk öncə,  daha sağlam həyat tərzi yaşamağa başladım. Qidalanmağıma diqqət etməyə, yelkəndən əlavə fitnesslə məşğul olmağa başladım. Eyni zamanda, 1 il ərzində yelkənli idmanın sayəsində həyatı fərqli istiqamətdə anlamağa və duymağa başladım. Artıq hər səhər yeni bir uğur və arzu arxasınca getmək hissi ilə oyanıram.
 
 
dj3a0010
 
 
– Bu idman növü ilə məşğul olmaq üçün əsas hansı keyfiyyətlərə sahib olmaq lazımdır?
 
– Yelkənə istək hissindən başqa heç bir xüsusi keyfiyyət lazım deyil. Yelkənlə bağlı əsas strategiya və terminləri öyrəndikdən sonra özünə inam və yarışda özünü itirmədən mübarizə aparmaq vacibdir.
 
– Sonda bu idman növünü gənclərə, xüsusən də xanımlara hansı səbəblərdən tövsiyyə edərdiniz?
 
Mən bütün gənc xanımlara bu idman növünün təbiətlə və əsasən dənizlə aralarında sevginin böyüməsi, fiziki və sağlam həyatı bir tərz halına gətirmələrini və bu sevgini yelkən vasitəsi ilə həyatlarına tətbiq etməklərini tövsiyyə edirəm.
 
 
Hazırladı: Nigar Sani
 
 
6

Şərhlər

Menyu