KİNO| “Cənnətdən gələn möcüzə”

image

 

Meksikan əsilli ssenarist və kinorejissor Patrisia Riggenin real hadisələr əsasında çəkdiyi “Cənnətdən gələn möcüzələr” filmi Kristi Vilson Bimin qızı Annabelin həyatı və yaşadığı möcüzədən bəhs edir. Ana-övlad münasibətlərinin, uşaqların məsumluğunun və hər an insanın gözləmədiyi hadisələrlə imtahana çəkilməsinin incəlik və həssaslıqla əks olunduğu film Kristi və qızı Annabelin təsirli həyat hekayəsidir.

Dərin, saf, duyğularla izləyəcəyiniz filmdə bütün hadisələr ailənin ortancıl qızı olan, 12 yaşındakı Annabelin çox nadir bir xəstəliyə tutulması ilə başlayır. Müalicəsi mümkün olmayan bu xəstəlik bütün ailəyə dərindən təsir edir. İnancını bir an olsun itirməyən və daim qızlarının yanında olan Kristi və Kevin bir gün cənnətdən gəldiyinə inandıqları möcüzə ilə qarşılaşırlar.
image

image

image
Annabel bir gün baxçalarındakı ağacdan yıxılır və ağır yaralanır. O müalicə edildikdən sonra həkimlər kiçik qızın nadir görülən xəstəliyinin də yaxşılaşdığına şahid olurlar. Qızlarını təkrar sağlam bir şəkildə görən valideynlər yaşadıqlarına inana bilmirlər. Annabel isə bu möcüzənin haradan gəldiyindən əmin bir şəkildə “O mənə yaxşı olacağımı söylədi” deyir.

“Hər şərdə bir xeyir var” kəliməsini xatırladan filmdə dinindən və irqindən asılı olmayaraq Yaradanın bizə bəxş etdiyi möcüzənin fədakarlıq, mərhəmət, sevgi, ailə olduğunu, insan həyatını inamsızlıqla deyil, sevgi, şəfqət, xoş söz və dua ilə xilas etməyin mümkün olduğu əyani şəkildə göstərilir.

Hazırladı: Rəhimə Hacıyeva

Şərhlər

Menyu