“Friends of Yarat” : “YARAT” müasir incəsənət sevərlərə qapılarını açır

ho1
 

“Zuleykha” jurnalı ölkəmizdə ən yaradıcı insanları öz çətiri altına toplayan Yarat Müasir İncəsənət Mərkəzi daxilində yaranmış “Friends of Yarat” platformasının rəhbəri Hökümə Kərimova maraqlı müsahibə zamanı mərkəz və onun yeni yaranmış platformasının yaranma tarixindən danışdı. Yarandığı gündən insanlar tərəfindən olduqca maraqla qarşılanan bu platformaya necə qoşulmaq olar, qoşulan üzvləri nə kimi faydalar gözləyir və digər suallar haqda söhbətimizin bir hissəsi fərqli konsepti və “yaşıl” mətbəxi ilə şəhərin ən sevilən məkanlarından biri Yaşıl kafe-də, bir hissəsi isə bütün bu ideyaların irəli sürülüb həyata keçirildiyi ofisdə keçdi.
– YARAT müasir incəsənət mərkəzinin nəzdində yenicə fəaliyyətə başlayan “Friends of Yarat” platformasının yaranmasına təşəbbüs ideyası nə oldu?

– “Friends of Yarat” platformasının ideyası üzərində bu ilin əvvəlindən işləməyə başladıq və Azərbaycanda ilk dəfə olaraq Müasir İncəsənət Mərkəzində belə bir platforma yarandığına görə çox həvəsli idik. Konsepsiya dünya ölkələrində “Friends of Art” adı ilə çox məşhurdur. Bu platforma üzvlük platformasıdır, insanlar ianə verərək bu platformanın xüsusi bir tərkib hissəsi olmaq şansını əldə edirlər və bununla onlar bir sıra tədbirlərimizə qatıla bilir, xüsusilə üzvlər üçün hazırlanmış layihələrdə iştirak etmək şansı əldə edirlər.
 

07
 

– Müasir İncəsənət Azərbaycanda yeni sahədir və bəzən onu anlamaqda çətinlik çəkirlər. Siz bu sahənin ölkəmizdə inkişafına inanırsınızmı?

– Müasir incəsənət özünəməxsus cəhətləri ilə seçilir. İstər xarici incəsənət adamlarının, istərsə də ölkəmizdə bir çox incəsənət nümayənlərinin yaratdıqları əsərlər vardır ki, bu insanlar tərəfindən bir mənalı qarşılanmır. Bəzi insanlar bu əsərləri anlamaqda çətinlik çəksələr də, bir çoxları əksinə, onları seyr etməkdən doymur. Klassik əsərlərlə müqayisə edərsək, müasir incəsənət nümunələri insanlara daha çox hər gördükləri əsərdə öz hekayələrini yazmaq, onlara öz gözləri ilə bir süjet xətti qurmaq imkanı yaradır. Hal-hazırda müasir incəsənətin Azərbaycanda inkişafı göz qabağındadır və onun daha da geniş vüsət alacağına inanıram. Bu istiqamətdə YARAT olaraq, biz yalnız sərgilər deyil, eyni zamanda bir sıra təhsil yönümlü tədbirlər də təşkil edirik. “Friends of Yarat” platformasında üzvlərimizin yaxşı vaxt keçirməsi ilə bərabər, eyni zamanda onların yeni biliklər əldə edə biləcəkləri və müasir incəsənətlə bağlı daha dolğun məlumat ala biləcəkləri layihələrə də cəlb etməyə çalışırıq.
– Bu gün platforma yetərincə aktivdir. Siz tez-tez fərqli tədbirlər keçirir, hətta xaricə səfərlər təşkil edirsiniz. Platformanın əsas missiyası nədir?

– “Friends of Yarat” platformasının əsas məqsədi Azərbaycan müasir incəsənəti daha geniş auditoriyala çıxarmaq və eyni zamanda ona dəstək olacaq icmanı formalaşdırmaqdır. İnsanlar bura üzv olaraq Azərbaycanda müasir incəsənətin inkişafına dəstək olmaq şansı əldə edirlər. Üzvlərimiz nəinki layihə və tədbirlərimizdə iştirak edə bilirlər, həmçinin özlərinin həyata keçirmək istədikləri layihə ideyalarını bizə təklif etməklə, onları geniş müstəvidə həyata keçirmək şansı əldə edə bilirlər. “Friends of YARAT” platformasının üzvləri üçün rəssamlarla görüş, emalatxanalara səfərlər, incəsənətlə bağlı xüsusi master-klasslar, axşam ziyafətləri, incəsəsətin müxtəlif növlərinə toxunan fərqli layihələr həyata keçiririk. “Art Travel” və ya “İncəsənətlə səyahət” adlı layihəmiz isə xüsusi olaraq bizim platformanın üzvləri üçün nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində biz üzvlərimizi xarici ölkələrdəki müasir incəsənət nümunələri və bu sahənin peşəkarları ilə tanış edirik və onları özəl olaraq hazırlanmış proqram ilə xaricə bizimlə səyahətə aparırıq. Bu formatda ilk səyahət etdiyimiz ölkə Paris oldu, iyul ayının əvvəlləri isə Berlinə incəsənət səyahəti təşkil etməyi planlayırıq. Bu səfər zamanı Berlin Biennale festivalını gəzəcək və Berlində xüsusi bələdçiliklə sərgilərdə, incəsənət mərkəzlərində, ziyafətlərdə olacağıq. Bununla üzvlərimiz digər ölkələrdə müasir incəsənət nümunələri ilə daha yaxından tanış olma imkanı əldə edəcəklər.
 

05
 

– Bəs bu platformaya istənilən kəs qoşula bilərmi?

– “Friends of Yarat” platformasına müasir incəsənətə marağı olan, asudə vaxtını mənalı, gözəl ortamda keçirmək istəyən hər bir şəxs qoşula bilər. Bu, 18 yaşlı gənc tələbə və ya 50-60 yaşlı incəsənət vurğunu ola bilər. Platformanın 3 fərqli üzvlük kateqoriyası var. Bu kateqoriyalara, şirkətlər korporativ şəkildə, fiziki şəxslər isə platformaya individual olaraq qatılırlar.

– Ümumiyyətlə platformanın dostları kimlərdir? Bu icma daha çox kimlərin diqqətini cəlb edir?


- Çox sevindirici haldır ki, platforma qısa müddət ərzində fəaliyyət göstərsə də, olduqca böyük kütlə tərəfindən maraqla qarşılandı. Bütün bu insanların ortaq cəhəti isə onların müasir incəsənətə, gözəl öyrədici ortama olan sevgiləridir. Maraqlıdır ki, üzvlərimizin arasında biznes şirkətlərində çalışan insanlar böyük əksəriyyəti təşkil edir.

 

– Bəs üzvlərin platformada nə kimi funksiyaları var?


- Üzvlər platformada əyləncəli vaxt keçirməklə yanaşı, həm də çoxsaylı tədbirlərdə iştirak edərək müxtəlif biliklər əldə edirlər. Platformaya üzv olan digər incəsənət sevər insanlarla da ünsiyyətdə olaraq əhatə dairələrini genişləndirirlər.

 

– Platformanın üzvlər üçün gördüyü ən yaddaqalan tədbirlərdən danışa bilərsinizmi? Onları ən çox maraqlı və faydalı edən nədir?


- Bir çox tədbirlər ilk olaraq yalnız platformanın üzvləri üçün qapalı şəkildə keçirilir, bu onları xüsusi edən məqamlardan biridir. Rəşad Ələkbərov, Aida Mahmudovanın sərgiləri də xüsusi ilə YARAT dostları üçün ilk olaraq nümayiş olunmuşdu. Bu yaxınlarda yeni açılan Müqavimət haqqında 300 söz və Kiçik Yalanlar adlı sərgilər də eynilə qapılarını ilk olaraq YARAT üzvləri üçün açdı və bütün üzvlərə rəssamlarla bir gün öncə qapalı göstəriş, əsərlər barəsində məlumatlandırma həyata keçirildi.
İçəri şəhərdə axır çərşənbə ilə bağlı keçirilən çox maraqlı bir tədbirimiz də baş tutmuşdu. Tədbirdə Şərq və Qərbin adət ənənələrinin sintezi yaşanmışdı. Eyni zamanda rəssam Faiq Əhmədlə olan görüş xüsusi maraqla qarşılanmışdı. Tədbirlər sırasına, musiqi və kino axşamlarını da əlavə edə bilərəm. Qarşıdan isə bizim daha fərqli və maraqlı tədbirlərimiz gəlir.

01
 

– Bildiyimiz qədər siz YARAT-a yenicə qoşulmusunuz və daha əvvəl korporativ sahədə çalışırdınız. YARAT təcrübənizi, yeni sahəyə keçidinizi necə şərh edərdiniz?

– Misal kimi, İsrail səfirliyində İqtisadiyyat və ticarət əlaqələri şöbəsinin direktoru, daha sonrasında Gənclərin Nəaliyyəti təşkilatının icraçı direktoru göstərə bilərəm. Təhsil, biznes, həm də diplomatiya sahəsində çalışmağıma baxmayaraq, incəsənət mənim həyatımda həmişə xüsusi yer tutub. Məktəbin 6cı sinifindən şeir yazmışam. Şeiriyyata və yaradıcılığa çox yaxınam. Hətta, çalışdığım müddətdə çox yorulduğum vaxtlarda muzeyi gəzib, oradakı incəsənət nümunələrini hər dəfə yenidən izləyərək sanki istirahət edirəm, ruhum dincəlir. Buna görə Yarat Müasir İncəsənət Mərkəzi mənə çox doğmadır. İşim YARAT müasir incəsənət icmasını qurmaq olduğu üçün insanlarla yanaşı korporativlərlə də çox yaxından işləyirəm və bundan öncəki iş təcrübələrim, eləcə də diplomatiya və MBA təhsilim mənə bunda çox yardım edir. İşimdən çox böyük zövq alıram.

– Klubun gələcək planları nədir? Bu platformanın növbəti hədəfləri varmı?

– Klubun gələcək planları keyfiyyətli formada böyümək və daha da inkişaf etməkdir. Bu platforma həm bizneslərin, həm də individualların bir araya gəldiyi, yeni ideyaların, layihələrin vüsət aldığı müstəvi kimi fəaliyyət göstərməkdə davam etməlidir.
 
 
Hazırladı: N. Sani
Foto: M. Hüseynov
 
 

04

hokuma

08

 
 

Şərhlər

Menyu