Bakıda top 5 “LOVE STORY” fotoqrafı: Sevgi hekayənizi əbədiləşdirən peşəkarlar

Sevgi… Yaşadıqca güclənən, sevdiyinin gözlərində, gülüşündə var olan, insanın qəlbini titrədən bəlkə də yeganə sözdür. Bəziləri üçün sadəcə bir söz, bəziləri üçün əbədi hiss, bəziləri üçün isə sonsuza qədər eşq odunda yanmaqdır…

Min illərdir şairlərin qüdrətli qələmləri ilə əbədiləşdirdiyi sevgi hekayələrini günümüzdə dərin məhəbbətlə bir-birlərinə bağlı olan cütlüklər “Love story” çəkilişləri ilə əbədiləşdirirlər.

Ənənəvi olaraq “Love story” çəkilişləri toya hazırlıq ərəfəsində keçirilsə də müasir gənclər üçün bu amil mütləq deyil. Günümüzdə bir-birlərinə böyük məhəbbət hissi ilə bağlı olan hər bir cütlük hiss və münasibətlərinin əyani təsvirini əldə etməyə can atır. Zuleykha jurnalı Azərbaycanda bu sahədə öz sözünü demiş top 5 peşəkar “Love Story” fotoqrafını təqdim edir. Mövzu ilə bağlı suallarımızı şəhərin tanınmış fotoqrafları Ülviyyə Məmmədova, Kamran Kərimov, Orxan Rəhmanlı, Saməddin Cəfərli və İlkin Cəfərov cavablandırdı.
 
 
 

ÜLVİYYƏ MƏMMƏDOVA

Hərşey rəssamlığa olan marağımla başladı… Ailə üzvlərimin portretlərini çəkməklə bu istiqamətə marağım olduğunu kəşf etmişdim. Sonra Azərbaycanın tanınmış rəssamı Eldar Qurbanovdan fərdi rəssamlıq dərsləri almaq qərarına gəldim və Rəssamlıq Akademiyasında reklam dizaynı üzrə təhsilimə başladım. Bitirdikdən sonra, çox hörmət etdiyim Sənan Ələsgərovun yanına fotoqraflıq kurslarına getdim. Qeyd etdiyim bu üç məfhum məndə fotoqraflıq üçün baza yaratdı. Vaxt keçdikcə tam şəkildə foto sahəsinə yönəldim, çünki insan zamanla özünü tapmış olur. Hal-hazırda həm toy, love story, həm də portret fotoqrafı kimi fəaliyyət göstərirəm. İşlədiyim stil “Fine Art” adlanır, bədii fotoqrafiya deməkdir. Təəssüf ki, bizim ölkədə hələ o qədər də məşhur olmasa da, bu sahə dünyada çox tələb olunandır.

Düşünürəm ki, “Love story” çəkilişlərimdə bütün önəmli hadisələr və xatirələr öz əksini tapır. Hər bir cütlüyün öz xüsusi hekayəsi var. İlk tanışlığın tarixçəsi, ilk bağışlanmış gül, sevimli musiqi və ya sevimli kitab. Sevgilərini əhatə edən, məhz onlar haqda danışan bütün bu detallardan çalışıram ki, çəkiliş vaxtı istifadə edim. Çünki “Love story” iki insanın sevgisindən danışmalı və onu ətrafa çatdıra bilməlidir.

– Çəkilişlərim xırdalıqlarına kimi düşünülmüş detallar ilə mütləq şəkildə təbiətdə, yumşaq gün işığında keçirilir. Adətən, gəlinlərlə əvvəlcədən hər şeyi danışaraq müzakirə edib, biryerdə hazırlaşırıq və nəticədə bu bir növ komanda işinə çevrilmiş olur. Tez-tez əlaqə saxlayaraq məkanlar, geyimlər, üslub və digər məqamları müzakirə edirik və demək olar ki, bir-birini uzun müddət tanıyan dostlara çevrilirik. Mən “Love story” zamanı çalışıram ki, cütlükdən peşəkarlıq göstərmələrini tələb etməyim, çünki onlar bir-birilərini sevirlərsə bu baxışlarda, toxunuşlarda mütləq ki, öz əksini tapacaqdır. Mən də bu emosiyaları lentə alıb əbədiləşdirirəm. Qızla oğlanı tullandırmaq, dil çıxarmaları və sairə qətiyyən mənim tərzim deyil. Bütün bunlar mənə süni gəlir. Qoy sevgililər olduqları kimi olsunlar və öz sevgi hekayəsini yaşasınlar, mən də təsadüfi şahid kimi bütün olanları çəkim.

– Heç vaxt hansısa ssenari və ya süjetə uyğun çəkilişlər etmirəm. Fotoya ilham verən yenə də cütlüklər və onların sevgi hekayəsidir. Əlbəttə adicə külək, yarpağın əsməsi, dalğa, hansısa film və ən çox qadın və təbiət gözəlliyi ilham mənbəyi kimi ola bilər. Fikrimcə, vacib olan hər şeyin təbii olmasıdır.

01

1 ulviya

02

8

7

 
 
 

KAMRAN KƏRİMOV

Bu sənətə marağım ilk olaraq tələbəlik illərində yarandı. İlk fotoaparatımı aldıqdan sonra bu sənətdə özümü inkişaf etdirmək üçün İstanbul və Antalyada keçirilən foto seminarlara qatıldım. Sənətin incəliklərini öyrəndikdən sonra artıq bu sənət yolunda irəliləməyi özümə məqsəd bildim və bu yolda hələ də addımlayıram.

– Qış istirahət mərkəzlərindən birində “Love story” çəkilişi zamanı kanatda şəkillər çəkməli idik, lakin texniki səbəblərdən bir neçə dəqiqə kanatda qalmalı olduq. Mən və bəyin yüksəklik qorxusu olduğundan çox həyəcanlı anlar yaşadıq. Problem həll olunduqdan sonra özümüzə gəlməyimiz 1 saatdan çox çəkdi.

– Bir süjet əsasında kompozisiya qurmağı çox xoşlayıram. Daha çox kino filmlərin qəhramanlarından ilhamlanaraq süjet qururam. Düşünürəm ki, süjet əsasında çəkilən fotolar hər zaman qeyri-adiliyi və gözəlliyi ilə seçilir.

Süjet yaradarkən kompozisiyanın düzgün qurulması çox önəmlidir. Və çəkilişlərimdə çalışıram ki, məkan seçimlərim də qurduğum kompozisiya ilə uyğunluq təşkil etsin. Hər şeyin mükəmməl olması mənim üçün çox vacibdir.

01

02

03

04

05

 
 
 

ORXAN RƏHMANLI

– Fotoqraf kimi fəaliyyətə 2010-cu ildən başlamışam. Uşaqlıqdan arzum kamera önündə olmaq olsa da, tale elə gətirdi ki, kamera arxasına keçdim. İlk aparatımı öz şəkillərimi çəkdirmək üçün almışdım. Sonradan ətrafımdakı insanları çəkərək bu sənəti həyat tərzimə çevirdim. İlk vaxtlar öz üslubumu formalaşdırmaqda çətinlik çəksəm də, artıq 3 ildir ki, bu işə peşəkarcasına yanaşaraq çəkilişlərdə nə istədiyimi bilirəm.

– Xüsusi çəkiliş zamanı baş vermiş və yaddaşımdan silinməyən xatirələr əsasən toy günlərində baş verir. Lakin biz “Love Story” haqqında danışırıqsa, burda daim əyləncəli, maraqlı, deyib -gülünəsi xatirələrlə dolu anlardan söhbət açılmalıdır. Mənim üçün ən təsiredici və heç vaxt yaddaşımdan silinməyəcək xatirəm sözsüz ki, Nizami küçəsində çəkdiyim “Love Story” fotosudur (velosiped, göyərçinlər və cütlük). O şəkli çəkdiyim zaman bu qədər maraq oyadacağını gözləmirdim. Səhifəmdə paylaşım etdikdən qısa müddət sonra çoxsaylı saytlar tərəfindən yayımlandığını gördüm. Şəklimin yaratdığı uğurun mənə bəxş etdiyi həyəcan, qürur və sevinc hissi unudulmaz idi.

– Bu barədə xüsusi bir əminliklə danışmaq, doğrusu mənə düşməz. Bu suala çəkilişlərini etdiyim cütlüklər cavab versə daha məqsədyönlü olardı. Onu da qeyd edim ki, çəkilişlərimdə əhəmiyyət verdiyim ən vacib detallardan biri cütlüklərlə səmimi ünsiyyət qurmaqdır.
 
– Hər zaman süjet və ya ssenari qurmağı da sevmirəm. Bəzən müəyyən ideyalar həmin cütlüyü görəndə gəlir. Və hətta müəyyən ideyaları, hansıları ki, düşünürəm və reallaşdıra bilmirəm uzun müddət bu barədə aksiyalar edirəm, cütlüklər axtarıram, öz istəyimə əsasən onları seçir və bu ideyaları reallaşdırıram. Çəkilişlərimdə məni ilhamlandıran elə cütlüklərin özləridir.

03

01

02

04

005

 
 
 

SAMƏDDİN CƏFƏRLİ

– Bu sənəti seçməyimdə sözsüz ki, Rəssamlıq Akademiyasında aldığım təhsilin böyük əhəmiyyəti var. Təhsilimin 1-ci kursunda yaxın bir türkiyəli dostumun tövsiyyəsi ilə fotoqraflığın ayrı bir sənət sahəsi olduğunu və fərqli estetik dəyəri olduğunu kəşf etdim. Və bununla da özümü bu sənət yoluna yönləndirdim. Ailəmin mənə bu istiqamətdə verdiyi dəstək də mənim üçün əvəzedilməzdir.

– Mənim üçün ən yaddaqalan, hətta heç unutmayacağım hadisələrdən biri vaxtilə “Love Story” çəkilişlərini etdiyim cütlüyün nikah, toy hətta körpələrinin fotoşəkillərini mənə çəkdirməkləri olmuşdu. İşlərimin bu qədər sevilməyi mənim üçün həqiqətən qürur vericidir.

“Love Story”… Adından da göründüyü kimi bu bir sevgi hekayəsidir. Hər cütlüyün öz hekayəsi var və bunu vurğulamaq biz fotoqraflara düşür. Çəkilişlərimdə diqqət etdiyim ən vacib cəhətlərdən biri hisslərin şəklini çəkə bilməkdir. Eyni zamanda aldığım təhsilin nəticəsi olaraq rənglərin harmoniyası da mənim üçün çox önəmlidir.

– Fikrimcə, bir-birlərinə dərin məhəbbət hissi ilə yanaşan hər bir cütlük istənilən məkanı gözəlləşdirə bilər. Mənim üçün mənim hansı məkanı sevdiyim deyil, cütlüklərin sevdiyi məkan daha vacibdir.

100000

sameddin 02

sameddin 03

0777

sameddin n

 
 
 

İLKİN CƏFƏROV

Fotoqraflıq sənəti hər nə qədər maraqlı və əyləncəli olsa da, mən bu sənətə vaxtilə çox uzaq idim. Fotoşəkillərlə hərkəsin maraqlandığı qədər maraqlanırdım. Normal xatirə fotoşəkilləri çəkirdim. Heç vaxt düşünməzdim ki, bir gün bu sənətin aşiqi ola bilərəm. Bu sənətə ilk addımlarımı da məhz “Love Story” çəkilişi ilə atmışam. Həvəskar olaraq çəkdiyim fotoşəkillərin uğuru məndə olduqca maraq oyatdı. Və mənim fotoqraflıq hekayəm bu cür sadə başladı…

“Love Story” çəkilişləri mənim üçün hər zaman maraqlı xatirələri ilə yaddaşımda iz qoyur. Bunların arasından seçim etmək mənim üçün sözsüz ki, çətindir. İlk ağlıma gələn isə Quba rayonunda etdiyim “Love Story” çəkilişidir. Cütlüyün bir-birlərinə olan sevgisi və uyğunluğu Qubanın heyranedici gözəllikləri ilə ahəng təşkil edərək nəticədə möhtəşəm şəkillər çıxmışdı. Hətta şəkil çəkməyi buraxıb onları seyr etmək zövq verirdi.

Düşünürəm ki, hər bir fotoqrafın özünə məxsus dəsti-xətti mövcuddur. Mənim “Love-Story” çəkilişlərimdə ən diqqət etdiyim özəllik cütlüklərin geyim tərzi, mənim onlara verdiyim ideyanı məharətlə yerinə yetirmələridir. Hər şey cütlüklərdən asılıdır,onların mənə verdiyi stimul məni daha da həvəsləndirir və mənim şəkillər üzərində kiçik toxunuşlarımla da nəticədən hər kəs məmnun qalır.

Azərbaycan kəşf edilməmiş gözəlliklərlə dolu bir ölkədir. Fikrimdə yanılmaram ki, müəyyən təcrübəyə və səviyyəyə malik hər bir fotoqraf bu cür zəngin təbiətə və gözəlliklərə malik ölkədə uğurlu işlər çıxaracaqdır.

IMG_7843

IMG_7847

IMG_7844

IMG_7845

IMG_7846

 
 
 

Şərhlər

Menyu