Plastik Cərrahiyyədə Ilin Gözəllik Trendləri

01 Ali
 

Gözəllik və qadın anlayışları hər zaman eyni anda xatırlanaraq, insanlığın ən əhəmiyyətli bəşəri arzularından biri olub, tarix boyunca yaşanılan dövrə, sosial mədəniyyətə, estetik dəyər mühakimələrinə görə dəyişən bir qavramdır. Gözəllik təbiətin maddi predmetlərinə xas olan təbii keyfiyyət deyil, məhz ictimai keyfiyyətdir. Dəb, estetika və gözəllik anlayışları əsrlərdir dəyişərək fərqli şəkildə öz təzahür formasını tapmışdır. Estetik cərrahiyyənin inkişafı, insan bədəninin modasını yaradır. Hər bir cismin dəyişib, inkişaf etdiyi bir dünyada, şübhəsiz ki, gözəllik standartlarının da dəyişməsi labüddür. Yüz illərdir dəyişməkdə olan gözəllik etalonları hər dövrdə fərqli xüsusiyyətləri ilə diqqət çəkir. Gözəllik anlayışının belə dəyişilməsinə istiqamət verən əsas sahə isə plastik cərrahiyyədir. Ölkəmizdə və xarici ölkələrdə plastik əməliyyatlar həyata keçirən mütəxəssis “İstanbul NS” estetik klinikasının plastik, estetik  və rekonstruktiv cərrahı, tibb elmləri namizədi Dr. Abduləli Əliyev “Zuleykha” jurnalı oxucuları üçün günümüzün estetik trendləri barəsində məlumat verdi.

– Estetik cərrahiyyə trendləri hər bir dövrdə müxtəlifliyi ilə seçilir. Necə düşünürsünüz, son illərdə xarici görünüşdə proporsiya standartlarına uyğun hansı tendensiyalara tələbat daha çoxdur?

– Ümumi qəbul edilmiş klassik zövq parametrləri ilə yanaşı, illər keçdikcə estetik trendlər dəyişir. Buna misal olaraq, bir neçə il öncəyə qədər çox həcmli dodaqlara üstünlük verilirdisə, hal-hazırda bu artıq dəbdə olmadığı üçün pasientlərin təkrar müraciətləri ilə dodaqlarının kiçildilməsi əməliyyatı tətbiq olunur. Digər tərəfdən, incə, nazik qaşları qalın və qalxıq qaşlar əvəz edir. Son zamanlar bu səbəbdən qaş əkimi əməliyyatı, permanent-qalıcı və ya keçici tatuajlar, endoskopik qaş qaldırma əməliyyatları bu tendensiyaya xidmət edir. Bədən ölçülərinə gəldikdə isə, çox böyük olmayan və ya bədən proporsiyasına uyğun sinə ölçüləri tendensiyalar siyahısındadır. Bədənin kontur plastikası nəzərdə tutulan popo nahiyəsinin nəzərə çarpan həcmdə olması, silüet bədən forması, qum saatı təzahürü daha çox ön plandadır.
 

03 Ali
 

– Qərb ölkələri ilə Azərbaycanda icra olunan əməliyyatlar arasındakı fərq hansılardır?

– Ən məşhur əməliyyat növü olan burun estetikasına nəzər salsaq müəyyən burun-dodaq bucağı adlanan parametr var. Qərb və Şimal ölkələrində bu bucağın çox olması normal sayılır. Normal parametr 95-105-135 dərəcə arasında dəyişdiyini nəzərə alsaq, Azərbaycan üçün 135 dərəcə heç bir halda qəbul olunmayan ölçü olması ilə yanaşı, eyni əməliyyat Rusiyada icra edildikdə 95-105 dərəcə olduqca aşağı burun kimi qiymətləndirilir. Milliyyətçə slovyan kökənli olanların burunları anadangəlmə qalxıq olduğu üçün yüksək dərəcəli burun əməliyyatı daha uğurlu plastik əməliyyat hesab olunur. Ölkəmizdə isə müraciət edən 10 pasientdən 9-u qəti şəkildə qalxıq burun istəmədiklərini bildirir. Nə qədər paradoks səslənsə də, çox az bir hissə var ki, müraciət edən zaman burunlarının çox qalxıq olmasını istəyirlər. Biz Azərbaycanda və digər ölkələrdə əməliyyat icra edərkən məhz bu göstəriciləri nəzərə alıb, fərqli əməliyyatlar həyata keçiririk.

Plastik cərrahiyyə əməliyyatları son illərdə daha populyarlıq əldə edərək, insanlarda vacib bir ehtiyac halını alıb. Sizin fikrinizcə, bunun səbəbi nədədir?

– Azərbaycan üçün son 15-20 il plastik cərrahiyyənin daha da sürətlə inkişaf etdiyi bir vaxtdır. Bu səbəbdən, zaman keçdikcə ölkəmizdə bu sahənin mütəxəssislərinin sayı artmaqdadır və bununla əlaqədar olaraq plastik cərrahiyyəyə müraciət edən pasientlərin də sayı gün keçdikcə artmağa davam edir. Belə ki, insanlar sağlamlığına, yaşayışına maddiyyat ayırır, eyni zamanda artıq öz xarici görkəmlərini daha da gözəlləşdirmək məqsədi ilə plastik cərrahiyyəyə müraciət edirlər. Bir neçə il əvvələ qədər rinoplastika, qarın nahiyyəsinin əməliyyatı və s. normal qəbul olunurdusa, üz gəncləşdirmə, popo nahiyəsinin əməliyyatına müraciət edənlərin sayı olduqca aşağı idi, artıq bu pasientlərin sayı getdikcə artmaqdadır.

Estetika dünyasında trendlər haqqında söz açsaq, qeyd etməliyik ki, əməliyyat müdaxiləsi olsa belə, nəticənin təbii olması ən vacib faktor olaraq qalır. Artıq insanlar vizual olaraq hiss olunmayan əməliyyatları seçim edirlər. Buna hər zaman nail olmaq mümkündürmü?

– Azərbaycan üçün xarakteristik parametrlərdən biri də müraciət edən pasientlərin 90-95 faizinin icra olunan əməliyyatın bilinməməsi və ya nəticənin olduqca təbii görünüşə malik olmasını tələb etməsidir. Eyni zamanda çox az sayda insan var ki, əməliyyatın bilinməsi onlar üçün bir o qədər əhəmiyyətli deyil, önəmli olan əməliyyatın onlara yaraşmasıdır.
 

Ali 3
 

Plastik əməliyyata daha cavan görünüş əldə etmək üçün müraciət edən insanlar kifayət qədərdir. Sizin fikrinizcə, əməliyyatla 60 yaşlı birinin 40 yaşında görünməsi mümkündürmü?

– Keçirdiyi ağır həyat tərzindən asılı olaraq və ya ağır çəkili olduğu üçün, yaxud da sadəcə genetikası ilə bağlı olaraq yaşından artıq görünən insanlar təbii ki, mövcuddur. Peşəkar şəkildə icra olunan əməliyyat sayəsində 60 yaşında bir insanın 40-45 yaşında görünməsi mümkündür.

Bəs estetik cərrahiyyənin sağlamlığa hər hansı mənfi təsiri varmı?

– İnsanlar xoş bir nəticə əldə etmək üçün plastik cərrahiyyəyə müraciət edir və bu tibbin elə bir sahəsidir ki, hər şey həyat tərzindən və maddi rifahdan asılıdır. Belə bir hal ola bilər ki, plastik əməliyyat icra olunan nahiyyə görünüşcə idealdır, lakin pasientin sağlamlığına kiçik də olsa bir problem, bir maneə yaradırsa, bu əməliyyatın peşəkar icra olunmaması deməkdir. Bunun üçün də peşəkar, həyata keçirilən plastik əməliyyat zamanı insana yaraşması, proporsiyalara uyğun olması ilə bərabər, həm də orqanizmdə bir problem yaratmaması nəzərə alınmalıdır.

Sonda “Zuleykha” oxucuları ilə trend plastik əməliyyatlar sırasında sizin ən çox bəyəndiyiniz və tərəfdarı olduğunuz əməliyyat növləri haqda fikirlərinizi bölüşə bilərsinizmi? Elə bir standart ki, zaman keçsə də, o hər zaman trend hesab edilsin.

– Gözəllik hər zaman dəbdədir. Bu səbəbdən pasientlər əməliyyata qərar verərkən, öncə bunun onlara necə yaraşacağını düşünməlidir. Bir mütəxəsis olaraq pasient üçün pozitiv notlar bəxş edəcək bütün əməliyyatları etməyə hazırıq. Eyni zamanda trend əməliyyatlar siyahısında üz gəncləşdirmə əməliyyatı bir neçə il öncəyədək ölkəmizdə tərəddüdlə müraciət edilən bir sahə olmasına baxmayaraq, artıq insanlar bu haqda daha çox informasiyaya sahibdirlər.
 
 
Instagram: @alievplast_abdul_ali_aliev
Tel: +994 77 3558855
“İSTANBUL NS” klinikası

 
 
Hazırladı: Nigar Hacızadə
Foto: Elnur Rzayev
 
 
 

Şərhlər

Menyu