LİBAS COUTURE: “Bizim üçün vacib olan geyimin fəlsəfəsidir”

IMG_0191

 

Son illərdə ölkəmizdə sağlam addımları ilə dəb aləmində bütün diqqətləri üzərinə cəlb edən, xanımların geyimlə bağlı arzularını həyata keçirən LIBAS COUTURE moda evi keyfiyyəti, eleqantlığı və fərqli dizayna məxsus modelləri ilə dəbli xanımların qəlblərini fəth edir. Qarşıdan gələn Azerbaijan Fashion Week iştirakçılarından olan yerli brend bu mövsümdə də dinamik hazırlıqlardan sonra adı çəkilən moda tədbirinin podiumuna çıxacaq. Hər mövsümdə izləyicilərini diqqət mərkəzində saxlaya bilən moda evi bu ilki kolleksiyalarını sirr saxlasalar da müsahibə zamanı jurnalımıza bəzi açıqlamalarını  etdilər.

Beləcə, Zuleykha jurnalının “ÇANTA” rubrikasının bu dəfəki qəhrəmanları LIBAS COUTURE moda evinin təsisçisi Lina Əliyeva və dizayneri Zemfira Musayeva oldu. Yaxın rəfiqə olan bu xanımlarla səmimi intervyu zamanı möhtəşəm geyimlərin hazırlandığı məkanla və komanda ilə tanış olmaq şansımız oldu. Eləcə də, rubrikanın ənənəsinə görə onların şəxsi qarderobu ilə yanaşı yaratdıqları kolleksiyadan istifadə etdikləri geyimlərlə də tanış olduq.
 

11
 
 
– İlk olaraq bizə “Libas Couture”-un yaranma tarixindən və fəlsəfəsindən bəhs edərdiniz.

Zemfira: Xəyalını qurduğumuz moda evini 5 il əvvəl açmağa qərar versək də, 2 il öncə fəaliyyətə başlamaq qismət oldu. Məkanın adını seçərkən isə Azərbaycan dilinin zəngin leksikasından faydalanaraq “Libas” sözünə qərar verdik. Libas Couture- un fəlsəfəsi sözsüz ki, keyfiyyətdir. Bizə müraciət edən hər bir xanıma individual şəkildə yanaşırıq. O artıq bilir ki, onun üçün hazırlanmış geyim yalnız ona məxsusdur. Tikilən geyimdə xanımın bədən ölçülərindən saç və dəri rənginə qədər hər incə nüansa xüsusilə diqqət yetiririk. Məhz buna görə parçanın keyfiyyəti, tikiliş səliqəsi, aksessuarlar bizim üçün çox vacibdir.

Lina: Maraqlısı budur ki, biz bu ada qərar verərkən köhnə fransız lüğətində də bu söz rastımıza çıxdı. Mənası “gəlinlik örpəyi” deməkdir. Sonda hər iki lüğətdə mövcud olan və çox xoşumuza gələn “Libas” ifadəsində fikrimiz qəti oldu.

 

IMG_9866

 

– “Libas Couture” əsasən hansı üslubda geyimlər hazırlayır?

Zemfira: Biz müxtəlif üslublarda geyimlər hazırlayırıq. Bankda işləyən xanımlar üçün kostyumlardan tutmuş, universitetdə işləyən müəllimə müştərilərimiz üçün gündəlik geyimlərə qədər tikirik. Eyni zamanda ziyafətlər üçün eleqant geyim sifarişlərini də qəbul edirik. Hətta qeyd edim ki, biz üst geyimləri belə hazırlayırıq. Biz üst geyimlərinə də digər geyimlərdə olduğu kimi individual yanaşaraq onlara fərqli parçalar, fərqli sancaqlar, düymələr və aksessuarlarla şarm qatırıq.

Lina: Hal-hazırda şəhərdə çox sayda butiklərin olmasına baxmayaraq, xanımlar özləri üçün mükəmməl geyimi seçməkdə olduqca çətinlik çəkir. Məhz buna görə, biz qadınların özlərinə, bədən ölçülərinə uyğun müxtəlif tərzdə geyimlər hazırlayırıq.
 
 
– Kolleksiyalarınızın hazırlanma prosesi necə baş verir?

Zemfira: Son 2 ildir ki, ölkəmizdə Moda Həftələri keçirilir və biz də orada iştirak edirik. Bu tədbirə hazırlaşmaq, iştirak edənlərə öz geyimlərimizi təqdim etmək bizim üçün xüsusi bir hadisədir. İştirak zamanı sırf gecə libasları yox, gündəlik geyimlər, kokteyl geyimləri, eyni zamanda qeyri-adi dizayna malik geyimlərimizi də təqdim edirik. Əlbəttə ki, kolleksiyanın hazırlanma prosesində mükəmməl nəticə ortaya çıxaran komandamıza da borcluyuq.
 
 
– Dəsti-xəttinizdə üslubunuzu vurğulamaq üçün təkrarladığınız elementlər mövcuddurmu?

Zemfira: Əlbəttə. Düşünürəm ki, qadının ən zərif yeri onun belidir, bu səbəbdən geyimlərdə bel hissəni vurğulamağı çox xoşlayıram. Qədim tariximizə nəzər salsaq görərik ki, şərq qadınları geyimlərində bel hissədə kəmər və müxtəlif büzmələr istifadə edərək belin incəliyini vurğulayıblar.

 

123

1

 

– Bildiyimiz qədər “Libas Couture”-un istifadə etdiyi xüsusi materiallar və detallar vardır ki, hazırlanan məhsulu həm keyfiyyətinə, həm də gözəlliyinə görə fərqləndirir. Bu haqda məlumat verə bilərsinizmi?

Lina: Biz doğrudan da bununla qürur duyuruq ki, İtaliyanın çox məşhur tekstil fabriki ilə çalışırıq ki, Chanel, Oscar de la renta, Zuhair Murad, Elie Saab və digər moda evləri üçün parça istehsal edirlər. Bu bizi digərlərindən fərqləndirən əsas amildir. Biz eləcə də, elə bir düymə fabriki ilə çalışırıq ki, onlar təxminən 1956-cı ildən fəaliyyət göstərirlər. Hətta xüsusilə qeyd edim ki, “Milyonu necə oğurlamalı” filmində Odri Hepbernin məşhur paltosu üzərində olan düymələri bu fabrik hazırlamışdır. Sapları, ipləri belə xüsusi olaraq seçirik. Eləcə də, biz asılqan və geyim üzərində olan yarlıqları da xüsusi olaraq sifariş edirik.
 

156

IMG_0161
 

“Libas Couture” brendi əsasən hansı auditoriyani əhatə edir?

Zemfira: Bildiyiniz kimi ölkəmizdə ən çox toy mərasimlərinə diqqət yetirilir və pul xərclənilir. Bizə hər yaş təbəqəsindən xanımlar müraciət edir. Bizim atelyemizə daxil olan qadınların duruşu, danışığı, geyimi çox zərif olur və onlara baxan zaman əsl “xanım” zərifliyi duyulur.
 
 
– Brendinizi ən yaxşı ifadə edəcək 3 söz hansıdır?

Zemfira: Rəngkarlığı bitirdiyimə görə mən rənglərə qarşı çox həssasam. Dizayn etdiyim geyimlərdə qara rəngi demək olar ki, istifadə etmirəm. Buna görə ilk söz “Rəng”dir. İkincisi “Keyfiyyət”. Geyim müştəridən öncə mənim xoşuma gəlməlidir, çünki elə məqamlar var ki, xanım bunu görməyə bilər, lakin mən peşəkar gözüylə baxdığım üçün hər incə detalı görürəm. Geyim tam hazır olduqdan sonra artıq bilirəm ki, bu geyim hər kəs tərəfindən bəyəniləcək. Üçüncü isə “Abu-hava”dır. Bizim komandamızda ən vacib nüanslardan biri müsbət abu-havanın olmasıdır.

Lina: Keyfiyyət, Kreativlik, İnkişaf. Biz heç zaman yerində addımlamağı xoşlamırıq. Etdiklərimiz bizə kifayət etmir, dünya ölkələrinin bazarlarına daxil olmaq, orda tanınmaq bizim hazırki hədəflərimizdən bir neçəsidir.
 
 
10
– Bakı bir dizayner üçün hansı fürsətləri və ya əngəlləri yaradır?
Zemfira: Mənim üçün ən böyük əngəl insanlarda olan zövqsüzlükdür. Xüsusən cavanlarda zövqsüz geyim seçimi gördükdə bu məndə ruh düşkünlüyü yaradır.

Lina: Bakı kiçik şəhərdir, buna görə də bizim moda evimiz yeni fəaliyyətə başlayan zaman dostlarımız, tanış insanlar brendimiz haqda danışır və bizə dəstək olurdu. Bu bizə olduqca qısa müddətdə böyük məşhurluq qazandırmışdı. Ölkəmizdə tekstil sahəsinin inkişaf etməməsini dizaynerlər üçün olduqca böyük əngəl hesab edirəm.
 
 
– Son bir neçə ildir keçirilən Azərbaycan Fashion Week moda günlərində builki iştirakınızı necə şərh edərdiniz?

Zemfira: “Libas Couture” daima inkişaf etməyə davam edir. Mənim üçün fərq etməz, nümayişi izləməyə bir nəfər gəlsə belə mən möhtəşəm geyimlər hazırlamağa, parçaya yeni həyat verməyə çalışaram. Hər dəfə daha çətin ştrixli geyimlər, daha maraqlı modellər seçirəm. Bizim üçün vacib olan geyimin fəlsəfəsidir, insanlar geyimə baxan zaman onlara çatdırmaq istədiyimi anlaya bilsinlər.

Lina: Bu il də nümayiş olunacaq geyimlərin qadınsı və əsrarəngiz olmasına çalışırıq. Tezliklə nümayiş olunacaq kolleksiyada bunun şahidi olacaqsınız. 
 
 
6
 
 
– Bu sahədə yeni başlayanlara nə məsləhətlər verərdiniz?
Zemfira: Mən keçən mövsüm baş tutan dəb həftəsində çox gənc dizayner olan Cəmilə Məlikovanın kolleksiyasını izlədim, çox qürurlandım və kövrəldim. Mən o yaşda olanda bu fürsətlər mənim üçün yaranmamışdı (kövrəlir). Günümüzdə gənclər üçün böyük fürsətlər yaradılır və bu onlara bacarıqlarını nümayiş etdirmək üçün çox gözəl imkandır. Cəsur olsunlar, qorxmadan cəhd etsinlər.

Lina: İstərdim ki, hər bir dizayner əlində şansı varsa xaricdə bu işin təhsilini alsın. Əfsuslar olsun ki, ölkəmizdə bu sahənin məktəbi bir o qədər güclü deyil.
 
 
– Hansı çantalara daha çox üstünlük verirsiniz?

Zemfira: Bu sualın da cavabı mənim üçün dəyişməzdir. Rənglər mənim üçün ən vacib detaldır. Çanta üzərində rəng kombinlərini çox xoşlayıram. Eyni zamanda həsir çantalarını da çox bəyənirəm. Yay aylarında kiçik çantalara, soyuq aylarda isə ortaboylu çantalara üstünlük verirəm. Böyük ölçülü çantalar mənim üçün rahat deyil. Həndəsi formalı çantaları da çox sevirəm. Bundan əlavə, rəng seçimi mənim üçün olduqca vacib faktordur. Linanın cavabını isə onun adından söyləyə bilərəm. Onun üçün vacib olan keyfiyyətdir. Tikiliş, səliqəli kəsim ən çox diqqət etdiyi məqamdır.

Lina: Cavab verməyə çətinlik çəkirəm, çünki fərqli anlarda fərqli çantaları bəyənə bilərəm. Bəli, tamamilə doğrudur. Çantanı əlimə alan zaman o mənə öz yaradılış hekayəsini bildirməlidir. Çox diqqət çəkən və hər kəsdə olan “trend” çantaları bəyənmirəm. Elə çantalara üstünlük verirəm ki, onlar uzun müddət trend olaraq qalsın və dəbdən düşməsin.
 
 
5

IMG_0064
 
 
– 2016-cı ilin çanta dəbi haqqında nə deyə bilərsiniz? Sizin fikrinizcə, bu ilin trend çantası hansı modellər olacaq?

Lina: Bir çox trend modellər var ki, artıq bir neçə ildir dəbdən düşmür. ChloeValentino modellərini buna misal göstərmək olar. Plastik formalı, kitab və başqa maraqlı formalı çantalar son ilin trendlərindəndir. Ümumiyyətlə düşünürəm ki, çantanı dəbə uyğun deyil, xarakterə uyğun seçmək lazımdır. Çünki dəb bizi deyil, biz dəbi idarə etməliyik.
 
 
IMG_0126

06

3

13

(Zemfiranın qarderobundan bəzi seçmələr. Ən sevdiyi lukları o məhz bu şəkildə dəstləşdirməyə üstünlük verir.)

 
 

IMG_0115

02

01

14
(Linanın ən sevdiyi geyim və aksessuarlar. O məharətlə “Libas Couture”-a aid əşyaları digər brendlərlə cütləşdirməyi sevir.)

 
 
– Sonda isə ənənəvi sualımız olan “Libas Couture” xanımlarının 3 qızıl qarderob qaydasını bilmək istərdik.

Zemfira: Qarderobumda mütləq olanlar: qara şalvar, dəri gödəkçə və uzun palto.

Lina: Mənim qarderobumda minimum 12 ədəd ağ köynək olmalıdır. Çünki istənilən dəvətə, məkana, istənilən geyimə uyğunlaşa bilirlər. Bej rəngli alçaq daban ayaqqabılar və “həyatın hər anı üçün nəzərdə tutulmuş” don. Mənim vişnə rəngində belə bir donum var, onu bir çox dəvətlərə geyinə bilirəm.
 
 
Hazırladı: Nigar Sani
Foto: Elyar Məlikov
 
 

2

3

4

IMG_0183

9

12
 
 

Şərhlər

Menyu