Bakıda top 5 toy fotoqrafı. Ən özəl anları əbədiləşdirən peşəkarlar.

Həyatımızın ən özəl və mühüm günlərindən biri olan toy mərasimini yadda qalan etmək üçün əlimizdən gələni əsirgəmir, ən kiçik detallara qədər dəfələrlə düşünürük. Nəticədə böyük məhəbbətlə hazırlanan toy mərasimi cəmi bir neçə saat davam edir. Toydan sonra əlimizdə qalan bir tək həmən gecəni əks etdirən, bir ömür boyu xatırlayacağımız toy şəkilləri olur. Bu həyəcanlı anları əbədiləşdirən, yaddaşlara həkk edən isə öz işində peşəkar olan toy fotoqraflarıdır. Onlar sıradan fotoqraflar deyil, həmən gecə sanki məclisin “xüsusi təyinatlılarıdırlar”.

Sonda nəticədən razı qalmaq üçün ümidləri gerçəkləşdirən, nə istədiyinizi hiss edən fotoqrafın müəyyən edilməsi toy hazırlıqlarından birinin ən vacib qayğılarındandır. Bunun üçün ilk öncə gözünüzü yumub, toy gününüzü təsəvvür etmək və bütün görmək istədiklərinizi toy fotoqrafınızla xəyallarınızda canlandırdığınız kimi paylaşmaq gərəkdir. Bu işin sirlərinə bələd olan, mühiti duya bilən, bədii zövqə sahib olan peşəkar toy fotoqrafı sizlər üçün illər sonra sevgi və nostalji hisslərilə baxacağınız toy gecəsinin ən özəl anlarından ibarət foto albom hazırlayacaqdır.

Günü-gündən sayı artmaqda olan toy fotoqrafları yaradıcılıq üslubu və işləmə tərzi ilə bir-birlərindən fərqlənirlər.  “Zuleykha” jurnalı Azərbaycanda öz sahəsində öz sözünü demiş top 5 peşəkar toy fotoqrafını seçərək mövzu ilə bağlı onların hər birindən kiçik müsahibə aldı. Suallarımızı şəhərin tanınmış fotoqrafları Orxan Aslanov, Şahin Mürşüdli, Həbib Səmədov, Cəmil Mirzəyev və Kənan Məcidov cavablandırdı.
 
 
 
ORXAN ASLANOV

– İlk vaxtlar fotoqrafiya mənim üçün sadəcə bir hobbi idi. Açığını etiraf edim ki, fotoqrafiya sənətinə bu qədər bağlanacağımı düşünmürdüm. Ancaq zamanla o həyatımın ayrılmaz bir hissəsinə çevrildi. Bu sahədə ən böyük dəstəkçim gəncliyində həvəskar fotoqraf olan mənə böyük inam bəsləyən atamdır. Eləcə də, ilk gündən bu günə kimi mənə daim stimul verən anamın da rolu əvəzsizdir.
 
– Yaddaqalan xatirələr çoxdur.  Xatirələrin ən unudulmaz olanları çəkdiyim fotolarda öz əksini tapıb. Çəkmək məsələsinə gəldikdə, hər şey fotoqrafın təcrübəsindən asılıdır. Uzun müddət bu sahədə fəaliyyət göstərən fotoqraf zamanla işində peşəkarlaşaraq anı tutmağı öyrənir.

– Bizim toylarda görmək istədiyim insanlardakı sərbəstlikdir. Ancaq bizim məclislərdə insanlar çəkingən və kamera gördükdə daha utanqac münasibət göstərdiklərindən təbii və maraqlı kadrlar çəkmək alınmır. Onu da qeyd edim ki, bizim toylarda böyük dəyər verdiyim xüsusiyyətlərdən biri böyüklərə hörmət və təvazökarlıqdır. Bütün bu adətlərlə yanaşı, toylarımızda sərbəstlik də olarsa, fotoqrafın işi daha rəngarənq alınar. Digər önəmli məqamlardan biri cütlüyün münasibətidir. Əgər çütlük həyat dolu, şən və gülərüzdürsə, o zaman toy da daha əyləncəli davam edir.
 
– Əsl toy fotoqrafı ilk öncə yaxşı insan olmalıdır. İkinci cəhət əlbətdə ki, böyük təcrübəyə sahib olmalı, yaradıcı düşüncə tərzi ilə seçilməli, yeni-yeni fikirlər ərsəyə gətirməli, toyun gedişini peşəkarcasına idarə edə bilməli, ən əsası isə toy fotoqrafı olmaqla yanaşı bəyin dostu kimi çıxış etməlidir.
 

1426246_10151842097476482_830937522_n

10464276_10152376552921482_4547242003519462141_n

180789_501456006481_7477457_n

1240497_10151628535771482_1610981219_n

428655_10151436543676482_902122077_n
 
 

ŞAHİN MÜRŞÜDLİ

– Fotoqraf olmağa 2007-ci ildə qərar verdim. Əvvəl Azərbaycanda fəaliyyət göstərən çəkiliş qruplarından birində işıqçı kimi işləyirdim. Orda işlədiyim müddətdə qazandığım təcrübənin dəyəri ölçülməzdir. Qazandığım təməl bilik sayəsində istənilən təsviri sənət növündə işıqlandırma  bacarığına sahib oldum. Sonra həmin şirkət fəaliyyətini dayandırdı və mən gələcəyim barədə düşünməli oldum. Elə bu zaman da anladım ki, fotoqraf olmaq istəyirəm. Ancaq bir az daha səbirli olub, bu işin nəzəri tərəfini öyrənməyə vaxt ayırandan tam bir il sonra 9 may 2007-ci ildə gedib özümə fotokamera aldım. O gün bu gündür ki, fotoaparat mənim həyatımın ayrılmaz hissəsinə çevrilib.

– Hər bir toy mərasimi özlüyündə unikaldır. Yadımda qalan maraqlı hadisələr çoxdur. “Bir dəfə gənc cütlük iki nəfərlik kabriolet sifariş vermişdi. Restorana doğru gedəndə məlum oldu ki, bəy maşını benzinlə doldurmağı unutduğundan Babək prospektində maşının benzini bitib. Dostlardan kömək almağa çalışan bəyin cəhdləri uğursuzluqla nəticələndikdən sonra,  əlacsız qalan cütlük maşını özləri hərəkətə gətirməyə başlayıblar. Gəlin sürücü yerinə keçib, bəy isə arxadan itələyərək maşını benzin doldurma məntəqəsinə aparıblar. Belə maraqlı mənzərə ilə qarşılaşan benzin rəhbərliyi 10 l bezini gəlinlə bəyə hədiyyə veriblər. Mənsə bunu eşidəndə çox pis oldum. Əslində belə maraqlı və məzəli anları çəkib, cütlüyün bir ömür boyu təbəssümlə seyr edəcəkləri fotoları xatirəyə çevirə bilərdim.

– Azərbaycan toylarında görmək istədiyim ilk əsas keyfiyyət səmimiyyətdir. İctimai sentimentallıq bizim xalqa xas olan xüsusiyyət deyil. Bəyin gəlini öpməsi, qolları arasına alıb qucaqlaması kimi hallara bizim toylarda çox az rast gəlinir. Xarici vətandaşlarla iş zamanı heç bir problem yaşanmır. Cütlük bir birini sevir və hər şey təbii olaraq baş verir. Mənə də bir fotoqraf kimi bu gözəl, səmimi və individual anları çəkmək qalır.

– Fotoqraf olmaq istəyən şəxs ilk olaraq əmin olmalıdır ki, texniki cəhətdən bunu etməyə hazırdır. Toy fotoqraflığı elə bir fəaliyyət növüdür ki, səhvləri bağışlamır, çünki, siz itirdiyiniz anı bir daha geri qaytara bilməyəcəksiniz. İkinci önəmli cəhət isə hər bir fotoqraf öz üslubunu tapmalıdır. Unutmayın ki, yaxşı fotoqraf ilk öncə yaxşı psixoloqdur. Fotoqraf cütlüyün inamını qazanmalıdır ki, iş prosesi daha səmimi keçsin.
 

01

02n

04

03

06
 
 

HƏBİB SƏMƏDOV

– Fotoqraflığa 2008-ci ildə dizayner kimi çalışdığım şirkətdə başlamışam. Dizaynını etdiyim jurnalın şəkillərini çəkmək mənə həvalə olunmuşdu. Beləliklə məndə fotoqraflığa həvəs yarandı və bu sahədə işləməyə qərar verdim.

– Ən yaddaqalan xatirələrdən biri toyda üzük taxma mərasimində üzüklərin yaddan çıxıb evə qalması olmuşdu. Mən də bəyi bu çətin vəziyyətdən çıxartmaq üçün üzüyümü bəyə verdim. Xoşbəxtlikdən gəlində də əlavə üzük vardı. Çətin vəziyyətədən belə çıxdıq. Çəkmək istədiyim ancaq alınmayan fotolar, əlbətdə ki, olub. Bizim insanlar kamera görəndə bir az çəkinirlər, öz hisslərini gizlətməyə üstünlük verirlər .

– Bizim toylarda çəkilişə daha çox restoranda üstünlük verirlər, bu isə fotoqrafın imkanlarını məhdudlaşdırmaqla yanaşı, özünü layiqincə göstərməyə imkan vermir. İstərdim ki, xaricdə olduğu kimi toy mərasimindən qabaq çəkiliş üçün ayrılan vaxt daha çox olsun. Çünki toy fotoqrafiyası ən çətin janrlardan biridir və burada reportaj, portret və qurulmuş çəkilişlər yer alır. 10-15 ildən sonra bu şəkillərə baxdıqda cütlüklər qeyri-adi hisslər keçirəcəklər. Bu silinməz tarixdir.

– İlk öncə fotoqraf zövqlü olmalıdır, daim öz üzərində çalışmalı, dünya görüşünü artırmalıdır. Ən önəmli məqamlardan biri isə işini çox sevməli, maadiyyat xətirinə işləməməlidir.
 

11692776_1088379571214872_2568353791986407829_n

HSP_8589

HS__0259

HSP_7444

small
 
 

CƏMİL MİRZƏYEV

– Fotoqrafiya sənətinə marağım ilk dəfə dostlarımla Ekvadorda istirahətə getdiyimiz səyahət zamanı yarandı. Bizi əhatə edən gözəlliyə laqeyd qalmaq qeyri-mümkün idi və məndə bu gözəlliyi əbədiləşdirmək və sonra dəfələrlə baxmaq qərarına gəldim. Gördüyüm heyrətamiz və ekzotik mənzərələrdən o qədər həvəsə gəlmişdim ki, dayanmadan gördüyüm hər yeri- meşə, şəlalə, yerli sakinləri çəkirdim. Bir nəçə ildən sonra bu hobbim sevimli işimə çevrildi.

Demək olar ki, hər toyda səbirsizliklə gözlədiyim özəl anlardan biri bəylə gəlinin ilk rəqsidir. Rəqs zamanı bir-birini sevən cütlüyün bir-birinə sevgi ilə baxmasını, hiss etdikləri o həyəcanı fotolarımda əks etdirməyə çalışıram.

– Bizim toylar çox şən, əyləncəli keçir. Lakin mənim üçün əcnəbilərin təşkil etdiyi 50-100 nəfərlik kiçik toylar daha isti və səmimi təsir bağışlayır. Belə kiçik toylarda hər kəs bir-birini tanıyır, münasibətlər daha səmimi və mehriban olur.

– Düşünürəm ki, ilk olaraq hər bir fotoqrafda böyük təşəbbüs hissi olmalıdır, ikinci önəmli məqam anı görmək və həmin kadrı texniki cəhətdən çəkə bilmək bacarığına sahib olmaq və nəhayət üçünçü çütlüklərlə dil tapıb onlarda inam yarada bilmə bacarığına sahib olmaq kimi keyfiyyətlər çox önəmlidir.
 

0400

_JM71350

_JAM0763-2

01

02
 
 

KƏNAN MƏCİDOV

– Magistratura təhsili üçün İstanbula getmişdim və ilk rəqəmsal fotoaparatımı orada olarkən aldım. İstanbul elə bir şəhərdir ki, yüzillər boyunca nə qədər fotolar çəkilsə də daim yeni mənzərə, yeni fonlar, yeni rakurslar kəşf etmək mümkündür. Mən də həm təhsil alır, həm də müxtəlif fotoqrafiya seminarlarına, foto gəzintilərinə qoşularaq özümü bu sahədə inkişaf etdirməyə çalışırdım. Həmin ərəfələrdə Bakıda ilk foto-informasiya agentliyi “Azərfoto” təsis edilmişdi və agentlik gündəlik xəbərlərdən daha çox foto reportajlara üstünlük verirdi. 26 fevral Xocalı faciəsinin ildönümündə İstabulda təhsil alan tələbələrin Taksim meydanındakı yürüşündə iştirak edərkən, həm də ilk foto-reportajımı çəkib Bakıya yolladım. O ilk foto-reportajım çox bəyənildi və mən agentliyin Türkiyə üzrə təmsilçisi olaraq peşəkar fəaliyyətim başlamış oldum. Zamanla jurnalistika öz yerini fotoqrafiya ilə əvəz eədərək, həyat tərzimə çevrildi. Artıq özümü fotoqrafiyasız təsəvvür edə bilmirəm.

– 2010-cu ilin sentyabr ayı etdiyim çəkilişi heç vaxt unutmaram. Bir cütlüyün toy çəkilişinə dəvətli idim. Evdə çəkilişə başlayıb, gəlinin portret fotolarını, rəfiqələri və ailə üzvləri ilə fotolarını çəkib tamamlamışdım və oğlan evinin gəlməsini gözləyirdik. Bəy otağa daxil olarkən onu ilk gördüyümdə bir anlıq duruxdum, gözlərimə inanmadım, heç nə çəkə bilmədim: bəy, aylar öncə ağır avtomobil qəzası keçirmiş, ölümdən dönmüşdü və demək olar ki, hərəkət etmirdi. Lakin toy boyunca gəlinin həyat yoldaşına olan sevgisinin böyüklüyünü düşünürdüm və bu hisslərin təsiri altından çəkilişi davan etdirdim. Üzərindən 6 ilə yaxın vaxt keçir, hələ də o toyu ilk günkü kimi xatırlayıram.

– Fotoqraf olaraq qarşılaşdığım əsas çətinliklərdən biri – məkan seçiminin məhdud olmasıdır. Hər nə qədər peşəkar fotoqraf eyni toy məkanlarında öz fantaziyasına uyğun fərqli ideyalar ərsəyə gətirməyi bacarsa da, məkan, arxa fon daim eyni olduqca fotolarda bənzərlik yaranır. Bu səbəbdən açıq hava, özəlliklə də dənizkənarı məkanların, açıq hava toylarının çox olmasını istərdim.

– Hər şeydən öncə düşünürəm ki, duyğular, hisslər hədsiz önəmlidir. Bir moda çəkilişinə, bir avtomobil və ya hər hansı interyer çəkilişinə duyğular olmadan da yanaşaraq peşəkar formada o işi yerinə yetirmək olar, lakin toy çəkilində bu qeyri-mümkündür. Salonda hazırlıq zamanı gəlinin həyəcanını, evdə çırağın başında qızına xeyir-dua verdikdən sonra bir kənara çəkilib göz yaşlarını hamıdan gizləməyə çalışan atanı, vağzalı səslənərkən oğluna bütün gücü ilə sarılan ananı hiss etməyən fotoqrafın ortaya çıxaracağı toy reportajı düşünün nə dərəcədə real ola bilər. Toy foto-reportajı birbaşa olaraq fotoqrafın həyata baxışının, hisslərinin, duyğularının fotolarda əksidir, onun fotolarına baxan izləyici çəkilən fotolarda təkcə anları, detalları deyil, eyni zamanda fotoqrafın özünü görmüş olur. İkinci önəmli cəhət isə fotoqrafın cütlüklə qura bildiyi “dialoqdur”. Uğurlu toy fotolarının alınmasında toy gününədək cütlüklə fotoqrafın arasında yaranmış səmimiyyət vacib rol oynayır. Sonuncu önəmli məqam fotoqrafın peşəkarlığı, dəqiq desək, işıqdan istifadə və düzgün kompozisiya qurmaq bacarığıdır. Bu da zaman, təcrübə və öz üzərində daim işləməklə əldə edilir.
 

Hazırladı: Mənsurə Məmmədəliyeva
 
 
1111

Kenan Mecidov wedding photography_50

Kenan Mecidov wedding photography_01

Kenan Mecidov wedding photography_11

Kenan Mecidov wedding photography_56

 
 
 

Şərhlər

Menyu