“NOBL”: Missiyasına çatmaq üçün İrlandiyadan Vyetnama aparan ruhlandırıcı həyat hekayəsi

NoblePoster
 

Ssenari müəllifliyi və rejissorluğunu Stiven Bredleyə aid bioqrafik film olan “Nobl”, uşaq hüquqları müdafiəçisi, xeyriyyəçi və yazıçı Kristina Noblın ibrətamiz həyatından bəhs edir. Real hadisələr əsasında çəkilən film, Kristinanın ağır uşaqlıq travmaları, uğursuz evliliyi və həyatının dönüm nöqtəsi olan Vyetnam macəralarının təkbaşına dünyada nəsə dəyişdirə biləcəyinə inanan bir qadının ruhlandırıcı həyat hekayəsidir.

Kristina İrlandiyada kasıb ailədə, xəstə ana və alkoqolik atanın 4 övladından böyüyü olaraq dünyaya göz açır. Olduqca çətin bir uşaqlıq keçirən Kristinanın 10 yaşında anasını itirməsi ilə birlikdə həyatı da kökündən dəyişir. Məhkəmə qərarı ilə atalarından məhrum olunan uşaqlar fərqli kilsələrə və yetimxanalara verilir və bununla da baş qəhramanın həyatının ən ağır dönəmləri başlanır

Kilsədə böyüyən, gənc qız ikən 4 nəfərin təcavüzünə məruz qalan, ilk övladı rahibələr tərəfindən əlindən alınıb övladlığa verilən  Kristinanın yaşadığı “silsilə bədbəxtliklər” bununla da bitmir. Qurduğu evlilik də uğursuzluqla nəticələnən gənc qadın 3 uşağı ilə birlikdə evindən ayrılır.
 

MV5BMjE5Mzc2ODE2OF5BMl5BanBnXkFtZTgwMDE2NzUwNDE@._V1__SX1233_SY595_

la-et-mn-noble-movie-review-20150508

MV5BMTU1MTkxODY2OV5BMl5BanBnXkFtZTgwMDg3NzUwNDE@._V1__SX1233_SY595_
 

1955-ci ildə başlayıb, 1975-ci ildə ağır fəsadlarla bitən Vyetnam müharibəsindən olduqca təsirlənən Nobl övladlarını böyütdükdən sonra buraya üz tutur və taleyinin əsas hissəsinin onu elə burada, müharibə sonrası aclıq, kasıbçılıq və kimsəsizliklə sınanan Vyetnam küçələrində keçəcəyini anlayır.

1989-cu ildə müharibədən 14 il sonra Vyetnama gələn Christiana cibində bir miqdar pul, böyük bir xəyal və bənzərinə az rastlanılan cəsarətlə həyatını tamam fərqli bir istiqamət üzərində yenidən qurur.  Qeyri-adi bir həyat hekayəsi olan “Nobl” filmi müharibənin bəşəriyyət üçün necə böyük bir fəlakət olduğu  Vyetnam müharibəsinə aid kadrlarla bir daha vurğulanır və  Kristina sayəsində izləyiciyə humanizm aşılanır. Onun cəsarəti və mübarizə əzmi izləyicidə böyük maraq və qibtə hissləri oyadır, eyni zamanda dünyada baş verən fəlakətlərə və bədbəxtliklərə qarşı da daha həssas olmağa çağırır.

Vyetnam və Monqolustanda 100-dən çox proyektə imza atan, 700.000-dən çox uşaq və ailəyə sığınacaq verən, onların təhsil və sağlamlıqları ilə məşğul olan Kristina Britaniya İmperiyası tərəfindən “Dostluq nişanı” ilə mükafatlandırılmışdır. “Mama Tina” ləqəbi ilə tanınan xanımın həyatından bəhs edən film isə öz növbəsində Dallas Beynelxalq Film Festivalında “Tamaşaçı mükafatı”, Nyuport Film Festivalında “Ən yaxşı xarici film” mükafatı və Boston İrlandiya film festivalında “Ən yaxşı ” mükafatına layiq görülüb.
 
 
Hazırladı: M. Həsənova
 
 
 

 

Şərhlər

Menyu