Fotoqraf Leyla Bağırlı: “Fərqliliyi sevsəm də, çərçivədən kənara çıxmaq adətim deyil”

3
 

Ç əkdiyi yemək şəkillərində özünəməxsus tərzi, istifadə etdiyi yumşaq rəngləri ilə fərqlənən “Beat Group” kreativ aqentliyinin fotoqraf-dizayneri Leyla Bağırlı jurnalın “ÇANTA” rubrikasının qonağı oldu. Leylanı sosial şəbəkələrdən tanıyanlar onu maraqlı geyim tərzi və orijinal dəb kombinasiyaları ilə xatırlayar. Qarderonu “Zuleykha” jurnalı ilə paylaşmaqdan çəkinməyən gənc fotoqraf ixtisasca Kimya mühəndisi olmasına baxmayaraq, onun həm də peşakar skripka ifaçısı olması Leylanın fərqli istiqamətlərdə istedadlı olmasına işarətdir. Fərqli məşğuliyyətləri özündə cəmləyə bilən qonağımızla moda və qarderob haqda danışdıqca, onun maraqlı fikirləri ilə tanış olduq.

– İşinizlə bağlı olaraq aktiv həyat tərzi keçirirsiniz. Dəb yeniliklərini yaxından izləyirsiniz?
-Mən özümü dəb alüdəçisi adlandırmazdım, buna baxmayaraq, dəblə ayaqlaşmağa çalışıram. Yerli dizaynerlərin, tanınmış simaların qırmızı xalça mərasimində geyindiyi libaslarla hər zaman maraqlansam da, yüksək moda evlərinin dizaynerlərinin son kolleksiyalarında müraciət etdikləri dəb tendensiyalarından dərin məlumatım yoxdur.
 

1
 

– Qarderobunuzda ən sevdiyiniz əşyalar hansılardır?
– Aksessuar dedikdə hər zaman sırğalardan istifadə edirəm. Geyim olaraq isə kardiqanlar mənim zəif yerimdir. Səhv etmirəmsə, qarderobumda kardiqanların sayı köynəklərimdən daha çoxdur. (gülür) Rahatlığı sevdiyim üçün idman ayaqqabıları favoritlərim sırasındadır.

– Geyim tərzi seçiminizdə cəsarətli, yoxsa konservativsiniz? Məsələn, hər hansı toy mərasiminə gedərkən cins şalvar geyinərdinizmi?
-Düşünürəm ki, hər məkanın öz geyim tərzi var. Fərqliliyi sevsəm də, çərçivədən kənara çıxmaq adətim deyil. Toy libasında dostlarımla kafeyə getməyəcəyim kimi, cins şalvarla da toya getməzdim.

– Çəkdiyiniz şəkillərdə əsas diqqət obyekti yemək və interyerdir. Bəs moda üslubunda çəkməyi düşünürsünüzmü?
-Moda üslubunda çəkməyi çox xoşlayıram, lakin işimlə əlaqədar olmadığı üçün sosial şəbəkələrdə həmin fotoları paylaşmamışam. Çəkdiyim şəkillər arasında bir neçə brendin kolleksiyaları da yer alır. Lakin yemək şəkilləri çəkmək mənim işimdir və mən işimi çox sevirəm.

– Bizim üçün yeni məlumat olsa da, anladığımız qədər sizi musiqi ilə bağlayan səbəblər var. Bunu necə şərh edərdiniz?
– Bəli, mən musiqi məktəbini bitirmişəm və skripkada sərbəst ifa edə bilirəm. Kefim olmadığı anlarda əhvalımı düzəltmək üçün mahnı zümzümə edirəm. Hətta iş yoldaşlarım çox zaman “Leyla, bizim üçün mahnı ifa et!” deyib, nəsə oxumağımı xahiş edirlər. Kollektivimizin keçmiş üzvlərindən biri qitarada ifa edirdi, mən də mahnı oxuyurdum, ofisdə mini konsert verirdik. Yenidən skripkada ifa etməyi çox istərdim, ancaq təəssüf ki, buna vaxtım olmur.
 

2
 

– Rubrikamız “ÇANTA” adlanır. Simvolik sullar silsiləsindən Leyla Bağırlının çanta seçimində diqqət yetirdiyi nüansları bilmək istərdik. Çanta sizi hansı xüsusiyyətləri ilə cəlb etməlidir?
– Çanta seçərkən ölçüsünün böyük olmamasına diqqət edirəm. Düzünü desəm, əlvan rəngli çantaları sevmirəm. Bir həftə ərzində bir çantadan istifadə etdiyimə görə onun rəngi solğun və daha az diqqət çəkən olmalıdır ki, əksər luklarımla uyğun gəlsin. Həmçinin çantanın qulp hissəsinin çiyindən asıla biləcək qədər uzun olması önəmlidir, çünki əldə və qol hissədə çanta tutmaq mənə rahat deyil.

– Çantanı geyimə görə seçirsiniz, yoxsa əksinə luk hazır olandan sonra çanta seçimi edirsiniz?
– Hər zaman görüş yerlərinə gecikdiyim üçün çantamı tez-tez dəyişmək imkanım olmur. Çantamı dəyişdirən zaman isə tələbə biletimi, vacib sənədləri və ya digər lazımlı əşyaları unuduram. Bu səbəbdən çantanı seçdikdən sonra bir həftə ərzində ona uyğun geyinəcəyim luklar seçirəm.

– Çantanızda “bunlarsız çölə çıxa bilmərəm” dediyiniz ən vacib 3 əşya hansıdır?
– Daraq, ənlik və.. evin açarları.
 

4
 

– Xarici görkəminizdə nəyi dəyişmək istərdiniz?
– Uzun saçları çox bəyənirəm. Buna görə də saçlarımın daha qalın və uzun olmasını istərdim, lakin onlar çox gec uzanır. Sağlam olmaları üçün isə onlara xüsusi qulluq həsr edirəm.

– Sizin haqqınızda heç kəsin bilmədiyi 3 fakt?
– 1) Fikrimi bir yerə cəmləyən zaman ətrafda baş verənləri demək olar ki, duymuram. Hətta məni bir neçə dəfə səsləsələr belə, eşitmirəm. 2) Çox dadlı yeməklər bişirirəm. Lakin həm buna ayıracaq çox vaxtım yoxdur, həm də yalnız həvəsim olanda bunu edirəm və bu zaman ailəm çox sevinir. 3) Hər zaman görüşə geçikdiyim üçün evdən tələsərək çıxıram, buna görə də ev dağınıq halda olur, lakin sonda özüm yığışdırmalı oluram. Bu artıq məndə vərdiş halını alıb.
 
 
Hazırladı: Nigar Sani
Foto: Azad Cahangirzadə 
 
 
5

6

7

8

9

10

Şərhlər

Menyu