Türk filmi “Mustang”. Cəmiyyətdə qadın problemləri yenidən ekranlarda.

mustang_197851
Rejissor Deniz Gamze Ergüvenin ilk uzun metrajlı filmi olan “Mustanq” (2015), Türk-Fransız ortaq filmi olub, dövrümüzün ən aktual mövzularından biri olan qadın azadlığı problemindən bəhs edir. Qadınların gender problemi, xüsusilə də gənc qızların patriarxal cəmiyyətdə rastlaşdığı çətinliklər və bu çətinliklərlə mübarizə aparma üsulları filmdə təsvir edilmiş 5 gənc qızın həyat yolu bütün çılpaqlığı ilə göz önündə sərgilənir.

Hadisələr Türkiyənin Karadeniz bölgəsində cərəyan edir. Selma (Tuğba Sunguroğlu), Sonay (İlayda Akdoğan), Ece (Elit İşcan), Nur (Doğa Zeynep Doğuşlu) və Lale (Güneş Nazihe Şensoy) ata-analarını itirdikdən sonra nənə (Nihal Koldaş) və əmisinin (Ayberk Pekcan) himayəsində yaşayan 5 bacıdır. Məktəblərinin yay tətilinə buraxılması ilə həyatları kökündən dəyişəcək qızlar uşaqlıqdan onlara doğmalaşan oğlan dostları ilə böyüdüklərinin fərqinə varmadan dəniz kənarında əylənərkən şıltaq gənclik illərini yaşayarkən, qonşuların buna münasibəti və ətrafda yayılan dedi-qodular evdəkilərin onlara daha sərt olması ilə nəticələnir. Yeniyetmə qızların oğlanlarla oynaması qonşular tərəfindən xoş qarşılanmır və onların bu məsum oyunu kənddə böyük bir səs-küyə səbəb olur. Nəticədə qızların taleyi kökündən dəyişir. Onlar ətraf mühitdən təcrid olunaraq, sözün əsl mənasında ev məhbusuna çevrilirlər.
177d7c98-4e95-4265-98cd-53358ca5c287-bestSizeAvailable
Filmdə ailə təzyiqi, məhəllə dedi-qoduları, gənc evlənmələr,  təcavüz və s. kimi dövrümüzdə hələ də tam həllini tapmayan mühüm mövzulara toxunulur.  Belə ki, qonşularının narazılığı nəticəsində ev həbsinə məruz qalan qızlar, çox keçmədən ard-ardınca ailə qurmağa məcbur edilir.

Bununla yanaşı, filmdə Fransız inqilabının təsvir olunduğu rəssam Ejen Delakruanın məşhur “Xalqı istiqamətləndirən Azadlıq” əsəri, “Gezi parkı” etirazları, televiziyaların qadın haqlarının məhdudlaşdırılmasına vasitəçi olmaları kimi incə məqamlara da toxunulur. Həmçinin, cəmiyyətdəki ikiüzlülüklər, zorakılıqla məşğul olan insanların gənc qızlar üzərindən əxlaq dərsi keçmələri və s. kimi dərin səhnələr də ustalıqla təsvir olunur. Filmin sonuna doğru isə həyəcan getdikcə artır və film gözlənilməz sonluqla bitir.

“Mustanq”  dram janrında olsa da, filmdə ağır hadisələrlə yanaşı izləyicini gülümsədən məqamlar da çoxdur. Bacıların uşaq saflığı ilə öz aralarında oynadıqları oyunlar, kiçik xoşbəxtlikləri və aralarındakı zarafat və ünsiyyət izləyən izləyicinin üzündə gülüş yaradır.
tumblr_nxog9kNvQJ1s7o2dwo1_1280
Fransanın “Oskar”-ı olaraq bilinən “Sezar” film mükafatları təqdimatında “Ən yaxşı ilk film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı montaj”“Ən yaxşı musiqi” mükafatlarını qazanaraq böyük müvəffəqiyyət əldə etmiş film, “Kann” film festivalında da “Europe Cinema Label” mükafatını qazanmışdır. Film eyni zamanda “Xarici dildə ən yaxşı film” altın kürə mükafatına da namizəd olmuşdur. Qeyd etmək lazımdır ki, film Fransanın 1959-cu ildən bəri, fransızca olmadığı halda “Oskara” namizəd olaraq göndərdiyi ilk filmdir. Bununla yanaşı, Nuri Bilge Ceylanın “Yol” filmindən sonra Fransada ən çox izlənən türk filmi olmuşdur.

Hazırladı: M. Həsənova

 

Şərhlər

Menyu