8 Mart menyusu: Mətbəxdə “Kempinski Otel Badamdar”-ın aşpazı və bloqer Davud Məmmədov

k6

 

ZULEYKHA jurnalının maraqla oxunan rubrikası “Qurmanların yarışı”-nın növbəti buraxılışını təbii ki, 8 Mart“Beynəlxalq qadınlar günü”-nə həsr etməyə bilməzdi. Rubrika bu dəfə iki bəyi- “Kempinski Otel Badamdar”-ın aşpazı Mirzə Əhmədov və sosial şəbəkələrdən tanınmış bloqer Davud Məmmədovu  əyləncəli mətbəx “savaşına” dəvət etdi.

Təqvimin qadınlara həsr edilmiş bu özəl günündə  fürsətdən istifadə edib otelin 8 mart tarixində keçirəcəyi orijinal tədbiri barəsində Qida və İçki şöbəsinin rəhbəri Mladen Sinjeri ətraflı danışdı.

“Kempinski Otel Badamdar” Bakıda zərafətin, lüksün və rahatlığın bir arada olduğu bənzərsiz atmosferi və mükəmməl modern dizaynlı nömrələri ilə işgüzar, eləcə də istirahətə gələn turistlər üçün yüksək səviyyəli imkanlar təklif edir. Otelin imkanlarına tam təchiz olunmuş lüks nömrələr, 36 ofis, 19 görüş otağı, ziyafət və auditoriya zalları, iki restoran və iki bar, eləcə də tennis kortu və basketbol meydançası daxildir.  Otelin nəznindəki Spa mərkəzi də müxtəlif rahatladıcı prosedurları qonaqların vücud və ruhuna xoş istirahət bəxş edir.


 
 

–  Kempinski Hotel Badamdar 8 Mart “Beynəlxalq qadınlar günü”- nü necə qeyd edəcək?

– Otelimiz belə özəl günə xüsusi hazırlaşır. Xanımlarımıza şahzadələrə layiq şəkildə qulluq göstərəcəyimizdən əminik.

– Siz bunu necə etməyi düşünürsünüz?

– Bu il biz həmin günə özəl olaraq yeni konsepsiya düşünməyi qərara gəldik. Bizim komanda qonaqlar üçün kiçik bir sürpriz hazırlayıb. Sürprizimiz isə bundan ibarətdir ki, həmin gündə aşpazlarımız yemək bişirməyəcək. Otelin restoranına təşrif buyurmuş cütlüklərin bəylərinə xanımlarına özəl hazırlayacaqları yeməyi bişirməkdə məsləhətlər verəcək.

 

k cover

 

– Maraqlı ideyadır. Aşpazlar həmən gün yemək bişirməyəcək? 

– Bizim düşündüyümüz konsepsiyaya əsasən “Kempinski Hotel Badamdar” –a təşrif buyuran hər bir bəy şəxsən özü bizim aşpazların müşayiəti ilə xanımı üçün yemək hazırlayacaq və xanımının qulluğunda duracaq. Bəylərimizin sevgi və ehtirasla hazırladığı yemək xanımları üçün həm əyləncəli, həm də yaddaqalan bir xatirə olacaq.

– Bu fikir hardan ağlınıza gəldi?

– Bəylərimiz bir gün deyil, daim xanımlarının qayğısına qalmalı, onlara qarşı nəzakətli davranmalıdırlar. Bəylərimiz xanımlara qapı açır, yol verir, müxtəlif jestlərlə hörmət və sevgilərini nümayiş etdirməlidirlər. Lakin qadınlara qarşı xüsusi diqqət və qayğı bir günlə məhdudlaşmamalı, bəylərimiz hər zaman xanımlarına şahzadələrə layiq rəftar nümayiş etməlidirlər.

– Siz necə düşünürsünüz bu ideya işləyəcək?

– Sevdiyiniz insana ən kiçik xoş bir hərəkət nümayiş etdirdikdə qarşılığında sevgi dolu baxışlar və təbəssüm alırsınız. Məhz bu təbəssüm bizə xatırladır ki, birini xoşbəxt etmək o qədər də çətin deyil. Kiçik jestlərlə də xanımları sevindirmək mümkündür. Bəylərin xanımları üçün hazırladığı yemək həm xoş hisslər oyadacaq, həm də xanımlarımızın üzündən uzun müddət silinməyəcək təbəssüm bəxş edəcək.

– “Zuleykha” jurnalının oxucularına belə bir özəl gündə ismarıcınız nə olardı?

– İlk olaraq “8 Mart Beynəlxalq Qadınlar günü” münasibəti ilə xanımlarımızı təbrik edirik! Bu gün də cütlükləri otelimizin qonağı olmağa dəvət edirik. Çünki bizimlə birlikdə otel onlara bu il unudulmaz anlar yaşadacaq. Mətbəx bacarıqlarını nümayiş edərək bəylər həmən gün xanımlarına diqqət və qayğı nümayiş etmiş olacaq. Əminik ki, qonaqlarımız tədbirimizdən hər zamankı kimi razı qalacaq.

 

10

 
 

Facebook səhifəsində yerli sosial mövzulara toxunaraq paylaşdığı düşündürən yumoru ilə tanınan Davud Məmmədov karyerasına audit və konsaltinq şirkətlərində başlamış və bu istiqamətdə illərdir ki, müxtəlif xarici və yerli şirkətlərdə çalışmışdır. Bu yaxınlarda daha sərbəst qrafiklə işləməyi qərar vermiş Davud öz fəaliyyətini konsaltinq və digər maliyyə işlərində davam etdirməklə hal-hazırda sərbəst məsləhətçi və təlimçi olaraq öz fəaliyyətini davam etdirir.
 
 
– Mətbəx qadınlara aid məkandır,  yoxsa əksinə yemək bişirməkdə kişilərin daha üstün olduğunu düşünürsünüz?

– Açığı heç zaman belə bölgü aparmamışam. Evdə “Mətbəx qadının məkanıdır” deyə bir vəzifə bölgüsü etməzdim. Müşahidələrimdən onu deyə bilərəm ki, hər ailədə bu fərqli olur. Elə tanışlarım var ki, yeməyi kişi hazırlayır və bunu qeyri-adi hal hesab etmək olmaz. Lakin mənim mətbəx bacarıqlarımı nəzərə alsaq, yəqin ki, qadın məndən daha çox mətbəxdə zaman keçirmiş olar.

– Qafqaz yoxsa, Avropa mətbəxini üstün tutursunuz?

– Səmimi etiraf edim ki, dadlı yeməyi çoxları kimi sevən bir insan olduğum üçün mənə görə istənilən mətbəxin dadlı yeməkləri var. Buna görə mətbəxləri bölgələrə ayırarkən, birini digərindən daha üstün tutmuram.

 

4

 

– Yeni dadları sınaqdan keçirməyə nə dərəcədə açıqsınız?

– Bu mövzuda konservativ deyiləm. Ümumiyyətlə yeniliklərə açıq bir insan kimi fərqli mətbəxləri dənəməyə hazıram. Sadəcə dadı ilə tanış olduğum xarici mətbəxin yeməklərinin hamısının adlarını xatırlamadığım üçün menyuda açıqlama olmadıqda onu sifariş verməyə çətinlik çəkirəm.

– Yemək bişirmək əhvalına kökləndikdə daha çox hansı yeməyi hazırlamağı xoşlayırsınız?

– Aşpazla yemək bişirərkən də şahidi oldunuz ki, hətta tavanı necə tutmağı belə bacarmıram. Mətbəxə yolum bişirmək üçün deyil, yalnız yemək üçün düşür. Hazırlaya bildiyim yalnız kartof, qayqanaq kimi bəsit yeməklərdir. Bəzən hətta yeməklərə duz, yağ əlavə etməyi belə unuduram. (gülür)

– Davud hansı yeməyi heç zaman yeməz?

– Yemək mövzusunda kaprizli insan deyiləm, lakin uşaqlıqdan heç sevmədiyim bir yemək var- qarabaşaq!

– Çalışdığınız sahənin istiqamətini bir qədər dəyişdirmisiniz. Bir başqa sahədə sıfırdan başlamaq sizdə hansı çətinlikləri yaratdı? Yoxsa, əksinə sərbəst qrafik sizi məmnun edir? 

– Sərbəst qrafikdə çalışsam da işim eyni öhdəliklərdən- orta və kiçik şirkətlərə biznes istiqamətində bir sıra məsləhətlər verməkdən ibarətdir. Müsbət cəhəti odur ki, səndən yuxarıda hesabat verdiyin kimsə yoxdur, kimdənsə təlimatlar almırsan. Ən əsası isə gəlirin hər ay hesabına eyni miqdarda oturmadığı üçün daim öz üzərində çalışmalı olursan. Çox çalışdığın halda daha çox gəlir eldə etmək insanda işləməyə, inkişaf etməyə stimul yaradır. Mənfi cəhəti isə budur ki, tabe olduğun biriləri olmadığına görə qrafikin bəzən o qədər də effektiv qurulmur. Məsələn, artıq səhər tez qalxmaq məcburiyyətində deyilsən və bu zaman günün çox hissəsini itirmiş olursan.

– Sosial şəbəkənizdən sizi cəmiyyətimizdə narahat edən məsələlərə yumor hissi ilə toxunursunuz. Bu istiqamətdə fəaliyyətiniz nece başladı?

– Əslində bu sahəni fəaliyyət kimi deyil, hobbi kimi dəyərləndirirəm. 2012-ci ildə Türkiyədə işlədiyim müddətdə qrafikim çox sərbəst olduğu üçün özümə çoxlu vaxt qalırdı. Həm ingilis dilimi inkişaf etdirmək, həm də boş vaxtımı dəyərləndirmək üçün amerikan “The Tonight Show” talk-şousunda Jay Lenoya baxırdım. Diqqətimi çəkən isə bu idi ki, o hər axşam 5-10 dəqiqəlik bir monoloqla çıxış edir və hər günün fərqli problemlərindən, aktual məsələlərindən zarafatyana söz açırdı. Məni çox düşündürürdü ki,  Jay Leno qısa müddətdə bu qədər zarafatı necə fikirləşə bilir. Kiçik araşdırma edib müəyyən etdim ki,  Amerikada bu işin sirrlərini aşılayan, texnikasını öyrədən kitablar var və mən də bu kitabları əldə edib mütaliə etməyə başladım. Oxuduğum texnikaları tətbiq etdikdən sonra ilk cəhdlərimi etməyə başladım və xatırladığım qədər buna çox vaxt sərf olunurdu. Lakin qısa müddətdə bu vərdiş halını almağa başladı.

 

8

 

– Sosial şəbəkədə yazdığınız statuslar necə meydana gəlir? Zarafatları fikirləşmək nə qədər müddət alır?

– Gündəmimizə baxsaq, hər günün öz aktual məsələsi olur. Elə bu da statusların mövzusuna çevrilir. Çalışıram ki, paylaşımlarımı status xətrinə yazmayım, məsələnin həqiqətən məna kəsb edən hissəsini yumorla təqdim etməyim vacibdir. İlk vaxtlar 1 statusun yaranması üçün 1 saata yaxın fikirləşdiyim olub, lakin indi hətta elə olur ki, bu zaraftlar 1 dəqiqə ərzində formalaşır.

– Bəs hansı mövzulara heç zaman toxunmursunuz? Siyasi mövzulara həsr etdiyiniz statusları necə şərh edərdiniz?

– Bəzi mövzular var ki, məsələn, din, xəstəlik, ölüm və s. bu mövzularla bağlı zarafatlar yazmıram. Eyni zamanda siyasətlə bağlı yazdığım statuslar da hansısa çağırış kimi səslənmir. Heç bir siyasi partiyanın üzvü deyiləm və ya siyasi ambisiyamın olmadığına görə statuslarımı zarafat məqsədi ilə yazıram.

– Sosial şəbəkələrdə tanınmağınızın sizə faydası oldu? Yoxsa əksinə mənfi tərəfləri sizə mane olur?

– Mane olan tərəfləri çox azdır. Müsbət tərəfləri isə təbii ki, çoxlu sayda yeni insanlarla tanış olmağım, əhatə dairəmin genişlənməsidir. İnsanlarla yaxından tanış olduqda onlar məni yalnız sosial şəbəkədən deyil, həm də peşəkar və ya şəxsi keyfiyyətlərimə görə tanımış olur. Nəticədə təbii ki, yeni maraqlı dostlar qazanmış olursan.

– Sosial şəbəkədəki fəaliyyətinizdən insanlarla ən gülməli hadisələrdən birini qısaca danışa bilərdinizmi?

– Əhvalatlar çox olur, lakin insanların yazdığım statusları ciddi qəbul etmələri bəzən həqiqətən gülməli səslənir. Məsələn, bir dəfə yolların tikintisi ilə bağlı utopik rəqəmlərdən ibarət məbləğ yazmışdım. Şərhlərdə bir jurnalist “Bu məbləği dəqiqləşdirin, fikrimcə belə deyil” deyə yazmışdı.

– Sosial şəbəkədəki bloqunuzu inkişaf etdirmək planınız varmı? Bu fəaliyyətinizin davamı gələcəkdə hansı formada təqdim oluna bilər?

– Facebook lövhəmə bloq kimi deyil, bir hobbi kimi baxıram. Onu inkişaf etdirmək və ya ordan gəlir əldə etmək kimi bir niyyətim yoxdur. Məqsədim sadəcə insanları düşündürərək güldürə biləcəyim statuslar yazmaqdır. Özümü bu işə hədsiz bağlı hiss etmirəm. Bir gün statuslarım insanlara maraqsız səslənməyə başlayacaqsa, yazmağı dayandıracağımı düşünürəm.

– Qarşıdan “Beynəlxalq Qadınlar günü” yaxınlaşır. Xanımlarımıza bayram ismarıcınız nə olardı?
– Həyatımızda böyük yer tutan qadınları bu gözəl gün münasibəti ilə təbrik edirəm! Xüsusilə də anamı. Anam mənim üçün ən ideal qadındır. Həyatımdakı bütün uğurlarımın arxasında duran qadına məni hər zaman dəstəklədiyi, mənə ilham verdiyi üçün ona hədsiz minnətdaram.

 

9

 
 

Hazırlanan yemək: Yaz tərəvəzləri, cuğundurlu  rizotto və Béarnaise souslu Dana basdırması

Rizotto üçün:
Çuğundur, 200 gr qırmızı soğan, 100 gr düyü, 350 ml toyuq bulyonu, duz, istiot və bir qaşıq kərə yağı

Hazırlanması: İlk olaraq çuğunduru yarıya bölüb bir hissəsini püre halına gətiririk, qalan hissəsini şirə çəkən maşından keçirdirik. Soğanları qızartmaq üçün qaynar tavaya zeytun yağı əlavə edib qızılı rəngə çevrilənə qədər qızardırıq. Üzərinə düyü əlavə edərək, onu yumuşalana qədər bişiririk. Düyü yumuşalandan sonra üstünə qaynar toyuq bulonu əlavə edirik. Bulyonun qaynar olmasına mütləq diqqət yetirmək lazımdır. Bişməkdə olan yeməyimizə püre halına gətirdiyimiz çuğunduru əlavə edirik. Yemək hazır olanda çuğundurun suyunu üzərinə tökürük. Yumuşaqlıq verməsi üçün üzərinə kərə yağı əlavə edib süfrəyə veririk.

Yaz tərəvəzləri üçün:
25 qr kök, 25 qr bibər, 25 qr zukini, 50 qr ispanaq, zeytun yağı, duz və istiot

Hazırlanması: İspanaqdan başqa bütün tərəvəzləri xırda-xırda doğrayıb  tavaya əlavə edərək bişiririk. Bişdikcə yumşalan tərəvəzlərin üzrinə ispanağı əlavə edirik.

Béarnaise sousu üçün:
Yarım baş soğan, istiot, duz, dəfnə yarpağı, 3 q. sirkə, yumurtanın ağı və 150 qr kərə yağı

Hazırlanması: İlk olaraq soğan, dəfnə yarpağı və sirkəni qazana əlavə edib qaynadırıq. Qaynatdıqdan sonra soyumasını gözləyib süzürük. Əlavə mis qab götürüb yumurtanın sarısını ağından ayırıb,  yalnız sarısını çalırıq. Süzdüyümüz suyu yumurtanın üzərinə əlavə edib, yavaş-yavaş kərə yağı əlavə edirik.

Basdırma üçün:
150 qr can əti, 150 gr kərə yağı, kəklikotu, sarımsaq, rozmari, duz, istiot

Hazırlanması: İlk öncə hazırlanan qrilin otaq temperaturunda olması çox önəmlidir. Üzərinə 2 qaşıq yağ, kəklik otu, sarımsaq və rozmari əlavə edib bişiririk. Hazır olduqda süfrəyə veririk.
 
 
Kempinski Hotel Badamdar
Ünvan: M. Müşfüq. 1C, Bakı AZ1006
Tel: 012 538 90 90
 
 
Hazırladı: Nigar Hacızadə/Ayan Mirzəyeva
Foto: Oktay Məmmədov
 
 

k1

2

1

k3

k2

k5

5

6

7

11

14

15

12

k7

k8

k9

Şərhlər

Menyu