Sevinc Məmmədovanın cəsarətli qərarı. Şəhərli xanımın kənddən keçən karyera yolu.

6
 

Cəsarətli qərarlar fədakar addımlar tələb edir. Cəsur addımları ilə qısa zamanda hər kəsin rəğbətini  qazanan  Sevinc Məmmədova  Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsini ixtisasında təsil almışdır. Sevinc oxuduğu illərdə heç xəyal belə edə bilməzd ki, bir gün müəllimlik fəaliyyətinə İsmayıllı rayonunun Qalacıq kəndinin orta məktəbində başlayacaq. Lakin Təhsil Nazirliyi təfindən verilən bu təyinat Sevinci həqiqi mənada sınadı. O arzusunun arxasınca şəhər həyatını tərk edərək ailəsilə kəndə yola düşür.

Bu qərarı  könüllü qəbul etdiyini qeyd edən  Sevinc hər bir çətinliyi gözə alaraq Qalacıq kəndində karyerasının ilk addımlarını atmağa başlayır.  Qəlbində müəllimlik sevgisi olan Sevincin kənd həyatının çətinliklərinin öhdəsindən gəlməsi, bu yaşam tərzinə uyğunlaşmağı çox zaman almadı. Zamanla kənd həyatına alışmağa başlayan gənc xanım qısa müddətdə odun sobası qalamağı, təndirə çörək yapmağı da öyrənir.

Sənətinə böyük hörmətlə yanaşan Sevinc müəllim olmağın yüksək əmək tələb edən bir sənət olduğunu çox yaxşı bilir. Sinifə daxil olduğu ilk andan şagirdlərdən müsbət enerji aldığını deyən gənc müəllim yeni təhsil sistemində kurikulum sisteminin mahiyyətindən söz açdı. Bu sistemdə şagirdlərin düşüncələrinin daha önəmli olduğunu və dərs müddəti ərzində şagirdlərlə bir şəxsiyyət kimi ünsiyyətdə olmağın vacibliyini vurğuladı. Məmmədova Sevinc eyni zamanda bu fədakar addımı ilə gənc müəllimlərə örnək olaraq, yeni gənc kadrların bu şərəfli məsləklərində ucqar kənd yerlərində yaşayan uşaqların təhsil almasına səbəb ola bilər.  Beləcə, bu sahədə ölkəmizin gələcəyi daha möhkəm və əmin əllərdə olar.
 

2

 

– Seçdiyiniz həyat yolu ilə bir çox gənclərin diqqətini üzərinizə çəkdiniz. Bu ideya hardan ağlınıza gəldi?

– Təhsil Nazirliyində dövlət imtahanını verdikdən sonra şəhər məktəbində dərs deməyi düşünürdüm. Vakansiyalar arasında isə şəhər məktəbi yox, yalnız Bakıda yerləşən bir peşə məktəbi var idi. Ailəm bu seçimə razılıq vermədikdən sonra İsmayıllıya getməyi qərara aldım. Düzü ilk öncə bu qərarımdan qorxdum, lakin bu haqda çox düşünmədim.  Bir fikir haqqında çox dərindən düşündükdə işin mənfi tərəflərini daha çox görürsən. Düzü ilk zamanlar fəqli mühitə uyğunlaşmaq çox çətin keçdi, hətta tətillərdə Sumqayıtdakı evimizə dönüb ağladığım vaxtlar belə olub.

– Kənd həyatı hava şəraitinə, imkanlarına, həyat tərzinə görə çox fərqlənir. Fərqli baxışları olan cəmiyyət..İlk vaxtlar yeni həyata adaptasiya olarkən ən çox nə kimi çətinlikləriniz olub?

– Ən böyük çətinlik iqlim şəraiti ilə bağlı idi.  Şəhərin havasına, suyuna öyrəşmiş biri üçün kənd havasına və suyuna uyğunlaşmaq zaman alır.  İlk vaxtlar belə sərt havalara öyrəşmədiyimdən tez-tez xəstələnirdim. Hətta dərim və saçlarımda da bir sıra problemlər müşahidə edirdim. Xüsusən qış aylarında havaların sərt keçməsi ilə bağlı odun sobasını yandırmaq və ondan çıxan tüstüyə alışmaq çox çətin idi. İlk zamanlar Cahan nənə adlı yaşlı bir xanımın evində qalırdıq. İsitmə sistemi olmadığına görə hamımız 1 otaqda qalmalı olurduq.

– Kənd həyatına həmişəlik köçməyə qərar vermisiniz, yoxsa bir gün şəhərə geri qayıtmağı planlaşdırırsınız?

– Təhsil Nazirliyi ilə bağlanan müqavilənin şərtləri 3 il müddətinə məcburi, könüllü olaraq 5 illik nəzərdə tutulub. Mən müqaviləyə əsasən 3 il qalmağı planlayıram. Bunun səbəbi artıq orada başqa bir Coğrafiya müəllimi var. Mən bilirəm ki, 3 il müddət başa çatdıqdan sonra o məktəbdə Coğrafiya müəllimi çatışmazlığı olmayacaq. Həmişəlik kənd həyatına köçməyi planlaşdırmıram, düşünürəm ki, bu həyat təcrübəsi nə qədər maraqlı olmasa da, çox güman ki, bunun öhtəsindən gələ bilmərəm.

– Kənddə olduğunuz müddətdə şəhərin hansı cəhəti sizi darixmağa məcbur edir ?

– Ümumiyyətlə mən sakit həyat tərzi keçirən biri deyiləm. Sumqayıtda yaşamağıma baxmayaraq,  Bakı mühitinə çox alışmışam, tez-tez dostlarımla görüşməyi, əylənməyi, şoppinq etməyi xoşlayıram. Daha çox yaxınlarım və qardaşım uşaqları üçün çox darıxıram.
 

7
 

– Şəhər həyatına alışmış gənc insan zamanını rayonda necə keçirir? Bu həyatın əyləncəsi nədən ibarətdir?

– Vaxtımın böyük hissəsini şagirdlərimlə keçirdirəm. Əyləncəm də məhz uşaqlarla bağlıdır. Kəndi mənə uşaqlar tanıdıblar desəm yalan olmaz. Uşaqlarla tez-tez təbiət qoynuna- meşəyə, şəlaləyə gəzməyə gedirik. Bundan başqa uşaqlar evə gəlir, onlara dərslərində kömək edirəm. Onlara yalnız coğrafiya fənnini deyil, həm də ingilis dilini öyrədirəm.

– İlk gündən yerli camaat sizi necə qarşıladı? Olubmu ki, sizi yerli sakinlər qəbul etməsin?

– Qalacıq kəndi Böyük Qafqaz dağları və 2 çayın arasında yerləşdiyinə görə turizm burda çox yaxşı inkişaf edib. Eyni zamanda orada yerləşən Şəlaləyə gələn xarici həm də yerli turistlər çox olduğuna görə kənd əhalisi şəhər adamlarını görməyə alışıb. Mən ora getdiyimə görə onlardan fərqlənməməyə, onlara uyğunlaşmağa çalışıram. Məsələn, orada şəhərdə geyindiyim tərzdə geyinmirəm, rayon qanunlarına riayət etməyə çalışıram. Bu səbəbdən heç bir anlaşılmazlıq yaşamamışam.

– İsmayıllıda müəllim işlədiyiniz zaman yorulub hər şeyi arxada qoyaraq geri dönmək hissi keçirmisinizmi?

– İradəli insan olduğuma görə verdiyim qərarlara qarşı çox ciddi yanaşıram və dərk edirəm ki, mən bu addımı atmışamsa sonuna qədər mübarizə aparmalıyam. Uşaqların oxumağa olan həvəsi də məni işimə və kəndə bağlayan səbəblərdəndir. Soyuğa və şaxtaya baxmayaraq bir neçə kilometr yolu piyada gələn şagirdlərin səylərini gördüyüm zaman çox qürurlanıram.

– Sosial şəbəkələrdə sizin haqqınızda olan video-çarxın çəkilmə layihə müddəti, ərsəyə gətirən insanlar haqqında nə deyə bilərsiniz?

– Gənclər fondu tərəfindən maliyyələşdirilən bu layihə Qalib Kazımlı və rejissor Cavanşir Eladisoy tərəfindən həyata keçirildi. İlk öncə mənə Bələdiyyədən zəng gəldi və məni bu layihəyə dəvət etdilər, mən də təklifi qəbul etdim. 1 gün əvvəldən mənə müsahibə olacağını dedilər, lakin mən çəkilişin olacağını bilmirdim. Gözləmədiyim anda məktəbə gəldiklərinə görə qəribə hal yaşanmışdı, amma özümü itirmədim. Nəticədə video daha təbii olındı. İlk çəkiliş məktəbdə oldu və daha sonra videonun davamı üçün evə gəldik. Düzü, mən yeni olduğum mühitdə sıxılan biriyəm lakin, Cavanşir və Qalib çox səmimi və mehriban, eyni zamanda, işini yaxşı bilən insanlar olduğundan video-çarxın çox təbii və səmimi alınmasına nail ola bildilər.
 
 
Hazırladı: Nigar Hacızadə
Foto: Sadiq Əliyev
Məkan: Laduree Azerbaijan

 
 
1

3

4

5

 

 

Şərhlər

Menyu