Səma Abiyeva: “Videobloqumun prodüseri, aparıcısı, operatoru, həm də montajçısı oldum”

unnamed (1)
 

Bu günlərdə Almaniyada yaradılmış və internetdə dünyaca məşhur aktyor, müğənni və digər tanınmış simaların kinokompaniyaların müəllif hüquqlarını qoruyan leybl şirkəti Playonmuse ilk dəfə olaraq Azərbaycanlı bloqerə- Səma Abiyevaya partnyorluq təklif etdi. Şirkətin Türkiyə bölməsi Tarkan, Sezen Aksu, Cem Yılmaz, Boyut Film kimi böyük adların veb-məkandakı hüquqlarını qoruyur. Adı çəkilən kompaniya ilə bir illik iş birliyi haqda saziş bağlayan həmyerlimiz bu uğurun sirrini inadkarlıqda, böyük həvəsdə və böyük xəyallara inamında görür.

Radio aparıcı, analar.az saytının müəllifi və baş redaktoru, video-bloqer Səma Abiyeva öz uğur təcrübəsini və xatirələrini Zuleykha jurnalının oxucuları ilə bölüşdü:

 “Sən demə, bir qədər əziyyət çəkərək və kreativ düşüncəni məşq etdirərək velosipedi kəşf etmədən yaşadığın ölkəndə ilklərə imza ata bilərsənmiş. Bu yaxınlarda yaşadığım sevinc məni bu qənaətə gəlməyimdə qətiləşdirdi.” 
 
 
unnamed
 
“Tanrının bəxş etdiyi bacarığı duyduqdan sonra insan onu plastilin kimi yoğurub konkret bir formaya salmağı bacarmalıdır. Baş rolunu gözəl ifa edə biləcəyi ssenarini beynində qurmalı, ancaq həyatının ssenaristi kimi qalmaqdan ziyadə, bu ssenarini gerçəkləşdirən rejissor olmağı da bacarmalıdır.

Çətin deyil, birinci Tanrının yardımına, daha sonra isə öz cəsarətinə, istedadına və əzminə inanmalıdır. Yarıda heç vaxt dayanmaq olmaz. Milyonlarla insanın keçdiyi həmin yolu gedərkən səndən öncəkilərin də qarşılaşdığı çətinliyi sən də rastlayanda “mən bacaracam” deyib, “mən onlar kimi vaz keçməyəcəm” deyib, davam etmək lazımdır! Nə istədiyini və o istəyin də sənə yaraşdığını qəti anlayanda yola çıxmaq lazımdır. Tanrının hərəkətsizlərə hədiyyəsi olmur. Gücünü düzgün hesablamalı və bu gücün tükənməməsi üçün daim yeni nələrsə öyrənməlidir insan.

Daxilimdə çox böyük yaradıcı potensial, daim yeni nələrisə öyrənmək istəyi məni həmişə hərəkətə gətirir. Hər gün yeni nəsə öyrənməsəm, oxumasam, axşam başımı balışa qoya bilmirəm. Mənə elə gəlir ki, həmin günü kimsə ömrümdən oğurlayıb. Ancaq topladığım informasiya mənə böyük enerji, ideayalar bəxş edir. Oxuduqlarımı, gördüklərimi bölüşməklə, paylaşmaqla tək özümə yox, həm də ətrafdakı insanlara faydalı olacağımı düşünürəm. Beləcə, bu proses məni bir qadın kimi inkişaf etdirir və daha çox qadına kömək etməklə insani xüsusiyyətlərimi, pozitiv, faydalı, xeyirli insan olmaq missiyamı gerçəkləşdirir. Belə olanda özümlə qürur duyuram. Özümə verdiyim qiymət şkalası yüksəlir, ətalətlə olan düşmənliyim daha da möhkəmlənir.

Hələ uzun illər bundan öncə ilk dəfə ana olanda hamiləlik dönəmi və körpəyə qulluqla bağlı yaranan çoxlu suallarıma cavabı yalnız əcnəbi saytlardan cavab tapırdım. Rus və türk saytları, jurnalları ana kimi məni məmnun etsələr də, bir jurnalist kimi paxıllığıma səbəb olurdular. Məhz bu səbəbdən də analar üçün akademiya ola biləcək analar.az saytını yaratmağı qərara aldım. Hazırlanmasına 1 il və çoxlu maliyyə tələb olundu. Ancaq səbrlə arzuma tərəf addımlamalı idim.

Videobloqum bu saytın daha praktik olması üçün doğuldu. Nəticədə Azərbaycanda analarla bağlı saytlar arasında öz istehsalı olan silsilə şəklində videoməqalələr yer alan ilk sayt yarandı. Videobloqumun həm redaktoru, həm prodüseri, həm aparıcısı, həm operatoru, həm də montajçısı oldum. Kontentini formalaşdırarkən bacardığım, öhdəsindən həqiqətən yaxşı gəldiyim təcrübələrimi bölüşürəm. Mono yox, multi mövzularla maraqlı olmağa çalışıram. Bu iş çox çətin olsa da, müəllifi çox inkişaf etdirir. Video hazırlayarkən insanın özünə kənardan qiymət verməsi asanlaşır, xarici görünüşü, diksiyası, jestikulyasiyası nizamlanır. Konstruktiv tənqidlərdən nəticə çıxararaq özümdə dəyişikliklər etməyə çalışıram. Çoxlu sayda cavabını bilmədiyim suallar gəlir izləyicilərdən. Onlara düzgün cavab tapıb məlumatlandırmaq üçün çoxlu araşdırma edirəm. Bu nəticədə hər gün nəsə yeni bir məlumat öyrənmiş oluram. 1 il əvvəlki Səma ilə bu günkü Səma arasında böyük fərq hiss edirəm. Çox sevinirəm ki, bu gün videobloqum mənə həm də gəlir gətirir. Ən böyük məmnunluğu isə günü-gündən artan və izləyici qismində mənim virtual ailəmə üzv olan insanlardan duyuram.”
 
 
Hazırladı: Mədinə Xəlilova
 
 

unnamed (2)

Şərhlər

Menyu