Darina Ibrahimova: “Bloqda öz stilimə, seçdiyim əşyalara və mövzulara sadiqəm.”

cover DarinaE
 
Bu yaxınlarda Randomchoicez bloqunun müəllifi kimi tanınan moda bloqeri Darina Ibrahimova ilə tanış olduq və o bizi müsahibə üçün çox sevdiyi Tik-Talk anti-kafesinə dəvət etdi. Söhbətimiz zamanı məlum oldu ki, Darina bloqer olmaq fikrinə dostu Orxanın köməyilə gəlmişdir və artıq bir ildir ki, bu bloq fəaliyyətini davat etdirir. Əsasən moda, səyahət haqqında və eləcə də “Our choizes” adlı rubrikada kafelər, kosmetika, həyat tərzi ilə bağlı mövzuları əhatə edən bloqun adı elə bilərəkdən bu cür seçilmişdir. Məqsəd fərqli mövzuları əhatə etmək, oxuculara bu mövzular barədə maraqlı və faydalı məlumatlar paylaşmaq olmuşdur.
 

-Sizcə bloqunuzu başqa bloqlardan fərqləndirən nədir?
– Öz stilimə, seçdiyim əşyalara və mövzulara sadiqəm. Bloq tamamilə mənim həyat tərzimi və dünya görüşümü əks etdirir və  buna görə də bloqumu çox rahat və səmimi şəkildə apara bilirəm. Mənə rahatlıq və komfort hiss etdirən əşyaları seçirəm və bloqumla tam harmoniya təşkil edirəm. Bəlkə də bu mənim bloqumu başqa bloqlardan fərqləndirən cəhətdir.
 
6
 
– Qarderobunuzda neçə çanta var və ən sevdiyiniz çanta hansıdır?
– Çox! (gülür) Əsasən istifadə etdiyim mənə gündəlikdə rahat olan 5-7 çantam var, lakin qarderobumda gec-gec istifadə etdiyim və heç istifadə etmədiyim çantalar da var. Әn sevdiyim çantam ad günümdə yaxın dostlarım tərəfindən mənə hədiyyə olunan Alexander Wang çantasıdır.

– Sizcə ən rahat və universal çanta forması hansıdır?
– Mənə görə poçtalyon və rükzak formalı çantalar. Poçtalyon çanta gün ərzində lazım olan əşyaları rahatlıqla gəzdirə bilən formaya məxsusdur.

– Dəbdə olan, lakin rahat olmayan tendensiyalara necə yanaşırsınız?
– Mən rahatlıq və funksionallıq tərafdarıyam. Gündəlik həyatda funksionallıqdan uzaq əşylardan istifadə etmirəm və oxuculara da tövsiyyə etmirəm. Amma bəzən olur ki, ilk qəbul etmədiyim hər hansı trendə bir müddətdən sonra öyrəşib onu qəbul edə bilərəm. Ümumiyyətlə düşünürəm ki, hər bir əşyanı düzgün istifadə edərək onu gözəl təqdim etmək olar.

– Geyim üslubunuzu 3 kəlmə ilə ifadə edin.
– Sport, minimalizm və klassika.
 
4
 
– Eksperementləri və yenilikləri sevirsiniz?
– Öz zövqüm ətrafında sevdiyim üslublar və əşyalardan experimentlər edib yeni kombinlər yaratmağı sevirəm. Ümumiyyətlə bugünki geyim tərzim bir çox mərhələlərdən keçib. Yalnız idman üslubunda geyindiyim zamanlar da olub. Və ya bir müddət çoxlu aksesuar istifadə etdiyim zamanları da xatırlayıram. Həyat tərzim və həyata baxışım dəyişdikcə bu mənim geyimimə və qarderobuma da öz təsirini göstərib. Qarderobumun formalaşması yenə də daxili aləmim və rahatlıq ideyası çərçivəsində olub.

– Darina nəyi heç zaman geyinməz?
– Güpür, heyvan printləri, dar bondaj paltarlarını mənim əyniməd görə bilməzsiniz. Bəlkə də kiminsə üzərində bunları bəyənsəm də, özüm bu əşyaları istifadə etməyi sevmirəm.

-Bəzi bloqerlər bloqlarını yaradarkən yalnız işin kommersiya tərəfini düşünürlər. Bəs sizə sevmədiyiniz brendlərdən təkliflər gələrsə qəbul edirsinizmi?
– Bizə bəzən reklam təklifləri qəlir və biz araşdirib qərarımızı veririk. Düzünü desəm, hələ mənim tərzimə heç yaxın olmayan bir brenddən təklif olmayıb. Bizə gələn təkliflərin çoxu mənim üslubuma uyğun olan brendlərdəndir, amma heç zaman sevmədiyim brendi və ya əşyanı reklam və ya kommersiya naminə istifadə etməzdim. Çalışıram reklam olunacaq əşyanı özümə məxsus şəkildə oxuculara təqdim edim.
 
8
 
– Çoxları şikayət edir ki, Bakıda maraqlı şopinq etmək mümkün deyil. Siz bu barədə nə deyə bilərsiniz? 
– Mən bununla tam razı deyiləm. Әşyalarımın 70%-i  Bakıda alınıb. Düşünürəm ki, əgər yaxşı axtarsan həm zövqlü, həm də qiymətinə görə əlverişli əşyalar tapmaq mümkündür. Yeganə problem sadə, bər-bəzəksiz və ya baza əşyalarının tapılmasıdır. Digər tərəfdən isə gündən-günə şəhərimizə gətirilən yeni markalar çoxalır və bu da seçim imkanını artırır.

– Bloqunuzda əsasən çoxlarının əldə edə biləcəyi brendlərdən  istifadə edirsiniz, amma bu sizdə daha maraqlı və standartdan uzaq tərzdə alınır. Bunun sirri nədir?
– Yəqin ki, əsasən sadə və baza əşyalardan istifadə etməyim bu suala cavab olardı. Ümumiyyətlə düşünürəm ki, əşyanın ya özünəməxsus forması, ya da özünəməxsus rəngi olmalıdır. İkisinin bir arada istifadə etməyin tərafdarı deyiləm. Geyimimi “qışqıran” printli deyil, sadə əşyalardan yığıb üzərini maraqlı etmək üçün hər hansı aksesuarlar istifadə edə bilərəm.

– Son olaraq oxuculara individual zövqün formalaşmasına dair hansı məsləhətləri verərdiniz?
– Məncə zövq ətraf mühitdən və ətrafında olan insanlardan da asılı bir şeydir. Səyahətlərə və yeniliklərə açıq olun və fantaziyalarınızı həyata keçirməkdən çəkinməyin. Xanımlarımıza standart düşüncələrdən və çərçivələrdən uzaq durmağı məsləhət görərdim. Özünüzə sadiq qalın, yalnız içində özünüzü rahat hiss edəcəyiniz əşyaları almağa çalışın. Dünya görüşünüzü artırmağa çalışın. Bir müddətdən sonra bunun zahiri görünüşünüzdə də əks olunacağını hiss edəcəksiniz.

Hər zamanki kimi sonda isə “Çanta”-da ənənəvi olaraq qonağımız qarderobunda ən çox sevdiyi çantaları və ən sevimli geyim dəstilərini kollaj şəklində təqdim etdi.

 
 
Hazırladı: Aynur Əlibəyova
Foto: Orxan Süleymanlı
 
 
13579 1012 13 14 15 16 17 182

 

Şərhlər

Menyu