Elnarə Nahmedova- “Öz zəif nöqtələrimi görə biləcək qədər güclü qadınam”

Elnara poster 2

Bir çox qadınlar üçün ilham mənbəyi olan “Beauttech” brendinin rəhbəri Elnarə Nahmedova “Möhtəşəm qadınlar” rubrikasının növbəti qonağı oldu. Bu gün çoxları Elnarəni uğurlu biznes qadın, qayğıkeş ana, baxımlı xanım, ədalətli rəhbər və kreativ stilist kimi tanıyır. Söhbətimiz zamanı onun həm də həyatı anlayan və insanları tanıyan təcrübəli xanım olduğunun şahidi olduq. O ünsiyyətdə hədsiz səmimi və açıq olmaqla, həm də söylədiyi fikirlərin hər birilə pozitivlik və inamı qarşısındakı həmsöhbətinə ötürməklə onu müsbət əhvala kökləyə bilir. Onunla müsahibəmizə belə başladıq..

 

– Elnarə Nahmedova deyərkən ağıla ilk olaraq uğurlu  iş qadını gəlir. Uğurunuzun formulu nədir?

– Mən bunu hər zaman deyirəm: insan bir şeyi həqiqətən istəyərsə, həyatda edə bilməyəcəyi heç nə yoxdur. Qarşıma məqsəd qoyub o məqsədə çatmaq üçün əlimdən gələni edirəm. Və həqiqətən də sonunda istədiyimə nail oluram.

– Siz bu işə başlayarkən bu gün nail olduğunuz zirvəni öncədən qarşınıza məqsəd qoymuşdunuzmu?

– Ümumiyyətlə həqiqətən nail olmaq istədiyim bir şeyi beynimə salıb o qədər inanıram ki, sonda o həyata keçir. Qızım dünyaya gəlməmişdən 1 il öncə öz- özümə deyirdim ki, vaxt gələcək mən sadəcə stilist deyil, bu sahədə uğurlu biznes qadın olacam. Qızım dünyaya gələndən sonra hələ 10 günlük idi ki, biznes sahəsində hər şey istədiyim kimi oldu, bütün yollar açıldı. Və bir il öncə öz- özümə dediyim və inandığım hər şey həyata keçdi.

– Bəs bu uğura gedən yolda nələrdən keçib nələr gördünüz ?

– Həyatda hər bir çətinlikləri görmüşəm- xəyanətlə də qarşılaşmışam, çətin günlərim də olub. Amma heç bir zaman ümidimi üzməmişəm. Hər zaman öz üzərimdə işləyir, tez-tez xarici ölkələrə təlimlərə gedib özümü inkişaf etdirmişəm. Problemlərlə qarşılaşdıqda isə dərindən nəfəs alıb öz- özümə deyirdim ki, bunu da addamalıyam. Elədiyim səhvi ikinci dəfə etmirəm və o mənim üçün böyük dərs olur. Məsələn, işçilərimlə münasibətlərimdə mənə qarşı etdikləri yanlış hərəkətlərə görə onları komandamdan uzaqlaşdırırdım. Bəziləri yenidən qayıdıb mənimlə işləməyi təklif etsələr də, onlara ikinci şans verilmirdi. Çünki insanların dəyişəcəyinə inanmıram. Mən onlara özümdən nələrsə verirəm, enerji və vaxtımı sərf edirəm. Sadəcə düşünürəm ki, bütün bunları görməzdən gəlib mənə qarşı haqsızlıq edənlərə ikinci şans verməyim məntiqsizdir.

– Ədalətli və müdrik rəhbərsiniz. İnsanlar sizin göstərdiyiniz mərhəmət və yaxşılığınızdan istifadə edibmi?

– Əlbəttə, mənim həm şəxsi həyatımda, həm də iş həyatımda belə anlar olub. Amma deyə bilmərəm ki, mərhəmətsiz olmuşam. Axı mən sadə bir Allah bəndəsiyəm. Sadəcə elə insanları həyatımdan və yə komandamdan uzaqlaşdırıram. Ən əsası isə heç bir zaman belə insanlara ikinci şans vermirəm.

– Bu gün əgər “Beauttech” Elnarə Nahmedovanın əlindən bir anda yox olub  getsə, onun yeni “Beauttech”- i yaratmağa inamı və gücü çatarmı?

– Düzü, bu barədə bəzən özüm də düşünürəm. Amma mən bir savaşçı qadınam. Əlimdə olanları itirsəm belə, onları yenidən əldə edəcək güc və inamı özümdə tapa bilirəm. Düzdür, hər şeyə yenidən başlamaq çox çətindir. Bəzən enerjimin tükəndiyini və yorulduğumu hiss edirəm. Lakin mən işləməkdən və çətinliklərdən qorxmuram.
WIN_0667
– Sizin işçiləriniz sizin haqqınızda nə düşünür?

– Mən artıq bir məktəb yaratmışam və işçilərimə nələr verirəmsə, qarşılığında onu da alıram. Hərdən telefonuma qəflətən bu tip ismarıclar gəlir: “Çox sağ olun ki, həyatımda böyük rolunuz olub. Sayənizdə bu gün öz sahəmin peşəkarı oldum”. Belə anlarda kövrəlib göz yaşlarımı saxlaya bilmirəm. Elə bu anlarda əziyyətimin qarşılığını aldığımı anlayıram. Və təbii ki, özümü çox xoşbəxt hiss edirəm.

– Həyatınızda ən böyük şansınız?

– Qəribə səslənsə də, ən böyük şansım universitetə sənəd verib qəbul olmamağım oldu. Baxmayaraq ki, orta məktəbi yaxşı qiymətlərlə bitirmişdim, amma ödənişli fakültəyə düşdüyüm üçün ailəmin buna imkanı olmadı. Amma buna görə peşiman deyiləm. Əgər o zaman universitetə daxil olsaydım, belkə də indi hazırki Elnarə Naxmedova olmayacaqdım.

 

WIN_0715
– Uğurlu ailə və uğurlu karyera.. Sizcə hər ikisini eyni zamanda əldə saxlamaq mümkündürmü?

– Mən maksimalist qadınam. Mənə görə əsl qadın hər şeyi bacarmalıdır. Mən həm ev işlərinə, həm uşaqlarıma, şəxsi və sosial həyatıma kifayət qədər diqqət ayırıram və həyatımı balansda saxlamağı bacarıram. Ümumiyyətlə qeyd etməliyəm ki, indiki qadınlar çox bacarıqlıdır.

– 2 övladınız var. Elnarə Nahmedova necə anadır?

– Hər bir ana kimi mən də övladlarımın gələcəyini düşünürəm. Və ən əsası onlarla bir şəxsiyyət kimi davranmağa çalışıram. Onlarla böyük insan kimi danışır və nəyin doğru, nəyin yanlış olduğunu başa salıram. Bəzən olur ki, onların etmək istədiyi nəyəsə etirazımı bildirdiyim zaman yenə də öz bildiklərini ediblər. Bu zaman isə susur və gözləyirəm ki, özləri öz səhvini başa düşsün.

Qızım xaraktercə mənə oxşayır.  Daha çox dizayn sahəsinə maraqlıdır. Oğlum isə hüquqşünas olacağını deyir. Mən onların fikirlərinə və seçimlərinə hörmətlə yanaşıram. Əgər sabah oğlum desə ki, aşbaz olmaq istəyir, mən etiraz etmərəm. Əgər o uğurlu aşbaz olacaqsa, bu yolda ona əlimdən gələn dəstəyi göstərərəm.

– Bəs sizin həyatınızda sevgi hər şeyi həll edə bilərmi?

-Xeyr. Sevgi tək başına hər şeyi hell edə bilməz. Əgər sevgi ağılla bərabər gedərsə, çox şeyi həll edə bilər. Mən həyatını sevgiyə görə qurban verən insan deyiləm.  Həyatımda olan insanı çox sevirəm, lakin münasibətlərimizdə balansı saxlamağı da bacarıram. Anlaşılmamazlıqları hər zaman səmimi müzakirə edirik. O da məni başa düşür və ortaq nöqtəyə gələ bilirik.

– Sevdiyiniz insanın xəyanəti, yoxsa  sevmədiyiniz insanın sədaqəti?

-Əlbəttə ki, sədaqət. Sevgi elə bir şeydir ki, gəlib gedir. Geriyə isə sədaqət və hörmət qalır. Bir də bağlılıq..

– Bəs xəyanəti bağışlayırsınızmı?

– O, xəyanətdən asılıdır. Bu həyatdır. Ola bilər insan özü  də bilmədən yolunu azır, istəmədən kiçik səhvlər edir. Heç kəs müqəddəs deyil. Əslində bütün qadınlar xəyanətə özünü hazır hiss edir. Lakin bir qadını sevdiyi insan ona çox yaxın olan birisiylə aldadarsa, bu artıq bağışlanmazdır.

WIN_0730

– Güclü xanımsınız. Bəs özünüzlə təkbətək qalanda ağlayırsınızmı?

-Mən nə qədər güclü olsam da, qadınam. Olub ki, evdə tək qalıb yorğanı başıma çəkib uşaq kimi aglamışam. Allaha yalvarmışam. Hər bir qadının  həyatında belə zamanlar olur. Amma mən ağladığım zamanlarda da tənhalığa qapanmışam və heç kim məni ağlayan zaman görməyib.

– Kənardan çox güclü qadın kimi görünürsünüz. Bir güclü qadın kimi ən zəif nöqtəniz nədir?

–  Bu sualı mənə 5 il öncə versəydilər, cavab verə bilərdim. Əvvəllər hər şeyə daha çox və tez reaksiya verirdim. Zamanla özüm də bunun fərqinə vardım və bunu özümdə düzəltdim. İndi isə öz zəif nöqtəmi tapa bilmirəm. Bu, o demək deyil ki, mən qüsursuz insanam. Hər bir insan kimi mənim də zəif yerlərim var. Amma düşünürəm ki, öz zəif nöqtələrimin fərqinə varıb onları düzəldəcək qədər də güclü qadınam.

– Deyirlər bəzi insanlar ya düşmənləri sevindirməmək və ya sevdiklərini kədərləndirməmək üçün kədərini nümayiş etdirmir. Bəs siz?

– Mən işçilərimə həmişə bunu deyirəm- həyatımızda neqativ həmişə olacaq. Amma işə gələndə onu qapının kəndarında qoyub içəri daxil olmaq lazımdır. Hətta bəzən qızım deyir ki, bugün nə pis gündür. Mən isə həmən an ona anlatıram ki, belə deməsin. Pis gün demək olmaz, sadəcə deyə bilərik ki, bu gün ağır gündür, lakin sabah mütləq daha yaxşı olacaq. Mən “pis” sözünü dilimə gətirməkdən qorxuram. İnsan şükürlü olmalıdır. Çünki ağız nə deyirsə, qulaq da onu eşidir. Axı hardan bilə bilərik, bəlkə, sabah bundan da pis gün ola bilər. Pozitiv ağlımızda və dilimizdə olunca, həyatımızda da olacaq.

– Daxilən keçmişdə, bugündə yoxsa gələcəkdə yaşayırsınız?

-Gələcəkdə…Çünki mən düşünürəm ki, hələ edəcəyim çox şeylər var. Əldə etdiklərimlə heç vaxt kifayətlənmirəm. Dünənim və bugünüm isə mənim təcrübəmdi.

Hazırladı: Gülnar Məmmədova
Foto: Muhammad Ağa
Məkan: Four Seasons Hotel Baku

WIN_0717
WIN_0708
WIN_0690
WIN_0720
WIN_0704
WIN_0644

Şərhlər

Menyu