Moda bloqeri Səbinə İman: “Sizdən öncə geyim tərziniz danışır”

sabina cover3

“Çanta” rubrikasının növbəti qonağı dəbli xanım, moda bloqeri Səbinə İmandır. O, “Zuleykha” oxucuları ilə moda haqda və təbii ki, ən sevdiyi çantaları ilə bağlı məlumatı paylaşdı. Maraqlı müsahibə zamanı dəbdən bəhs edərək öz bloqu haqqında danışmağı da unutmadı. Çoxları onu Vintage&Popcorn bloqunun müəllifi kimi tanıyır. Səbinə həm də reklam şirkətinin Müştəri Xidmətləri üzrə Direktoru vəzifəsində çalışır və bu şirkətdə www.wall.az start-up layihəsinin bünövrəsinin qoyulmasında yaxından iştirak etmişdir. Onun sözlərinə görə  bu sayt dünyada ilk və yeganə saytdır ki, fərqli bloqerləri birlədirir. Şəxsi bloq yaratmaq istəyənlər bu saytda qeydiyyatdan keçməklə bunu reallaşdıra bilərlər. Çəkilişi Səbinə xanımın özü tərəfindən dizayn olunmuş mənzilində etdik. İnteryerdən və dekor əşyalarından da vintaj abu-havası hiss olunurdu.

– Sabina xanım, sizi Vintage&Popcorn adlı moda bloqer kimi tanıtmış bloqunuz və onun tarixçəsi barədə qısaca danışa bilərdinizmi?

– Mənim həmişə modaya və kinoya marağım olub. Elə bloqumun həm adında, həm də nümayiş etdiyim geyim üslubunda hiss edə bilərsiniz. Köhnə kinoları və vintaj əşyaları sevdiyimə görə moda bloquma standart olmayan “Vintage&Popcorn” adı qoydum. Bloqda daha çox köhnə filmlərdəki geyimləri indiki dövrdə necə yansıtmaq olar – bu barədə yazırdım. Daha sonra fotoqraf Təhminə Әli ilə birlikdə bloqa fotossesiyalar əlavə etməyə qərara gəldik. Bloqun mənim üçün digər özəlliyi odur ki, mən burada insanları qeyri –adi və stereotiplərdən uzaq olmağa səsləyirdim.

– Sizin ən sevdiyiniz yerli və xarici bloqerlər hansılardır?

– Yerli bloqerlərimizdən “Random Choicez” bloqunu qeyd etmək istərdim. Özünə görə unikal zövqü var və bloqda nəinki dəb, həmçinin həyat tərzi və səyahətlər haqqında yazılarını da bəyənirəm. Xarici bloqerlərdən “Man Repeller”. Öz məzəli və qeyri- standart postları ilə diqqətimi cəlb edir. Həmçinin Golestaneh– in zövqünü və orijinal geyinərək seçilməsini bəyənirəm.

– Şəxsi bloqlarını açaraq bloqer olmaq istəyənlərə ilk məsləhətiniz nə olardı?

– Bu işə yeni başlayanlara ilk məsləhətim nəinki ancaq “look”-ları göstərməyə, həm də əynindəki əşyalar haqqında fikirlərini paylaşmaq olardı. Niyə məhz bu əşyanı bu aksesuarlarla və yaxud niyə bu ətəyi geyindiyini oxuculara izah etməlidir. Həmçinin bloqer son dəb hadisələrini, moda tarixini, yenilikləri bilməlidi. Təbii ki, bütün bunlar haqqında öz şəxsi fikri olmalıdır. Әn əsası da bloqerin yaddaşda qalan və özünəməxsus bir tərzi olmalıdır.

WIN_8354

– Suallarımın yönünü bir az dəyişim. Bizim əsas mövzumuza, çantalara keçək. Çanta seçərkən ən çox nəyi nəzərə alırsınız?

– Mənim üçün əsas çantanın funksionallığı və orijinallığı daha cox önəm daşıyır. Gündəlik çantalarımı isə əsas neytral tonlarda rahatlığına və keyfiyyətinə görə seçirəm və onları tez-tez dəyişməyi sevmirəm. Buna görə, çalışıram ki, seçdiyim çanta qarderobumun bir çox əşyasına uyğun olsun. Ümumiyyətlə düşünürəm ki, çanta geyimindən xüsusilə seçilən element olmamalıdır. O sadəcə üzərdindəki dəsti tamamlamalıdır.

WIN_8285e

– Çanta seçimində hansi brendlərə üstünlük verirsiniz?

– Әn sevdiyim çanta brendləri Charlotte Olympia, Anya Hindmarch, Michael Kors. Çantalarımı adətən www.matchesfashion.com  və www.asos.com kimi saytlardanda sifariş edirəm. Bu saytlarda sərfəli qiymətə maraqlı çanta növlərini görmək mümkündür. Ümumiyyətlə çantalarımın bir çoxunu internet vasitəsilə sifariş edirəm. Bu həm çox rahatdır həm də vaxta qənaət etməyə kömək edir.

– Səbinə İmanın ən sevdiyi çanta ?

– Әn sevdiyim çantalarımdan biri Charlotta Olympia brendinə aid olan qara klatçdır. Birincisi bu çox universal klatçdır, ikincisi isə çantanın üzərində tikilmiş qız elementini çox sevirəm. Digər sevdiyim isə gündəlik istifadə etdiyim Michel Kors-un “Selma” seriyasından olan çantamdır.

WIN_8356

 

– Çantanızda daima daşıdığınız 3 əşya?

– Telefon, qırmızı dodaq boyam və üzərində Odri Hepbörn (Audrey Hepburn) əks olunan kirşan. Çantalarımı dəyişsəm də bu 3 element həmişə mənimlə olur.

– Səbinə İmanın dəb qaydaları? Sizin əyninizdə nələrə təsadüf etmək olar və olmaz?

– 1) Məni heç zaman həddən artıq qısa və bədənə yapışan çox dar libasda görə bilməzsiniz. 2) Təbii və saxta kürklər heç vaxt qarderobumda olmayıb. Düşünmürəm ki, nə vaxtsa ola bilər. 3) Dərin dekoltelərdən istifadə etmirəm. Ümümiyyətlə düşünürəm ki, qadınlar təmkinli geyinərək də qadın olaraq gözəlliklərini sübut edə bilərlər. Qadın öz geyimilə gözəlliyinin bir qədər sirrli olduğunu nümayiş etdirməlidir. Hər şey ilk baxışdan məlum olmamalıdır. Və təbii ki, individual görkəmə sahib olmalıdır ki, xarakterinin də bənzərsiz olduğunu vurğulasın.

WIN_8287e

– Son olaraq “Zuleykha”- nın oxucularına nə məsləhət verərdiniz?

– İndividual olmağa çalışın. Tərzinizi seçərkən daxili dünyanınıza uyğunlaşdırsanız daha unikal və yadda qalan olarsınız. Şübhəsiz ki, xarici görüşünüz, geyim tərziniz siz özünüzü təqdim etməmişdən əvvəl danışır. Ona görə çalışın ümumi görüşünüz ətrafdakılara sizin haqqınızda yalnız müsbət “informasiya” ötürsün. Hər şey sizin əlinizdədir. Bu imkanı düzgün səmtə yönləndirin.

Sonda isə rubrikanın ənənəsinə sadiq qalaraq qonağımız qarderobunda en çox sevdiyi çantaları və ən sevimli geyim dəstilərini kollaj şəklində bizimlə bölüşdü. 

Hazırladı: Aynur Əlibəyova
Foto: Muhammad Ağa

WIN_8349WIN_8358WIN_8361WIN_8360-EditWIN_8364
WIN_8280e
WIN_8316WIN_8307WIN_8279
WIN_8276WIN_8336WIN_8284e

 

Şərhlər

Menyu