Şəkərbura maqqaşını amerikalıların mətbəxinə gətirən Fəridə Buyuran

5868

“Simalar” rubrikasında bu dəfə xaricdə yaşayan və ölkəmizin mətbəxini dünyaya tanıdan Fəridə Buyuran haqqında danışacağıq. Həyatsevərliyi, geniş maraq dairəsi ilə seçilən  həmsöhbətimiz Fəridə Buyuran xaricdə yaşayan və uğur qazanaraq yüksələn həmvətənlərimizdəndir.

Azcookbook.com adlı bloqun, Azərbaycan milli mətbəxini dünyaya tanıdacaq kitabın müəllifi olan Fəridənin yemək bişirməyə olan sevgisi ailə qurub Amerikada yaşamağa başlayandan sonra yarandı. Əvvəllər yemək bişirməyi yaxşı bacarmadığını deyən qonağımız buna baxmayaraq yeməklərə və kulinariyayla bağlı kitablara marağının olduğunu dedi. O, bir müddət sonra Los-Ancelsdə yaşayan  çoxsaylı millətlərə Azərbaycan mətbəxini tanıtmaq qərarına gəldi və buna nail oldu. 7 il müddətində müxtəlif yemək reseptləri yığıb, onları azcookbook.com adlı bloqunda həm azərbaycan, həm də ingilis dilində paylaşdı. Oxucularının sayının artması isə onu kitab yazmağa həvəsləndirdi. “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” adlı kitab ABŞ-da dərc edilmiş Şərqi Avropa mətbəxinə aid kulinariya kitabları kateqoriyasında “The Gourmand World Cookbook Awards” mükafatı uğrunda müsabiqənin qalibi elan edildi. Fəridə Buyuran qazandığı uğurun sirri  haqqında “Zuleykha”– ya danışdı:

 

“Xarici ölkədə yaşadığım müddətdə fərqinə vardım ki, kulinariya kitabları arasında Azərbaycan mətbəxinə aid heç bir kitab yoxdur. Bu məni məyus edirdi. Olan kitablar ümumi Qafqaz dövlətlərinin kulinariyası haqqında idi və orada Azərbaycan mətbəxi barədə çox az məlumat var idi. Mən də bu boşluğu doldurmaq qərarına gəldim. Və başladım resept yazmağa.  İlk zamanlar çox çətinlik çəkirdim. Təcrübə üçün yemək bişirəndə bəzən yaxşı alınmırdı. Hər işdə çətinlik olur, sözssüz. Mən mükəmməlçi insanam. Ona görə hər zaman çalışıram ki, hansısa işi görəndə nəticəsi mükəmməl olsun. Yeməklərim yaxşı alınmayanda  ikinci dəfə bişirirdim. Bu məni ruhdan salmırdı, əksinə, daha əzmli edirdi. Hətta kimsə məni ruhdan salmaq istəsə belə, buna nail ola bilmirdi. Qohumlardan, dostlardan bilmədiklərimi öyrəndim, çalışdım və 7 ildən sonra istəyimə çatdım.

Çox vaxt aparsa da, 250 resept yığdım, bişirdim, şəkillərini çəkdim, lakin kitab böyük olduğu üçün kəsməli oldum. 200 reseptlə İstanbulda çap olunan 1000 kitabdan az hissəsi Azərbaycana, geridə qalanı isə Amerikaya aparıldı və hamısı qısa müddət ərzində satıldı. Mənim üçün ən sevindirici hal onun məhz xaricilər tərəfindən alınması idi. Hətta bizim kulinariyanı o qədər bəyənmişdilər ki, şəkərbura bişirmək üçün lazım olan maqqaşın hamısını yalnız amerikalılar almışdı. Daima nəyisə öyrənmək, çalışmaq,  üzərində işləmək, insanı uğura aparır. Bu həqiqətən də belədir.  Amerika kimi bir ölkədə kitab yazmaq, çap etdirmək  heç də asan iş deyil, amma mən cəhd etdim, bunun üçün çalışdım. Hətta mükafatla da təltif olundum. Bütün prosedurları özüm tək başına etdim, özüm araşırdım ki, kitabı hansı müsabiqələrə göndərəcəm.  Beləliklə, arzularım həyata keçdi. Qalib oldum.. Şərqi Avropa kateqoriyasında qalib kitab mənim kitabım oldu. Son olaraq sizinlə də paylaşmaq istərdim: “Hər şeydən həzz alın. Hətta yemək  yeməkdən və bişirməkdən də.”

 

Hazırladı: Məqsumə Süleymanlı

 

PomegranatesAndSaffron_BookCover1898039_10152829085397010_4726857105239397495_nShekerburaIMG_9585Roasted Ducknarqovurmastuffed-eggplants-peppers-and-tomatoes3

Şərhlər

Menyu