Surxayzadənin bloqu: “Avtobusda bir gün…”

Bus-Ride-577x300
 
Qarlı günlərin birində, yenə işə tələsirəm, yenə “iynə atsan yerə düşməz” avtobusdayam. Aydındır ki, belə yerdə kiminsə sənə toxunmağından çox da narahat olmursan, çünki daha lüks bir vəziyyətin yoxdur. Müvazinətimi maksimum saxlamağa çalışıram və beləcə şad-xürrəm getməyə davam edirik. Avtobus adəti üzrə növbəti dayanacaqda saxlayır, adamlar düşür və avtobus bir qədər boşalır. Mən elə təzəcə, xəfif idman hərəkətləriylə əl-qolumu tərpədib bu boşluğun dadını çıxarmaq istəyirdim ki, içəri tələsə-tələsə bir qadın daxil oldu. Əslində, mən onun daxil olmağını görməmişdim. O vaxta qədər ki, o məni sərt bir şəkildə vurub keçdi. Ağrıdan sol qolumu tutdum, sanki ağlamasın deyə təsəlli verərək ovuşdurmağa başladım. Bu səhnələrin fonunda həmin anda beynimdən keçən fikirlər aşağıdakılar idi:
 
Crowded bus.
 
1. İnsan bu qədərmi mədəniyyətsiz olar ki, vurub keçdiyi birindən dönüb üzr istəməsin?
2. Bəlkə, çox fikirlidir, heç hiss etməyib ki, mənə “bərk dəyib”?
3. Amma mənim qolum ağrıyır axı, mümkün deyil ki, hiss etməsin.
4. Görəsən qolum göyərdimi?
5. Mən indi ona üzümü turşudub xoş olmayan bir söz desəm, necə olar? Gərək deyim, başa düşsün ki, bir də başqasına belə kobud davranmasın!
6. Bəlkə, başqa şey edim. Məsələn, dönüb desəm ki, “Xanım, çox üzr istəyirəm, sizə toxundum”, necə olar?
7. Hə, hə, elə belə də deyim. Özü də tamamilə gülərüzlə. Heç bir kinayə və üz turşutması olmadan.
Əla!
 
Bu fikirlərdən ayılıb qadın məndən uzaqlaşmamış bütün gülərüzlüyüm və səmimiyyətimlə dedim: “Xanım, çox üzr istəyirəm, sizə toxundum”. Qadın: “Siz Allah bağışlayın, siz yox, mən sizə dəydim, çox üzr istəyirəm!”. Bunu deyərkən onun da üzündə gülümsəmə, etdiyindən utanmış və bir daha kiməsə belə “toxunsa”, üzr istəyəcəyinə söz verəcək ifadə vardı. Mən isə ağlımda dolanan 5-ci fikri həyata keçirmədiyim üçün çox xoşbəxt idim.
 

Hazırladı: Leyla Surxayzadə
 

bus

 
 

Şərhlər

Menyu