Ləman Əsgərova: “Sevgi hər şeyin başlanğıcıdır”

leman cover

Işdən sonra rubrikasının ilk qonağı ixtisasca iqtisadçı olsa da rəssamlığa və marketinqə olan marağı sayəsində 11 ildir Azərbaycanda interyer dizayn sahəsində çalışan və bu sahədə özünü təsdiqləyən “Lyaman Askarova” brendinin təsisiçisi yaraşıqlı və istedadlı xanım Ləman Əsgərovadır.

– Ləman xanım, artıq 11 ildir interyer-dizayn bazarında özünü təsdiq etmiş bir şirkətə rəhbərlik edirsiniz. Necə oldu ki, interyer dizayn sahəsini seçdiniz? Zərif bir xanım, gözəl ana üçün bu qədər aktiv həyatın çətinlikləri varmı?

– Uşaqlıqdan bu cür aktiv həyata alışmışam. Bu artıq mənim həyat tərzimdir. Ancaq bir şeyi düşünürəm…dayanmadan üzərimdə çalışmaq, daha çox uğur əldə etmək, daha çox öyrənmək. Mən əslində Iqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişəm, lakin rəssamlıq bacarığım, eyni zamanda marketinqə olan marağım və həvəsim məni bu sahəyə gətirib. Artıq 11 ildir həyat yoldaşımla birlikdə bu sahədə çalışırıq. Düşünürəm ki, özümü təsdiqləmişəm. Amma təbii ki, yenə də daha çox uğur əldə etməliyəm.

– Böyük və olduqca istedadlı bir komandaya rəhbərlik edirsiniz. Yaradıcı insanları idarə etmək üçün bir art-direktordan nələr tələb olunur?

– Bunu mənim komanda üzvlərim də təsdiq edə bilər ki, komandada ilk gündən ailə mühiti yaratmışam. Biz hətta birlikdə dincəlirik. Ümumiyyətlə düşünürəm ki, yaradıcı mühitdə sərt qanunlar keçmir. Hələ bu neçə il ərzində mənimlə çalışmaqdan imtina edən biri olmayıb.

WIN_2916

– Bildiklərinizi başqalarına öyrətməkdən qorxmursunuzmu?
– Əsla. Bacarıqlarına güvənən insanlar bundan çəkinmir. Kollektivimlə münasibətlərim səmimidir, hətta zamanla mən onlardan nəsə öyrənirəm.

– Müştərilərlə işləməyin yaradıcı insan üçün hansı çətinlikləri var?

– Hər cür insan var. Nə istədiyini bilən də var, bilməyən də var. Ona görə dizayner eyni zamanda yaxşı psixoloq olmalıdır. “Kaprizli” müştəri, pis müştəri demək deyil. O sadəcə nə istədiyini bilmir. Çünki bu tipdə müştəri çətin açılan qapı kimidir. Bizim işimiz isə ona fikirlərinin açarını tapmaqda kömək etməkdir.

– “Lyaman Askarova” brendinin rəqibi varmı?

– Mənim rəqibim yox, kifayət qədər istedadlı kolleqalarım var. Çox hörmət etdiyim dizaynerlər var. Amma dırnaqarası mütəxəssislərlə hansısa keyfiyyətdən və rəqiblikdən danışmaq yersizdir.

WIN_2939

– Ləman xanımın dizayn “imzası” nədir?

– Laman dizaynını tanıdan əsasən rənglərdir- təbiət rənglər. İnteryerdə narıncı, qəhvəyi, sarı rənglərin keçici tonlarından istifadə etməyi sevirəm. Ən sevdiyim və ən çox istifadə etdiyim rəng isə sarıdır. Ümumiyyətlə, sarı günəş, enerji rəngidir.

– Sizcə evdə səmimi və isti mühiti yaratmaq üçün hansı rənglərdən, yaxud hansı xüsusi detallardan istifadə etmək lazımdır?

– Bir interyer dizayner kimi onu deyə bilərəm ki, hər bir evin abu-havasını isti edən sevgidir.

– Evdən söhbət düşmüşkən bir az da sizin ailənizdən, onlara ayırdığınız zamandan danışaq. Ləman xanım işdən sonra.. ilk gedəcəyiniz yer hara olur?

– Əlbəttə ki, evə- uşaqlarımın yanına. Qızımla dərslərini edirik, oğlum isə 3 yaşlı hiperaktiv baladır. Uşaqlarıma körpəlikdən kinoya getməyi öyrətmişəm, mən onları tez-tez  kinoya aparıram.

– Əyləncəniz və zövq aldığınız məşğuliyyətləriniz nələrdir?

– Musiqi, kino, kitab – bunlar mənim zövq aldığım şeylərdir. Mən həm də qırmızı diplomla musiqi məktəbini bitirmişəm. Musiqi dinləməyi çox sevirəm. Hətta Art direktoru olduğum bu məkanın musiqi repertuarı seçimində də iştirak edirəm. Bir də kinonu hədsiz sevirəm. Heç bir yeni filmi, heç bir primyeranı qaçırmıram. Bütün kinoteatrlarla dostluq edirəm və hər yeni filmə kinoman kimi dəvət alıram. Və həyatımın 3-cü ən böyük sevgisi – kitab oxumaq. Sevdiyi kitabı 3-4 dəfə oxuyanlardanam. Kitab oxumaq mənim üçün beynin məşqidir. Həyatımın bu 3 aktivliyi məni bütün problemlərdən, gündəlik stressdən uzaqlaşdırır.

 

WIN_3041
(Park Cinema)

 

– İstirahət seçiminiz şəhər daxilində olur, ya insanlardan uzaq məkanlara üz tutursunuz? ?

– Mən Fatmayidə bağ evimdə yaşayıram. Əvvəllər yalnız mənə təmiz hava lazım olduğu üçün biz orda yaşamağa qərar vermişdik. Daha sonra qızım dünyaya gəldi, qərara gəldik ki, şəhərdə yaşayaq. Bir il şəhərdə yaşadığımız müddətdə qızım və oğlum tez-tez xəstələnirdilər. Gördük ki, yox, biz dəniz havasına öyrəşmiş insanlarıq. Təmiz hava, həyət evi, şəhərin səs küyündən uzaq… uşaqlar üçün, elə özümüz üçün də orada yaşamaq daha rahatdı.

– Uzunmüddətli tətillərinizi adətən harda keçirdirsiniz?

– İstanbulda- Bakıdan sonra ən çox sevdiyim ikinci şəhərdə. İstanbul mənim Bakı üçün darıxmadığım yeganə şəhərdir. Azərbaycanda isə Şəkiyə və Gəncəyə getməyi çox sevirəm. Lakin 3 gün qalan kimi Bakı üçün çox darıxıram. Amma İstanbulda bu qətiyyən belə deyil. İstirahətə rahatlamaq üçün getdiyimiz üçün həyat yoldaşımla yalnız getməyi sevirik, uşaqları belə götürmürük.

– Gözəl və baxımlı xanımsınız. Bu cür aktiv həyat tərzi ilə bunu necə çatdırırsınız?

– Mən özümə baxmağı sevən qadınam. Manikür və pedikür zəif yerimdir. Ümumiyyətlə, düşünürəm ki, hər bir qadın baxımlı olmalıdır. Kimsə mən buyam, beləyəm deyəndə qəbul edə bilmirəm. Əgər mütəmadi qulluq olunmazsa, təbii gözəllik müəyyən vaxtdan sonra yox olub gedə bilər. Qadın gözəl ola bilər. Amma özünə baxmayan qadın heç vaxt gözəl görünə bilməz. Saçımız, dərimiz bizdən qulluq tələb edir. Mən çalışıram bəzi prosedurları özüm həyata keçirim, eləcə də mütləq şəkildə sağlamlıq mərkəzlərinə üz tuturam.

– Formada qalmaq üçün nələr edirsiniz? Ümumiyyətlə idmanla aranız necədir?

– Ətrafımdakılar, dostlarım da bilir ki, mən qızımı dünyaya gətirəndən sonra artıq çəki yığmışdım. Lakin tez bir zamanda idman zallarında, təbii ki yaxşı məşqçilərin dəstəyi ilə artıq çəkidən azad oldum. Ləzzətli yeməkləri sevirəm, lakin hal-hazırda sağlam şəkildə qidalanmağa çalışıram. Bol su içirəm, həm sağlamlığım üçün, həm də dərimin və orqanizmimin normal çalışması üçün. Ümumiyyətlə düşünürəm ki, qadın özünə inamlı olanda gözəl görünür.

laman cover 2

– Zövqlü xanım olduğunuz məlumdur. Çox gözəl və zəngin qarderobunuz olduğunu hiss olunur. Alış-verişə çoxmu zaman ayırırsınız? Bu işdə məsləhət aldığınız kimsə varmı?

– Mən öz qarderobumu sevirəm. Evimdə çox böyük və zəngin, eləcə də qeyd edim ki, çox səliqəli qarderobum var. Amma alış-veriş etməyi heç sevmirəm. Çünki nəyisə geyinmək, seçmək zaman alır və bu məni çox yorur. Çox yaxın bir rəfiqəm var – Səbinə Hüseyn. Mənim qarderobum tamamilə onun seçimidir. Hətta məndən xəbərsiz belə aldığı hər şey ürəyimcə və zövqümcə olur. Səbinə mənə nəyinki, düzgün seçim etməyi, həm də onları bir- birinə uyğunlaşdırmağı öyrədir.

– Hər bir uğurlu xanımın sirri var. Yəni bütün bunların –sosial aktivliyin, işgüzar həyatın və belə gözəl görünməyin sirri olmalıdır. Bu sirri “Zuleykha” ilə bölüşərdiniz?

– Mənim bu suala yalnız bir cavabım var- SEVGİ. Bəli, bütün bunların yeganə səbəbi sevib sevilməkdir. Sevgi uğurun açarıdır. Sevdiyi tərəfindən arzu olunan xanım olmağım məni xoşbəxt edir, məni gözəl göstərir. Hər bir qadın yalnız yanında düzgün insan olduğu zaman gözəl və uğurlu ola bilər. Ümumiyyətlə, hər bir qadın yalnız sevib sevildiyi zaman ətrafdakılara, cəmiyyətə qarşı da sevgiylə baxır, özünə inamlı olur, qurub yaratmaq istəyir.. və uğur qazanır. Bəli, sevgi hər şeyin başlanğıcıdır.

– Və son olaraq.. Azərbaycan xanımlarını necə görmək istəyirsiniz?

– Azərbaycanda belə bir problem var. Əgər hansısa qadın uğurlu və gözəldirsə, onun haqqında neqativ sözlər deyilməyə başlanır. Çox istərdim ki, belə olmasın. Heç kim düşünməsin ki, hər bir uğurlu qadının arxasında mütləq bir kişi dayanmalıdır. Bundan əlavə istərdim ki, bütün azərbaycan xanımları təhsilli olsun, öz ayaqları üzərində dura bilsin. Bir sözlə, azərbaycan xanımlarını uğurlu, baxımlı və gözəl görmək istəyirəm.

 Hazırladı: Nərminə Məmmədova
Foto: Muhammad Ağa
Məkan: Park Cinema

WIN_2909WIN_2980WIN_3051WIN_3011

Şərhlər

Menyu