“Ləng hərəkət” rejimi və ya həyatını doya-doya yaşa

Alimlərin araşdırmalarına görə insanın gözlənti hissi nə qədər azdırsa, onun xoşbəxtliyi bir o qədər çoxdur. Əbəs yerə “Uman yerdən küsərlər” deyilməmişdir.

Əslində ilk günündən etibarən bu misal müvəffəqiyyətli valideynliyin düsturuna çevrilməlidir. Adətən ilk körpələrini səbrsizliklə gözləyən ata və ana xoş əhvallarına baxmayaraq, körpə dünyaya gələndən sonra müəyyən anda pərişan olurlar. Yeni ata əvvəlki kimi xanımından dolğun diqqət və qayğı görmür, yeni ana isə baş verənlərin tamamilə başqa cür olduğunun şahidi olur. Nədənsə analar  körpə doğulandan sonra əvvəlki kimi işlərində və məişətdə “dağı-dağ” üstünə qoyacaqlarını, həyat yoldaşlarının onlara daima yardım edəcəklərini, ideal şəkildə evlərinin, özlərinin, yoldaşı ilə münasibətlərin fiziki və emosional səhmanda olacağını xəyal edərək  yenicə doğulan körpənin normal həyati tələbatlarını sual altına alırlar.
 
rej
 
Ananın beynində “axı niyə bu uşaq, filankəsin uşağı kimi öz yatağında yatmır?“, “axı niyə o uzun müddət hətta dayanmadan qucaqda olmaq istəyir?”. “mən nə vaxta qədər gecələri yatmayacam?”, “mənim heç normal insan kimi ayaqyoluna getməyə imkanım yoxdur”, “bu uşaq mənə yemək yeməyə belə imkan vermir”, “evim köçür, bu uşağın əlindən heç nəyi çatdıra bilmirəm” kimi suallar və qınaqlar ona valideynlikdən həzz almağa imkan vermir. İlk növbədə unutmamalıyıq ki, bütün analar fərqli olduğu kimi bütün uşaqlar da fərqlidir və bu fərdiliyi nəzərə alaraq heç vaxt öz uşağını başqasının uşağı ilə müqayisə edib, özünüzü və uşağınızı mənəvi sıxıntılara salmayın. Körpənizi, uşağınızı, yeniyetmənizi anlamağa, onun qabiliyyət və qüsurlarını qəbul etməyə çalışın.
 
40-42 həftə ərzində nəfəsi və qanı ilə “qidalanan”, ürək-ürəyə döyünən iki bədən artıq ayrılıqda yaşamağa başlasa da, körpənin bədən təmasına ehtiyacı eyni ilə ananın südünə olan ehtiyacı qədərdir. Qucaq körpənin həyati dərəcədə vacib ehtiyaclarındandır. Unutmayaq ki, körpə həmişə körpə olaraq qalmayacaqdır. Valideynlərin əksəriyyəti böyümüş uşaqlarının körpəliyi, körpələrini bol-bol qucaqda gəzdirməkləri üçün dəhşətli dərəcədə darıxırlar. O zaman niyə hazırda ətrafda baş verənlərə “fasilə” və ya “ləng” rejimi elan edərək, daha çox körpəyə diqqətimizi yönəldərək, valideynliyin tam dadını çıxarmayaq?
 
Yeni valideynlərə, xüsusən, analara xoşbəxt valideyn olmaq üçün bir neçə ipucu:
Naşükür olmayın. Mütləq şükr etmək üçün bir səbəb tapılacaqdır. Şükür edərkən, hətta dəstək görmədiyiniz yoldaşınıza təşəkkür edin. Bu onu daha çox sizə yardım etməyə həvəsləndirəcəkdir.

Xəyalpərəst olmayın. Ətrafdakılardan- həyat yoldaşı, ana, qaynana, ata, qayınata, nənə, baba, bacı, qardaş, baldız, qayın, bibi, xala və xüsusən körpənizdən gözlədiklərinizi azaldın.

Yardım istəyin. Yaxınlarınızdan, qohum, dost-tanışdan gələn köməkdən imtina etməyin. Əgər kömək təklif edən yoxdursa, onu istəməkdən çəkinməyin. Yeni anaların hamısının yardıma ehtiyacı var, bu heç də sizin fərsiz olmağınız demək deyil.

Qüvvənizi bilin. Hər kəs özünün qüvvə və qabiliyyət potensialını, üstəlik körpəsinin tələbatlarını təyin edib, qəbul etməyi bacarmalıdır. İşlərinizə uyğun qüvvənizi və məhdud vaxtınızı sərf etmək əvəzinə, qüvvənizə görə işlərinizi tənzimləyin. Asan bişən yeməklər bişirin, ilk olaraq yoldaşınızın iş paltarlarını ütüləyin, körpəniz qucağınızda ikən bəzi tək əl ilə həll oluna biləcək işləri görməyi öyrənin və s.

Prioritetlər müəyyən edin. “Qaçanı qovarlar” prinsipi üzrə məsuliyyətlərinizi paylaşdırın. Vacib olanları və yalnız sizin edə biləcəklərinizi ilk növbədə edin. Qalan işlər ya öz vaxtını gözləyər, ya da yardım edəcək “əlləri”.
 
Xoşbəxt valideynlik duaları ilə..
 
Hazırladı: Səltənət Zülfüqarova
 
 

Şərhlər

Menyu