Sevgi şəhəri – Verona

DSC_1120e1

 

Təqvimdə “14 fevral” yaxınlaşdıqca “Sevgililər” gününə özəl olaraq turistik firmalar Avropanın bir çox məşhur şəhərlərinə sevən cütlüklər üçün özəl səyahət paketləri təqdim edirlər. Lakin siyahını incələdikdə nədənsə sevgi abu-havası ilə zəngin, İtaliyanın ən gözəl şəhərlərindən sayılan Verona nəzərdən qaçır. Halbuki Verona U.Şekspirin məşhur “Romeo və Cülyetta” pyesindən bəlli olduğu kimi iki gəncin sevgisinə şahidlik etmiş və dillər əzbəri bir şəhərə çevrilmişdi. Bugün də Veronaya ilk ayaq basdıqda havada elə bil bir sevgi abu-havasını duymaq və bu ehvala tabe olaraq bu gözəl şəhərin küçələrini eyforik bir durumda gəzmək mümkündür. Və bəzən bu gəzinti zamanı o küçələrdən birindən qarşınınıza Romeonun çıxacağı duyğusu sizi bürüyə bilər. Heç təsadüfi deyil ki, Verona “dünyanın ən romantik şəhəri” adına görə Parislə rahatlıqla rəqabət apara bilər.

Verona strateji baxımdan olduqca əlverişli coğrafi mövqedə yerləşdiyi üçün həm İtaliyanın, həm də Avropanın digər şəhərlərindən rahatlıqla buraya gəlmək olur. Burada Valerio Katullo adına hava limanı, Porta Nuova dəmiryol vağzalı, həm də avtovağzal fəaliyyət göstərməkdədir. Eyni zamanda Veronada olduğunuz zaman rahat şəkildə buradan Qarda gölünə (23 dəqiqə), Viçenzaya (26 dəqiqə), Milana (1 saat 22 dəqiqə), Venesiyaya (1 saat 14 dəqiqə), Bolonyaya (1 saat 12 dəqiqə), Florensiyaya (2 saat 22 dəqiqə) və digər yerlərə gedə bilərsiniz.

DSC_1105e

DSC_1103e
(San Pyetro qəsrindən şəhərin görüntüsü)

Verona xarici görünüşü baxımdan tipik orta əsr Avropa şəhəridir və UNESCO-nun maddi-mədəniyyət siyahısına daxil edilmişdir. Buradakı abidələr əsas etibarilər 13-14-cü əsrə aiddir və şəhər “Kiçik Roma” kimi də tanınır. Veronaya gəldiyinizdə şəhəri incələməmişdən öncə San Pyetro qəsri kimi tanınan “Castele San Pietro” zirvəsindən şəhərin ümumi “qırmızı” görünüşü ilə tanış olmağı tövsiyyə edirik. Buradan açılan Verona panoraması uzun müddət hafizələrinizdən silinməyəcək. Castele San Pietrodan piyada şəhərə enmək daha məqsədəuyğundur, çünki bu zaman şəhərin qırmızı kərpicli evlərindən ibarət küçələrindən keçməklə məşhur Pietra körpüsünə gəlib çıxırsınız. Körpüdən gözəl şəhər görünüşləri açılmaqdadır. Və körpünü keçdikdən sonra şəhərin əsaslı turistik mərkəzinə düşürsünüz. Burada sizi Erbe meydanı, Arena de Verona (Roma Kolizeyinə bənzər qədim Roma teatrı), Bazilika San-Dzeno Majore, Kastelvekiyo muzeyi, Lamberti qalası (Torre dei Lamberti) və digər abidələr gözləyir.
DSC_1164e

DSC_1172e

Erbe meydanında diqqət çəkən şoppinq dükanları, italyan və digər Avropa mətbəxi nümunələrini dadmaq üçün əsrarəngiz restoranlar yerləşməkdədir. Ən əsası isə Erbe meydanı Veronanı dillər əzbəri edən pyesin əsas evlərindən biri olan Cülyettanın evinə doğru uzanır. Ev və xüsusilə Romeonun Cülyettaya eşqini elan etdiyi o məşhur eyvan Veronanın vizit kartı hesab edilə bilər. Şəhərdə turistlərin daha çox cəmləşməsini də məhz burada hiss etmək olar. Kimisi balkonda şəkil çəkdirmək, kimisi isə Cülyettanın sinəsinə toxunmaq üçün növbələr gözləməkdədir. Ümumilikdə bütün bu həyəcanlar insana zövq verməkdə və yaşanmaya dəyər bir hissdir.

DSC_1263e
(Cülyettanın evinin pəncərəsindən mənzərə)

jjj
(Cülyettanın məşhur eyvanı)
Untitled-1
(Cülyettanın ev muzeyi)

 DSC_1219e
(Cülyettanın evinin hasarının bayırdan görüntüsü)

Veronada edilməsi vacib olan 5 aktivitə:

Cülyettanın eyvanında şəkil çəkmək
– 25000 nəfərlik Arena de Veronada olmaq və əgər xoş bir təsadüf olarsa orada opera dinləmək.
– Pastisada de kaval adlanan pastanı dadmaq (ümumiyyətlə Veronada digər italyan şəhərlərindən fərqli olaraq pastanı pizzadan daha çox önəmsəyirlər, bu səbəbdəndir ki, şəhərdə müxtəlif çeşiddə makaron növlərinə rast gəlmək olar)
– Və əlbəttə ki, məşhur italyan dondurmalarından (gelato) bacardığınız qədər çox dadmaq
– Muzey Nikolisdə olmaq. Bu muzeydə 100-lərlə antikvar və hələ də işlək vəziyyətdə olan avtomobillər yerləşir.

 

Sonda hər birinizə həyatınız boyu bol sevgi dolu günlər yaşamağı, hər zaman sevib, sevilməyinizi,sevdiklərinizlə bol səyahət etməyinizi və ən azı bir dəfə sevgi şəhəri olan Veronaya getməklə eşqin abu-havasını duymağı diləyirik.

Həmişə gəzməkdə!

Hazırladı: İradə Qədirova
Foto: İradə Qədirova

 

DSC_1160e

arenaDSC_1362e

DSC_1180e
ppp
DSC_1225e

 

Şərhlər

Menyu