Dövrlərin kontrastı. Aparıcı Nərgiz Cəlilova.

WIN_1079 copyE2EE

Azərbaycan televiziyası tarixində bugünədək uğurlu aparıcı adını qoruya bilən, yaraşıqlı qadın və ən əsası səmimi insan Nərgiz xanım Cəlilova.

Yalnız ona məxsus imici ilə hər kəsin yaddaşında iz qoyan, həmsöhbətlərini danışıq tərzi ilə həyəcanlandıran və düşündürən, illər keçsə də, dünyaya hər dövrün özünə görə müasir baxışıyla ətrafındakıları heyran edən bu xanımla söhbət etməkdən insan doymur. Gündəmdəki hadisələri aktiv müzakirə edərkən onun hansı dövrün insanı olmasını müəyyən etməyə çətinlik çəkirsən. Lakin söhbət etdikcə ara-sıra nostalji hisslərinin onu yad etdiyini də hiss edirsən.. 


– Bunu efir vasitəsilə də hiss edirdik, amma sizinlə telefonla əlaqə saxladığımız zaman bir daha çox istiqanlı və səmimi bir xanım olduğunuza əmin olduq. Bu Nərgiz xanımın peşəsindən irəli gəlir, yoxsa daxilən belə xarakterə malikdir?

– Düşünürəm ki, xarakterimdəki məhz bu keyfiyyətlər məni aparıcılığa gətirib çıxardı. Ən əsası ünsiyyətdə sadəliyi saxlaya bilməyim mənim bütün uğurlarımın açarıdır deyə dilərəm. Çünki sadəlik olmasa, nəinki bu peşədə, hətta həyatda da heç bir işdə uğur qazana bilməzsən.

WIN_1075 copy

– Uğurlu aparıcının ən böyük sirri nədir?

-Öncəliklə istedadın olması vacibdir. Mənim ağlıma belə gəlməzdi ki, nə vaxtsa aparıcı ola bilərəm. Və bu səbəbdən mən jurnalistika təhsili almamışam. Ancaq uşaqlıqdan incəsənətə böyük marağım və həvəsim olub. Bu sahədə istedadım varıydı və bunu ilk hiss edən müəllimlərim olub. Lakin mən inanmıram ki, yalnız istedadla bu peşədə irəli getmək mümkündür. Uğurlu aparıcının gözə görünməyən ən böyük sirri zəhmət və əməkdir. İstedadı zəhmət və əməklə qidalandırmasan, o istedad yaşaya bilməz.

– Əvvəllər sizi televiziya aparıcısı kimi görsək də, hal-hazırda yalnız səhnələrdə-əyləncəli proqramlar, tədbirlərdə görürük. Bunun səbəbi nədir?

– Mən uzun illər paralel olaraq həm efirdə, həm də səhnədə çalışmışam. 1996-cı ildə ilk şou programlardan birinin aparıcısı idim, eyni zamanda Azərbaycan musiqisi antologiyası silsiləsindən çox ciddi proqramlarla da məşğul olurdum. O zamanlar sənət adamları indiki kimi müsahibələrə açıq deyildilər. Və mən müsahibə almağın çətin olduğu bir dövrdə ilk müsahibələrimi bəstəkar Arif Məlikov və xalq artistimiz Zeynəb Xanlarova kimi böyük insanlardan götürmüşdüm. Azərbaycan milli televiziyasını tərk edəndən sonra isə mən artıq xəbər aparıcısı kimi fəaliyyət göstərmədim. Düşündüm ki, əgər indiki dövrdə xəbər aparıcısı olaraq davam edirəmsə, bütün fikrimi buna- dünyada baş verən ən son hadisələrə, xəbərlərə yönəltməliyəm və səhnədən bir qədər uzaq olmalıyam. Lakin mən daim yeniliklər etməyi və səhnədə olmağı çox sevdiyim üçün aparıcılıq formatını səhnə yönümünə dəyişdirdim.

WIN_1082 copyE

– Hər hansı tədbiri aparmazdan əvvəl, yəni səhnəyə çıxamışdan öncə hazırlıq prosesində xüsusi olaraq nəsə edirsinizmi? Hansısa ritualınız varmı?

Həmin günü mən ümumiyyətlə heç nə etmirəm və işimdən başqa heç nə barədə düşünmürəm. Bütün fikrimi tamamilə işimə yönəldib özümü həmin günə hazırlayıram. Bir də çox qəribədir ki, hazırlıq proseslərində bəzənib- düzənməyə də çox önəm vermirəm və daha çox təbii olmağa çalışıram. Elə düşünürəm ki, bu məni əsas işimdən yayındaracaq və fikrimi əlimdən alacaq. Doğrudur, çalışıram geyimim həmin günə uyğun olsun və bunu əvvəlcədən beynimdə qururam.

– Nərgiz xanım illərdir ki, intellekti ilə yanaşı, həm də dəbli bir xanım kimi yadda qala bilib. Saçınızın rəngi isə sizin vizit kartınızdır. Bu imicin müəllifi özünüzsünüz, yoxsa xüsusi stilistiniz var?

– Stilistim yoxdur, lakin uzun müddət çalışdığım və mənim nə istədiyimi bilən yaxşı ustalar olub. Bu mövzuda çox mühafizkaram. Xarici görünüşümdə dəyişiklik etməyi çox sevmirəm. Hətta saçlarım bəyazladıqda belə onu rəngləməyə çox tərəddüd etmişdim. Dəblə ayaqlaşmağa çalışsam da, bunu imicimi pozmadan edirəm.

– Sosial şəbəkələrdən istifadə edirsinizmi?

– Mən sosial şəbəkələrdən daha çox proqramlarımda, müsahibələrimdə insanlarla ünsiyyət zamanı rahat oluram və bunlarla yadda qalmaq istəyirəm. Amma bunu da qeyd edim ki, sosial şəbəkələrdə insanlarla ünsiyyət gözəl imkandır və heç kimi də qınamıram. Mən sadəcə düzgün anlaşılmamaqdan qorxuram. Bugün insanlar tanınmış simalara qarşı çox acımasızdılar. Axı mən bir az o dövrün də insanıyam. Əvvəllər insanlar sevmədikləri hansısa hərəkətə, yaxud sözə qarşı fikir bildirirdilərsə, bu daha çox tənqidi xarakter daşıyırdı. Bugün isə artıq təhqirə keçir. Və çalışıram ki, bunlardan özümü qoruyum və uzaq olum.

WIN_1148 copy

– Bəs sizcə Azərbaycan xanımı necə olmalıdır? Xanımlıq dedikdə ilk olaraq fikrinizə nə gəlir?

Mən hər zaman qadınların tərəfində olmuşam, çünki özüm də qadınam. Lakin feminist ruhlu insan deyiləm. İstəyərəm ki, hər bir qadının yanında çiyin-çiyinə dayana bildiyi bir kişi olsun. Çünki qadını qadın da edən, ana da edən kişidir. Hətta yüksəlməsinə də səbəb məhz kişidir. Qadın hər zaman, hər yerdə xanımlığını qorumağı bacarmalıdır. Məncə tanınmış, incəsənət aləmində olan qadınla adi qadın arasında fərq yoxdur. Sadəcə tanınmış qadınların üzərinə iki qat məsuliyyət düşür.O hərəkətlərində, davranışında daha diqqətli olmalıdır və ən əsası efir mədəniyyətini bilməlidir. Hətta əyləncəli proqramlarda belə qadın hərəkətlərini, zarafatlarını elə etməlidir ki, xanımlıq cizgisindən çıxmasın.

İndiki dövrdə qadın heç də kişidən geri qalmır. Mən hər zaman kişi-qadın bərabərliyinin tərəfdarı olmuşam. Qadınların verdiyi qərarlara, məsləhətlərə kişilərin daha çox ehtiyacı var. Qadın eyni zamanda bir neçə işi görə bilmək qabiliyyətinə malikdir və beyni daha çevik reaksiya verir. Məncə kişilər də məhz buna görə qadınların onları üstələyəciyindən qorxur. Qadının “Mən də varam” deməsi bəzən ayrılmalara belə gətirib çixarır. Düşünürəm ki, qadın-kişi münasibətlərində hər iki tərəf daim bir birinə dəstək olmalı və anlamağı bacarmalıdır.

– Nərgiz xanım mediada xanımlığı ilə seçilən bir personadır. Media industriyası isə həm də şou bizneslə əlaqəli sahədir. Maraqlıdır ki, Nərgiz xanım bu mühitdəki çətinliklər və qarışıqlıqlar içində öz gözəl və təmiz adını necə qoruya bilib?

– Mənə elə gəlir ki, bu uşaqlıqdan aldığım tərbiyə ilə bağlıdır. Mənə uşaqlıqdan bir qız uşağına nələr olar və nələr olmaz anlayışını yetərincə aşılayıblar. Və düşünürəm ki, əxlaq nə din, nə dil, nə də milliyətlə bağlı olan bir şey deyil, bu yalnız ailədən və uşaqlıqdan gələn bir dəyərdir.

WIN_1070E

– Zamanınızı daha çox işinizəmi həsr edirsiniz, yoxsa gözəllik və sağlamlığınıza?

Əlbəttə ki, işimə daha çox zaman ayırıram. Lakin eyni yerdə addımlamağı sevmirəm, buna görə də daimi iş yerim yoxdur. Tək çalışmağa və öz qərarlarımı özüm verməyə alışmışam. Bugünkü günə qədər nə produserim var, nə də menecerim. Yalnız əməkdaşlıq etdiyim şirkətlə müəyyən işlərdə məsləhətləşirəm.

– Nərgiz xanımın işindən kənar məşğuliyyəti nədir? Bəlkə hobbiləriniz var?

– Əvvəllər boş zamanlarımda daha çox mütaliə ilə məşğul olurdum. Lakin yaş ötdükcə bu dəyişir və indi boş zamanlarımda daha çox internet və televiziya vasitəsilə maariflənməyə üstünlük verirəm. Televiziyaya baxmağdan böyük zövq alıram. Bunu da qeyd edim ki, mən sözün əsl mənasında böyük tennisin azərkeşiyəm. Əgər tennisə olan bu həvəsim gənc yaşlarımda yaransaydı, mütləq bu oyunla məşğul olardım. Hal-hazırda dünyada gedən tennis oyunlarını izləyirəm və həqiqətən də çox sevirəm. Bu oyunda təkcə rəqibinlə deyil, özün özünlə yarışırsan. Və bu da mənim ruh halımı əks etdirir.
WIN_1106 copye

– Aparıcı olmasaydınız özünüzü hansı peşədə görərdiniz?

– Indi bu suala cavab vermək mənim üçün çox çətindir. Mən heç bir zaman özümü aparıcı kimi görməmişdim, indi isə özümü başqa sahədə görə bilmirəm. Yəqin ki, aparıcı olmasaydım, yenə də cəmiyyətlə daim ünsiyyətdə olacağım, yaradıcı, hər zaman yeniliklər edə biləcəyim və yenə də özümün özümü idarə edə biləcəyi bir işlə məşğul olardım. Amma çox qəribədir, mən cəmiyyətdə olmağı sevdiyim qədər özümlə yalnız qalmağı da çox sevirəm və bəzən darıxıram bunun üçün.

– Sonda xanımlarımıza həm işgüzar həyatda, həm ailədə və eyni zamanda cəmiyyətdə uğurlu yer almaları üçün bir qadın kimi nələri tövsiyyə edərdiniz?

– Yaşa dolduqca bu qənaətə gəlmişəm ki, həyatda hər istədiyin sənə eyni zamanda verilmir. Allah bir tərəfdən verəndə, digər tərəfdən də nələrisə alır. Bu həyatın qanunudur və bununla insan ömrünün sonuna qədər sınanır. Önəmli olan o boşluğu əlində olanlarla doldura bilməkdir. Qadın böyük qüvvə və güclü varlıqdır. Şükürlər olsun ki, həyatımdakı boşluqları doldurmaqda hər zaman özümdə güc tapmışam.

Hazırladı: Gülnar Məmmədova
Foto: Muhammad Ağa
Məkan: JW Marriott Hotel Absheron Baku

WIN_1171 copy
WIN_1097 copy
WIN_1091 copy WIN_1096 copy WIN_1104 copy

WIN_1107 copy WIN_1136 copyWIN_1181 copy WIN_1198 copy

 

 

Şərhlər

Menyu