Salam əziz “Zuleykha” oxucuları!

İlk yazımda öncə təşəbbüs və iştiraklarına görə jurnalın yaradıcı heyyətinə öz təşəkkürümü bildirmək istərdim. Sizlərin jurnalımız üçün hazırladığı məqalə və bloq yazıları, illüstrasiya, fotoşəkillər və video çarxlar olmadan bu layihə ərsəyə gəlməzdi. İşinizə münasibətiniz, jurnala sevginiz və dəstəyiniz bizim üçün çox önəmlidir.

Həmçinin bizi seçib izlədikləri üçün daimi oxucularımıza minnətdarlığımızı bildiririk. Jurnalımız haqqında konstruktiv rəyinizi və maraqlı şərhlərinizi hər zaman paylaşmaqdan çəkinməyin. Sizin gözləntilər haqda ürək sözləriniz bizə bir ismarıcdır. Bu ismarıc bizə, sizlər üçün daha faydalı və maraqlı mövzular təqdim etməkdə yardımçı olacaqdır.

Əlbəttə ki, bizə olan etibarlarına və davamlı əməkdaşlığa görə xüsusi sponsorlarımıza təşəkkürümüzü bildiririk. Onların dəstəyi sayəsində gələcəkdə də fəaliyyətimizi uğurla davam etdirəcəyimizə inanırıq.

Biz fəxrlə qeyd edə bilərik ki, bugünün müasir və təvazökar qadınlarını maraqlandıran müxtəlif mövzuları işiqlandırırıq. Jurnalımız mütəmadi olaraq sizinlə moda dünyasındakı son tendensiyalar, mətbəx reseptləri, uğurlu qadınlarla müsahibələr, analıq və körpələrə qulluq məsləhətləri, incəsənət xəbərləri və bir çox digər mövzularda məqalələrlə paylaşır.

Əlbəttə, jurnalımızın özəlliklərindən biri də onun bu sahədə elə də çox olmayan elektron jurnallardan biri olmasıdır. Məhz belə format, jurnalın daha dinamik fəaliyyətinə yardım etməklə yanaşı oxucularla təması asanlaşdırır. Çox istərdik ki, məqalələrinizi göndərməklə yanaşı, dərc olunan yazılarla bağlı öz fikirlərinizi bildirəsiniz, ideyalarınızla bölüşəsiniz. Ümidvarıq ki, ünsiyyət nəinki dərc olunmuş materialları müzakirə etmək imkanı yaradacaq, həm də oxucularımıza yeni məqalələrin yazılması üçün stimul verəcək, sterotiplərdən uzaq olmaqda yardımçımız olacaq.

Komandamız hər zaman yeni hədəflərə doğru irəliləməyə hazırdır və biz artmaqda olan təşəbbüskarların və sponsorların sayına hər zaman sevinirik. Biz yaradıcı və yeni ideyalara daima açığıq. Bu səbəbdən, iddialı və dinamik təşəbbüskarları komandamıza qoşulmağa dəvət edirik.

Bizimlə hər hansı mövzuda birbaşa əlaqə yaratmaq üçün hello@zuleykhamagazine.com ünvanına yazmağı təklif edirik.

Hamınıza faydalı və xoşbəxt həyat, özünəgüvən və sevgi arzulayıram.

“Zuleykha” jurnalının təsisçisi və baş redaktoru
Lalə Mirzəyeva

redaktordan

Şərhlər

Menyu