Partnyorla doğuş haqda analar arasında sorğu

5550735

Hamilə qadınlar arasında ən qaynar mövzulardan biri partnyorla doğuş mövzusudur. Partnyor istənilən yaxın insan ola bilər: həyat yoldaşı, ana, bacı, xala, bibi, rəfiqə hətta qaynana. Sözsüz ki, partnyor doğuş hamilə qadının öz seçimidir. Bəzi cütlüklər bu növ doğuşun onlara uyğun olub-olmamağını individual şəkildə təyin edirlər. Bəzi xanımlar yoldaşlarından utandıqlarını bildirərək partnyor doğuşdan imtina edirlər, bəziləri o çətin anda yanlarında daha çox analarını, bəziləri analarına rəhm edib qaynanalarına üstünlük verirlər, lakin ən mehriban və dünyada ən populyar partnyor qismində sözsüz ki, həyat yoldaşlarıdır.

Analar bizimlə partnyor doğuş haqqında öz fikir və təəssüratları ilə bölüşdülər:

“Artıq iki dəfə yoldaşımla möhtəşəm partnyor doğuşu təcrübəsi yaşamışıq və yoldaşımdan başqa heç kiminlə doğuşa getməzdim. Ailəmizdə bu cür möhtəşəm hadisə baş verir və yoldaşımın mənimlə olması mütləqdir”.

“Mən bu cür doğuşa əla baxıram və özüm də partnyor doğuş olsun istəyirəm. İnternetdə bu haqda videoya baxmışam. Videoda bildirlir ki, ərin doğuşda iştirak etməsinin çox müsbət təsirləri var. Ata övladının doğulduğu görür, qucağına alır və nəticədə uşağa qarşı atalıq hissləri daha tez oyanır. Lakin körpəsini sonradan görən atalara körpələrinə uyuşmaq üçün daha çox vaxt tələb olunur. Bu video doğuşa yoldaşımla getməyə qərara almağımıza təkan verdi”.

“Mənə partnyorla doğuş çatmır. Xüsusən yoldaşımla aramızda pərdə olduğundan, çox utanıram. Amma bu cür doğuşu seçənlərə pis baxmıram, cünki qadının ən çətin anında dəstəyə ehtiyacı var. Şəxsən anamın yanında olmasına üstünlük verərdim”.

“Bu cür doğuşa müsbət baxıram və müsbət baxmayanları da qınamıram. İnşallah doğuşumda yoldaşımın yanımda olmağını planlaşdırırıq, amma ən gözəl planlaşdıran Allahdır. Mənim qədər onun da övladıdır, qoy ən azından çəkdiyimin 50 %-ini çəksin”.

“Doğuş sancısı zamanı özüm nə qədər özümü massaj edirdimsə də, ağrı keçmirdi. Lakin həyat yoldaşım əlini ağrı olan nahiyyəyə qoyan kimi sancım kəsirdi”.

“Məncə kişininin doğuşda iştirak etməsi yaxşıdır. Qoy çəkdiyimiz əziyyətdən xəbərdar olsun”.

“Mənim doğuşuma anam girmişdi, ana ilə çooox rahat olur, lakin həyəcandan təyziqi qalxmışdı”.

“Partnyorla doğuşa yaxşı baxıram, lakin fikirləşirəm ki, hər kişi ona dözə bilməz”.

“Mən heç kimi istəmirəm və 1-ci doğuşumda heç kimi görmək istəmirdim. Yoldaşımı isə ümumiyyətlə öldürmək istəyirdim”.

“Mən partnyorla doğuşa yaxşı baxıram. Amma yoldaşım qorxdu. 1-ci doğuşumda sancı çəkəndə qaynanam yanımda idi,sağ olsun çox dəstək oldu! Doğuş vaxtı isə zalı tərk etdi. O yanımda olduğuna görə yüngülləşirdim. Amma yazıq bir təhər oldu, hətta ağladı da. Indiyə kimi özünə gələ bilmir.”

“Yoldaşım lap əvvəldən sona kimi yanımda idi. Körpəmiz doğulan an hətta ağladı. İndiyə qədər mənə təşəkkür edir çəkdiyim əziyyətə görə. Yoldaşım mənə övladımın ilk doğulan saniyələrindən indiyə kimi mənə çox kömək edir. Allah hər kəsin balasını qorusun. AMIN”.

“Ən azından sancı zamanı yoldaşımın yanımda olmasını istərdim. Mən tək palatada sancı çəkirdim, tibb bacıları isə həmin vaxt yatırdılar. Gecədən səhərə kimi tək-tənha, heç mobil telefonumu da içəriyə keçirməyə icazə verməmişdirlər. Hələ də yadıma düşəndə ürəyim sıxılır. Belə hallar adamın psixikasına çox təsir edir. Anamın yanımda olmasını çox istərdim lakin, ana balasının bu cür vəziyyətinə dözməz. Mən doğuşa gedəndə heç anama deməmişdim. Doğuş qurtarandan sonra dedik. Qaynanam mənim qışqırtımı eşidib pis olurdu, anam heç dözə bilməzdi”.

“Mən yoldaşımla birgə getmişdim doğuşa lakin yanında doğa bilmədim. O otaqdan çıxandan sonra doğdum. Partnyorla doğuşa yaxşı baxıram, amma yenə də baxır səninlə gedəcək insan necədir. Anama qıymaram. Hamiya fəsadsız doğuş və sağlam körpələr dünyaya gətirməyi arzu edirəm”.

“5 il həsrət çəkdikcə mən düşünürdüm ki, bizim də bir övladımız olsun və mən də onun sancılarını çəkim. Sevə-sevə, qorxmadan.. Amma alınmadı sırf balamın xətrinə əməliyyata girdim. Amma yoldaşımın yanımda olmasına icazə verməzdim. Ay yanımda olsun, ay əlimdn tutub mənə dəstək olsun kimi sözlər, fikirlər qulağa, ürəyə nə qədər xoş gəlsə də məncə belə olmasa daha yaxşı olar:) Həm də mən həm ona, həm də özümə görə heç istəməzdim ki, o üzülsün, narahat olsun, sıxılsın. Bilməyəcəkdim öz hayıma qalım, yoxsa onun narahatçılığını çəkim. Yanımda istərdim anam olsun. Heç onun da sıxılıb, narahat olmasını istəməzdim, amma bu elə bir duyğudur ki, daha güclü basır. Hər ikisini də sevirsən, ikisinin də sənə arxa olduğunu, dəstək olacağını bilirsən, amma birini üzülməsin deyə buraxmırsan, digərini isə üzüləcəyini bilə-bilə yanında istəyirsən. Nə bilim izahı olunmaz bir şey. Qısacası yoldaşımı da yanımda istərdim, amma buraxmazdım”.

“İstəsəydimsə də, yoldaşımın məminlə doğuşa girməyi qeyri-mümkün olardı. Cünki, o halda mən yaddan çıxacaqdım, bütün həkimlər yoldaşımı ayıltmağa çalışacaqdırlar. Hələ mən qeysəriyyə əməliyyatına gedirdim, o artıq özündə deyildi”.

“Yaxşı olardı ki, qadınlar da öz kişilərini tanıyıb ona uyğun hərəkət etsinlər. Şəxsən mənə əksəriyyət məsləhət görmədilər ki, yoldaşın iyrənər və s.. Amma özüm oturub onunla müzakirələr apardıqdan və doğuşdan sonra anladım ki, partnyorla doğuş əsl bizlikdir”.

“Mən bacımın doğuşuna girdim, yanında oldum. Qorxmağa imkan vermədim. İndi də deyir, “ nə yaxşı tək olmadım”. Amma həkim “güc ver” dedikcə o da həkimə qışqırırdı, “elə bilirsən asandııııııı?! Verirəm də!”

Hazırladı: Səltənət Zülfüqarova/ Əmizdirmə məsləhətçisi
Mənbə: VİBaby

Şərhlər

Menyu